29.12.2011

Silah-pul









Deyirlər qədimlərdə, insanlar natural təsərrüfatla məşğul olduqları zaman bir dövr də olub ki, adamlar bir-birlərindən mal alarkən əvəzinə silah veriblər. Məsələn, otuz ox başlığı verib, tutaq ki, quzu alırlarmış və s.

İnsanın təkamülü onu həm də vəhişilikdən uzaqlaşdırır, daha sivil edir. Sivilləşdikcə də pul ortaya çıxdı və insanlar yavaş-yavaş silah əvəzinə puldan istifadə etməyə başladılar. Əslində pul elə təxminən silahın gördüyü işi də gördü. Pulla qorxutdular, pulla nəsə aldılar, pulla öldürdülər, ya da öldürmədilər...

27.12.2011

İctimailəşməlimi, ictimailəşməməlimi?










O gün Facebook`da bir xəbər paylaşdılar: Slavyan Universitetində 3-cü prezidentin xatirə mərasimi vaxtı bir tələbə gülüb və rektor elə oradaca onun universitetdən qovulması barədə göstəriş verib. Dalğa Gənclər Hərəkatının fəalı Pərviz Əzimov foto kimi paylaşdığı bu xəbərə universitetin telefon nömrələrini də əlavə etmişdi. Bir çox gənc, elə mən özüm də o nömrəyə zəng vuraraq bu xəbərin doğru olub-olmaması ilə maraqlandım. Dəstəyi götürən şəxs artıq çox adamın bununla bağlı zəng vurduğunu dedi. Sonra xəbəri təkzib etdi və bildirdi ki, elə bir şey olmayıb. Mənim kim olmağımla maraqlandı. Ad-soyadımı dedim, sadəcə bir vətəndaş olaraq maraqlandığımı söylədim. Universitetin bir çox tələbəsi isə Facebook`da bu əhvalatın baş verdiyini, amma ictimai fəalllıqdan sonra qovulan tələbənin tez bir zamanda bərpa olunduğunu dedi.

Hətta qovulan tələbənin adını da yazmışdılar, sonra pozuldu, yəqin artıq təhlükənin sovuşduğunu görən gənc vətəndaşımız öz adının hallanmamasını istəyib. Normaldı, anlaşılandı. Amma o özü də başa düşüb ki, ictimai reaksiyanın ona necə xeyri dəyib.

24.12.2011

50 metrlik tortu camaata necə yedirtməli?

Sumqayıtın icra başçısı Eldar Əzizov əvvəllər eyni vəzifədə işlədiyi zaman Gəncədə yaratdığı ənənəni Sumqayıtda da davam etdirir. Hər il ölkə başçısının ad günü hakimi olduğu şəhərin baş meydanında böyük tortu kəsir. 


Videodan da gördüyünüz kimi, o bunu iş adamların təklifi kimi təqdim edir. Ola bilər. İş adamlarının siyasətə qarışmaları bilinən və qəbul olunan təcrübədir.

Həm də yaxşı bir işdir, nə qədər vətəndaşımız sevinir, evinə tort aparır.

Məni maraqlandıran isə başqa məsələdir. İnsanlarımızın torta necə daraşması istər-istəməz hamımızda təəssüf doğurur. Amma nə etməli, insanın təbiəti belədir. Elə hər yerdə belədir. Nəyisə ucuz, mümkündürsə lap müftə əldə etməyi yer üzündəki insanların demək olar ki, hamısı istəyir.

23.12.2011

Musiqisini yazdığım qısametrajlı filmlər


Yalançılar (2008)

Ssenari - Nadejda İsmayılova,
Rejissor - Əbdülqəni Əliyev
"Butafilm"


*   *   *

Ərəb rəqsi


video

Yəqin ki, çoxunuz Youtube, həmçinin sosial şəbəkələrdə yayılan bu videonu görmüsünüz. Mən bu günlərdə uşaqlıqda sevimli kitablarımdan biri olan Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabını yenidən vərəqləyərkən İraqda yaşayan "göl ərəbləri"nin məişət və əyləncələri ilə bağlı maraqlı bir məlumatla rastlaşdım. Deyəsən orada bəhs olunan "hausa" rəqsi ilə bu videodakı arasında bənzərlik var.

17.12.2011

Segah İslam

video

Deyilənlərə görə keçmiş xanəndələr arasında Segahı ən yaxşı İslam Abdullayev (1876-1964) oxuyarmış. Bu məharətinə görə hətta ona "Segah İslam" deyərlərmiş.

Seyid Şuşinski:
"İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən Segah oxumazdıq."

Qurban Primov:

15.12.2011

"25-ci kadr" jurnalının 4-cü sayı















İnkişaf etmiş insanın özünə bənzər canlılardan - inkişaf etməmiş insanlar və heyvanlardan bir fərqi də onun mənəvi qidaya olan ehtiyacıdır. İnsanlar mənəvi qidanı müxtəlif dövrlərdə müxtəlif cür alıblar. Nə zamansa qayada qazılmış şəkilə baxıblar, sonra inək dərisinə çəkilmiş rəsmə... bir müddət sonra kitablardakı incə miniatürlərə və divarlardakı tablolara, son əsrlərdə isə bu siyahıya ən son yeniliklərdən biri - fotoqrafiya əlavə olunub.

11.12.2011

Əli Əkbər - "Sarı Gəlin"

Əli Əkbərin "Sarı Gəlin" romanından diqqətimi cəlb eləyən, aktual mövzulu diskussiyanı sizinlə paylaşmaq istəyirəm:











Toyxanada baş verənləri zalda quraşdırılan 12 kameranın ötürdüyü görüntülərdən və əlavə olaraq, toyu çəkən AtTV-nin 4 kamerasından izləyən Dayandur müəllim, “Dionis”dəki xüsusi kabinetdəki kreslosuna yayxanmışdı, Nüsrətin sevimli viskisindən içirdi. Soruşdu:
- Nə danışırlar?
- Deyəsən narazıdılar.
Dayandur müəllim bir qədər fikirləşib dedi:
- Sən gözdə-qulaqda ol. Ayağa duran olsa, bizimkilər dallarıyca getsin. Tualetdə də başlarının üstündə dayanın. Solçuların stolundan da maraqlı xəbərlər gəlir. Meyxana dəyişməsi gedir, – Dayandur güldü. – Nə isə. Diqqətli olun.
Erkin əsəbi halda yerində qurdalandı. Gözlərini qıyıb Rufizə baxdı:
- Vətənpərvərliyin bura nə dəxli?
- Necə yəni nə dəxli? Nüsrət müəllimin vətən üçün elədiklərinin bir faizini siz eləmisiz? Hə? Eləmisiz?
- Xahiş edirəm, spekulyasiya eləməyin də. Nədir e vətənpərvərlik? Özün it günündə yaşasan da, acından ölsən də fəxr eləməlisən ki, belə gözəl toyxanalar, Nüsrət müəllim kimi milyonerlər var? Bu nə məntiqdi? Sevinək ki, kimlərsə villalarda yaşayır, iki yüz minlik maşınlar sürür? Budur vətənpərvərlik? Siz bununla fəxr edirsiz? Sənə və xalqa aid olmayan bir şey, sənin vətənpərvərlik hisslərini niyə qabartmalıdı, başa düşə bilmirəm!

10.12.2011

1news.az`ın xalqın uşağını danlaması













Dünən gecə "Afişa" jurnalında Səriyyə Əliyeva adlı bir azərbaycanlı qızın fikirlərini oxudum. Jurnalın layihəsinə əsasən keçmiş SSRİ respublikalarının hər birindən imperiya dağılan il doğulmuş bir gəncin dünyagörüşü öyrənilir. Azərbaycandan isə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin  tələbəsi Səriyyə Əliyeva öz düşüncələrini oxucularla bölüşüb. Müsahibəni oxuyarkən onun barəsində məndə ən adi, sıradan azərbaycanlı gənc qız təəssüratı yarandı. Heç kimdən çox fərqlənməyən, 1-2 qlamur kitab (Coelho-filan) oxuyan bir qız. Doğrusu, buna da sevindim ki, nə yaxşı bizdə 3-4 dil bilən, ya da ümumiyyətlə, dil bilən adam qalıb. Çünki şəhərə çıxanda bəzən insanların danışığını başa düşə bilmirəm. Nəsə bir-birlərinə qışqıraraq "Əəə.. Eee.. İuu.. Mau.." formasında bir şeylər deyirlər. Ona görə də Səriyyənin kiməsə bir az səthi görünə bilən müsahibəsini oxuyanda ağlımdan "əlbəttə, daha proqressiv fikirlər eşitmək yaxşı olardı, amma buna da şükür" düşündüm və səhifəni bağladım.

Səriyyə müsahibəsində nələr deyirdi:

9.12.2011

Internet & TV








Mən İnternet-Televiziyalarla bağlı nə hökumətin əndişəsini, nə də bu əndişədən narahat olanları anlamıram. İnternet televiziyası ideyasının özü ümumiyyətlə nəsə inandırıcı görünmür. Çünki internet eyni zamanda o qədər fərqli formatda informasiya vermək imkanına malikdir ki, onun yanına televiziya kimi köhnəlmiş ifadə və ya anlayışı qatmağı doğru saymıram.

Bu gün internet portallar əsridir. Bir portala girərkən eyni zamanda sənə təqdim olunan variantlardan istədiyini seçə; xəbəri oxuya, xəbəri dinləyə, ya da xəbərə baxa bilərsən. Bu ümumiyyətlə xəbərə, informasiyaya yeni baxışdır, bəlkə də 3D baxışıdır.

Televiziya anlayışı isə artıq köhnəlib. Youtube televiziyadan daha maraqlıdır, demək olar ki, istədiyin informasiyanı tapa bilərsən. Hətta bu informasiyanı qəbul edəndən sonra sənə ona bənzər başqa informasiyalar da təklif olunur. Bu azmış kimi özün də istədiyin informasiyanı ora əlavə edə bilirsən. Elə ona görə də bu gün uğurun sirri və yolu internetdən (Youtube, Facebook və s.) keçir.

3.12.2011

Şərt və şum

İctimai problemləri düşünən hər bir insanın bu problemlərin həlli barədə müəyyən istəkləri, gözləntiləri olur. Bir çox hallarda insanlar kütlə barədə utopik arzularla yaşayır. Məsələn, istəyirlər ki, hamının kitab oxuduğu, yeri zibilləmədiyi cəmiyyətdə yaşasınlar. Bəziləri hamının həftə sonu teatra gedərək bu biçim mədəni istirahət etməsini, mənəvi ehtiyacını yalnız yüksək incəsənət nümunələri ilə qidalanaraq ödəməsini istəyir. Ya bir kəsim iddia edir ki, hamı öz hüququnu bilməli və onu qorumalıdır və s.

Çox güman ki, kütlə barədə ümumiləşdirilmiş arzu, istək və gözləntilər totalitar düşüncənin məhsuludur. (Bu arzu və istəklərin müsbət olması isə sadəcə bu fenomenin həm də paradoksallığı faktını gücləndirir.) Baxmayaraq ki, özüm də bir zamanlar belə düşüncələrdə bulunmuşam, amma indi bunu yanlış sayıram.

Fəqət problemsiz də yaşamaq mümkün olmur. :) O zaman fikrimcə biz kütlənin konkret durumunu deyil, onun fəaliyyət göstərdiyi, ya da ona təqdim olunan şərtləri qarşımıza problem olaraq qoymalıyıq.

18.11.2011

"Ümummilli Lider Qanunu" barədə












Milli Məclisə yeni qanun layihəsi çıxarmaq istəyirlər. Deyilənlərə görə layihə "Ümummilli lider barədə qanun" adlanmalıdır. Yəqin ki, artıq sizə hər şey bəllidir. Qanunu təqdim edənlər bu məsələnin ictimaiyyət tərəfindən müzakirə olunmasını istəyiblər. Bunu nəzərə alaraq bir vətəndaş kimi münasibətimi bildirmək istəyir, başqalarının da bu müzakirəyə qoşulmasını arzu edirəm.

XXI əsrdə bu cür iş görmək - yəni şəxsiyyətə pərəstişi rəsmiləşdirmək çox gecikmiş addımdır. Şəxsiyyətə pərəstiş XX əsrin 1-ci yarısı gündəmdə olub. Totalitar hakimiyyətlər (SSRİ, Nasist Almaniyası, İtaliya, Türkiyə və s.) üçün kütlələri bu cür idarə etmək daha asan idi. Xalqın gələcək rifahını liderin ətrafında sıx birləşməkdə görürdülər.

Məncə indi bu məsələ ən azından dəbdən düşüb. Bir ətrafımıza baxaq, şəxsiyyətə pərəstiş deyəndə hansı ölkələr yada düşür? Türkmənistan, Şimali Koreya, Özbəkistan, ərəblər-filan... :)

17.11.2011

Üzeyir Hacıbəyov - Firuzənin ariyası

Kompozitor Üzeyir Hacıbəyov ömrünün son illərində "Firuzə" adlı opera yazmağa başlamışdı. Amma təəssüf ki, əsəri tamamlamadan dünyasını dəyişdi. Operanın bitmiş parçalarından biri Firuzənin ariyasıdır. (Ariyanı həm də Hacıbəyovun son əsəri hesab edirlər.)
Bu musiqini çox sevirəm. Dinləyən kimi böyük həyat təcrübəsi olan və ömrünün get-gedə həssaslaşan dövrünü yaşayan biri tərəfindən yazıldığını duymaq olur. Eyni zamanda çox işıqlıdır. Həm də bu musiqini Hacıbəyovun musiqi axtarışlarının gözəl nəticələrindən biri saya bilərik.

İfa edirlər:
Fidan Qasımova və Azərbaycan Radio və Televiziyasının Simfonik Orkestri.
Dirijor Ramiz Məlikaslanov

video

Səs yazısını əldə etdiyim səhifə - http://uzeyir.musigi-dunya.az/az/fonoteka.html


26.09.2011

XIX əsrdə şəbeh mərasimi















Bu yaxnlarda Firidun Şuşinskinin "Azərbaycan Xalq Musiqiçiləri" (Bakı, "Yazıçı" 1985) kitabını oxuyarkən XIX əsr azərbaycanlılarının (ya da proto-azərbaycanlılarının) mədəniyyətləri və məişətləri barədə maraqlı faktlara rastladım. Düşündüm ki, bunu köçürdüm və paylaşım, bəlkə məndən başqa kimlərəsə də maraqlı oldu. (Mərhum F.Şuşinskinin bəhs etdiyi rəssam və onun əsərlərini də internetdən tapdım ki, hər şey daha aydın olsun.)

[...]
Beləliklə, Şuşa şəhəri XIX əsrin sonunda musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Şuşada musiqi məktəbinin yaradıcısı məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) idi. Xarrat Qulu məclisə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyəsini keçirmək üçün onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi.
[...]
Azərbaycanın hər yerində olduğu kimi Şuşada da din xadimlərinin təhriki ilə dini mərasimlərə ciddi hazırlıq görülürdü. Hələ məhərrəmliyə üç ay qalmış cavanlar əllərində məşəl qapı-qapı evləri gəzər, pul yığardılar. İrandan xüsusi mərsiyəxanlar, dərvişlər dəvət edilərdi. Beləliklə, bir ay davam edən məhərrəmlikdə məscidlər qiymətli xalılarla döşənər, axund və mollalar məscid və təziyələrdə çıxış edərdilər. Şəhərin tamahkar tacir və xanzadələri də öz evlərində təziyə qurdurar, mərsiyə oxutdurardılar. Bu dini mərasim on gün davam edən aşura dövründə daha daha gərgin şəkil alardı: emalatxanalar, dükanlar bağlanar, hamı məscidlərə cəlb olunardı.

Qoy hamı foto çəksin!








Əməkdar bloqqer Turxan Qarışqa hamının foto çəkməsindən narazı imiş. Nəinki narazı, adam əməlli-başlı hirslənib. Başa düşüləndir, yəqin hansısa foto çəkənin qeyri-peşəkarlığı Turxan bəyə şit təsir bağışlayıb deyə bloqunda bu məsələyə əl bulayıb.

Amma mən onun fikirləri ilə qəti razı deyiləm.

Əvvəla, həqiqətən də son illər fotoqrafiya ilə maraqlananların çoxalması müşahidə olunur. Amma biz buna yalnız sevinməliyik. Deməli uzun onilliklərdən sonra insanlarımızda yaradıcılıq ehtiyacı baş qaldırıb. (Təbii ki, mən "insanlarımız" deyəndə istənilən cəmiyyətin lokomotivi olan GƏNCLİYİ nəzərdə tuturam.) Yaradıcılığın da ən asan ifadə vasitələrindən biri foto çəkmək olduğu üçün bu işlə maraqlananların sayı artıb.

Qoy hərə əlinə bir fotoaparat alsın. Qoy hamı foto çəksin.

Onsuz da 1-2 il sonra onların biri həkim, o biri hüquqşunas, bir başqası iqtisadçı olacaq. Amma foto çəkməyi bacaran, ümumiyyətlə azca da olsa incəsənət, yaradıcılıq ehtiyacı olan həkim, hüquqşunas, ya da iqtisadçı bu ehtiyacı hiss etməyən kolleqasından daha çox xeyirlidir, daha çox lazımlıdır!

11.09.2011

skp

8.09.2011

Doğulmamış bacıların qisası











Deyirlər Azərbaycanda oğlan uşaqlarının sayı get-gedə çoxalır. Əsas səbəb də qız uşaqlarının valideynlər tərəfindən abort edilməsidir.

İnsanlar çox güman ki, öz qızlarının gələcəyindən narahat olduqları üçün onların doğulmasını istəmirlər.

Nədən narahatdırlar? Yəqin ki, qızların bu cəmiyyətdə necə baş çıxaracaqlarından.

Bəs bu cəmiyyəti təşkil edənlər kimdi? Elə özləri.

Demək bizim insanlar öz qız balalarını elə özləri kimilərdən qorumaq məqsədi ilə məhv edirlər.

Bu işin axırı pis qurtaracaq, camaat.

Oğlanlar o qədər çoxalacaq ki, axırda əks-cins çatışmazlığından homosexual olacaqlar.

Beləliklə də öz qızlarını öz mentalitetlərindən qoruyan valideynlərin oğulları mentalitetə yad sayılan işlə məşğul olaraq dolayısı ilə doğulmamış bacılarının qisasını alacaqlar.

Alın, bu da sizə karma.

31.08.2011

"rayon" yoxsa "el"? (konstruktiv təklif)












İnzibati ərazi vahidi kimi "rayon" sözünü heç vaxt bəyənməmişəm. Mənə elə gəlir ki, bu sözü dəyişdirməyin zamanı çoxdan gəlib çatıb.

Məncə "el" sözü daha çox məntiqlidir, nəinki "rayon". Oxşar praktika Türkiyədə də var - "il".

Biri var deyəsən tutaq ki, "Ağcabədi rayonu" - adamın yadına nəsə polis-filan, icra strukturu, "tərəfimizdən ... aşkar edilmişdir", "barəsində həbs qəti imkan tədbiri" kimi kəlmələr düşür.

Biri də var deyəsən "Ağcabədi eli". Aha, bu dəm yadımıza düşən nəsə səfalı bir guşə,

26.08.2011

İran səfəri (2007)

2007-ci ildə İrana səfər etmiş və o zaman əməkdaşlıq etdiyim, Azərbaycan mətbuat tarixində şərəfli bir iz buraxmış "Alma qəzeti"ndə (2007, Aprelin 7,14,21 və 28-i saylarında) səfər təəssüratlarımı yazmışdım.
Bu yaxınlarda bir dostumuz İrana gedəcəyini bildirib məndən o ölkə barədə məlumat almaq istədi. Qəzetin saytındakı arxivləri eşələyib İran səfərimlə bağlı 4 hissəyə bölünmüş yazını tapdım, qərara aldım ki, həm də sizlərlə paylaşım. Düzdü, son 4 ildə dünyada da, İranda da xeyli dəyişiklik olub, amma elə şeylər var ki, onlar yüzillərlə dəyişmir...

I Savaşdan öncəki İran

 Qanı təmiz olmayan İrana gedə bilməz
   

Əvvəllər İran vizasını almaq çox rahat idi; bu gün pasportu verirdin konsulluğa, sabah vizanı alırdın. İndi isə elə deyil. Viza almaq üçün şəhərin iki fərqli məkanında - Yasamaldakı İranın "Qırmızı aypara" cəmiyyətində və Musa Nağıyev adına xəstəxananın həyətində yerləşən AİDS mərkəzində qan analizləri verməlisən. Sonra bir daha gedib analizlərinin cavablarını almalısan, yalnız bundan sonra İran İslam Respublikasının konsulluğuna viza ilə bağlı müraciət edə bilərsən. Elə mənim İran səfərim də bu analizlərin cavabını alarkən tanış olduğum gənc vətəndaşımızla söhbətimizdən başladı. O, Qum şəhərinə ali dini təhsil almağa yollanırdı. Vətəndaşımız İranı elə sevir və elə məhəbbətlə danışırdı ki... nə deyim. Öyrəndim ki, o, iki il bundan qabaq "Gənclik" metrostansiyası yaxınlığında yerləşən hansısa dini mərkəzdə

23.08.2011

"Dəqiq" və "qeyri-dəqiq" xalqlar










Xalqlar barədə stereotiplər var. Məsələn, "almanlar dəqiq xalqdır."

Niyə almanlar dəqiq xalqdır, amma tutaq ki, pakistanlılar yox?

Səbəb çox sadədir - sistem.

Azərbaycanda da heç nə demirəm, nəqliyyat sistemi dəqiq qurulsa, görün bu xalq qısa müddətə necə dəyişir.

Təsəvvür edin ki, evinizin yanındakı dayanacaqdan avtobus dəqiq 14:04-də çıxır və

26.07.2011

Transliterasiya problemi











Latın əlifbası - dünyanın ən qabaqcıl kəsiminin əlifbasıdır. Bizim də bəxtimiz onda gətirib ki, biz o əlifbadan istifadə edirik. Başqa xalqlar kimi, necə deyərlər "ilan-qurbağa" əlifbamız yoxdur.

Amma bir problemimiz var ki, o da xüsusi isimlərin transliterasiyası problemidir.

Transliterasiya - yazının bir əlifbadan başqasına keçirilməsinə deyilir. Biz isə eyni əlifba daxilində transliterasiya ilə məşğuluq. Bir əlifbanın daxilində transliterasiyadan istifadə etmək isə Tağı Əhmədov demişkən "belə çox gülməli"dir.

Bütün latın əlifbası ailəsi bizim Şekspir kimi yazdığımız soyadı öz orijinalında - Shakespeare formasında yazır. Bircə bizik quqqudu kimi Şekspir yazan.

Bəs biz niyə quqquduyuq?

3.07.2011

Soruşmaq feili barədə sual















Mən dilçi deyiləm, qrammatika barədə də biliklərim böyük deyil. Ona görə bəlkə də bilgisizliyimdən yaranan bir sualı qrammatikadan başı çıxan adamlardan soruşmaq istəyirəm. Elə sualım da məhz "soruşmaq" məsdəri barədədir. Məncə bu məsdərdə bir naqislik var.:)

Əvvəla, -uş şəkilçisi əsasən kollektiv görülən iş barədə istifadə olunur - "görüşmək", "qarışmaq", "çalışmaq" və s. Başqa sözlə desək, -uşu kiminsə, ya da kimlərləsə birgə edirsən: "Filankəs görüşdüm", "Filankəs onlarla qaynayıb-qarışdı", Behmankəs çalışdım".

19.06.2011

Unitazdan istifadə qaydaları















Təəssüf ki, [əsasən erkək cinsindən olan] xeyli soydaşımız və həmvətənimiz hələ də bəşər övladının ən böyük ixtiralarından biri - unitazdan istifadə qaydalarını bilmir. Zərəri böyük olsa da, yarısından qayıtmaq şansı var.

Bu mühüm ixtiranın sxemini-zadı çəkib, sizi yormaq istəmirəm. Sadəcə bilənlər bilməyənlərə başa salsın ki, ifrazatın növündən asılı olmayaraq unitaz - üzərində oturaraq istifadə olunmaq üçündür. (Hələ mən demirəm, ayaqüstə ifraz nə qədər və nələrə ziyandır..)

Amma ağıllı adamlar sidik ifrazını ayaqüstə etmək istəyənlər üçün də şərait yaradıblar.

Diqqət etsəniz görərsiniz ki,

14.06.2011

Bəşəriyyəti təəccübləndirəcək kəşf











ŞotIandiyalı sosioloq-alimlər bəşəriyyəti təəccübləndirəcək kəşfə imza atıblar. Onların gəldiyi yeni qənaətə görə cəmiyyətin idarəçilər barədə "onlar yeyib doyublar, başqaları gəlsə daha çox yeyəcək" düşüncəsi kökündən səhvdir.

Alimlərin fikrincə korrupsiyalaşmış idarəçilərin ehtiyac zənbili durmadan genişlənir. Bu genişlənmənin əsas səbəbləri kimi ailə üzvlərinin, dostların çoxalması, başqaları ilə rəqabət və texnoloji yeniliklərdən başqalarından əvvəl istifadə istəkləri göstərilir.

Beləliklə, hakimiyyətə yeni gələnlər əslində daha az yeməyə meyllidir. ŞotIand sosioloq-alimləri bunu obrazlı şəkildə onların "mədəsinin kiçik" olması ilə əsaslandırır.

5.06.2011

Baloğlan Əşrəfov - "Vətəni mən xoşbəxt görmək istərəm" (1999)

video

Musiqisi: Cavanşir Quliyev
Sözləri: Zemfira Quliyeva

Ana torpağımın köksü yaralı
İnsanlar sərgərdan, yurddan aralı.
Talandı onların malı, sərvəti.
Vətəni mən xoşbəxt görmək istərəm..

Köksümə sığmayan bir istəyim var,
Quş kimi göylərə uçmaq istərəm.
Günəş hərarətli məhəbbətim var,
Bu gözəl dünyanı qucmaq istərəm

Qoy səslənsin Şurum, Rastım, Heyratım.
Qoy daha gur olsun sözüm, bayatım.
Bu yolda getsə də qurban həyatım
İnsanları xoşbəxt görmək istərəm...

Mahnını mp3 formatında endirmək üçün.

3.06.2011

Məhrəm-naməhrəm söhbəti














Bir çox dinlər, həmçinin islam, bir-birinə meyli olan insanlara kəbin kağızına qədər uzaq durmağı əmr edir. Nəinki toxunmaq, hətta bir-birlərinə baxmaq da olmaz.

Dinin bu qadağası zaman-zaman cəmiyyətə də sirayət edir, mentalitetə çevrilir. Və sonda görün nə olur:

Fərqli həyat yolları keçmiş, bir-birlərinin zövqünə, əməlinə o qədər də bələd olmayan və indiyədək bir-birlərinin hətta əlindən tutmayan iki insanın kəbinini kəsib, birdən birə... yatağa salırlar!

Başqa sözlə desək, insanlara bir-birinə toxunmaq qadağan olunur, amma bələd olmadığı adamla yatağa girməyə çox müsbət baxılır.

Yuh!

25.05.2011

Eurovision 2012: Vəzifələr



Beləliklə, Azərbaycan müstəqillik dövründəki ən böyük qələbələrindən birini əldə etdi. Bu nə “Lissabonun Sammit şəhərindəki qələbə”dir, nə də iqtisadiyyatla bağlı nağıllar. Eurovision mahnı yarışmasındakı qələbə həqiqətən də ölkənin reklamı baxımından mühüm hadisədir. Artıq avropalılar internetdə məmləkətimizin adını googlelayırlar, onun harada yerləşməsi, hansı məzhəbə qulluq etməsi ilə maraqlanırlar.

Bu müsabiqə ciddi musiqi müsabiqəsi deyil, biznes və siyasət müsabiqəsidir. Bu il bizim bu işlə məşğul olanların daha ağıllı tərpənmələrinin şahidi olduq; Azərbaycana ən böyük xallar İslandiya, San-Marino, Malta kimi az əhalisi olan ölkələrdən gəldi. Bizimkilər yavaş-yavaş başa düşürlər ki, qələbə üçün təkcə pul kisələri yox, iti ağıl da lazımdı. Hətta puldan daha çox ağıl lazımdı. Büdcəsi müftə gəlirlə dolan neft ölkələrində bunu o dəqiqə anlamaq olmur. Amma bütün hallarda, bir daha sübut olundu ki, iqtisadiyyatı güclü olan dövlətdən nə desən çıxar.

Bu qalibiyyətlə çox şey sübut olundu. Sübut olundu ki,

20.05.2011

Üzeyir Mehdizadə barədə









Mən Üzeyir Mehdizadə və onun tipli müğənnilərə ağız büzənləri, onlara həqarətlə baxanları qəti anlamıram. Sanki ölkədə hər kəs Üzeyir Mehdizadəyə həqarətlə baxmaqla öz eqosunu tətmin edir, bununla da özünün qlamur, yüksək cəmiyyətə aid olduğunu göstərir. Doğrusunu deyim, çox süni alınır!

Bəzən yanlış olaraq elə düşünürük ki, hamı Hacıbəyov`a, Qarayev`ə, Mozart`a, nə bilim Raxmaninova qulaq asmalı, bütün günü Van Gogh`la Paul Gaugien (soyadı yanlış olaraq Qoqen, ya da Qogen kimi yazılan rəssam) arasındakı fərqlə bağlı mübahisə etməli, arada da bir-birlərinə mənalı-mənasız baxaraq gülümsəməlidir. Yarımçıqlıq kompleksinə malik insanlar istəyirlər başqaları bunları Dostoyevski`nin qoyduğu problemlərin dartışıldığı söhbətlər başında görsünlər.

Bütün dünyada sənətin art və pop istiqamətləri fərqləndirilir, əksəriyyət popa qulaq asır, incə zövqlülər, intellektuallar isə artla maraqlanır. Amma nəyi dinləməsindən asılı olmayaraq, tərbiyəli və doymuş insanlar bir-birlərini qınamır, ağız büzmürlər.

Bəyəm intibah dövründə bütün Appenin yarımadası Da Vinci`nin rəsmlərinə baxırdı? Yoxsa XIX əsrin ikinci yarısı bütün Hollandiya Van Gogh`u tanıyırdı? 150 il sonra Van Gogh, 500 il sonra Michelangelo barədə danışmağa nə var? Axı bu gün onları bəyənənlər onların dövründə yaşasaydılar, bu dəfə də özlərindən 5-6 yüz il əvvəlkiləri bəyənəcəkdilər...! Çünki öz dövrünün incəsənətini və keçmişin incəsənətini bəyənənlər - bunlar ayrı-ayrı tiplərdir.

Qayıdaq Üzeyirə. Demirəm ki, mən Üzeyir Mehdizadə`ni Üzeyir Hacıbəyov qədər həvəslə dinləyirəm. Amma həvəssiz də dinləmirəm.

Üzeyir Mehdizadə`yə kim qulaq asır? Sadə xalq kütlələri, zəhmətkeşlər. O insanlar ki,

19.05.2011

Özünü ailəndəki kimi hiss etmək











(Mediadakı dostlara müraciət)

Biz Yaxın Şərq deyil, Uzaq Avropayıq.
Murad Köhnəqala

Böyük mədəniyyətlər böyük ölkələrdə, imperiyalarda yaranır. Elə özümüzü götürək - Səfəvi, Osmanlı imperiyaları zamanında Füzuli, Qarabağ xanlığı zamanında isə uzaqbaşı Vaqif yarada bildik. Hacıbəyov, Axundov da böyük imperiyanın - Rusiyanın rəiyyəti idi.

İmperiyalarda müxtəlif mədəniyyətlər bir-birinə qarışır. Cır meyvələrin calağından peyvənd meyvə yetişdirildiyi kimi, mədəniyyətlərin də calağından ortalığa daha güclü mədəniyyət çıxır.

İndi bizim üçün ən məqbul variant Avropa Birliyi "imperiyası"na inteqrasiyadır. Təbii, ora rəsmən üzv olmaq üçün hələ illərlə çalışmalıyıq. Amma bir mühüm məsələdə gecikirik. Bu mühüm məsələ "özümüzü ümumavropa ailəsində hiss etmək"dir.

İnsanlarımızın özünü avropalı hiss etməsi üçün media mühüm rol oynaya bilər. Özü də çox rahatlıqla - qitədəki xəbərləri daha sıx işıqlandırmaqla.

Azərbaycan vətəndaşı Çexiyada, Portuqaliyada baş verənlərin uzaqda deyil, yaxında olduğunu duymalıdır. Hakimiyyət tərəfindən illərlə edilən təbliğat xalqda Avropa barədə yanlış təəssürat yaradıb. Xalq artıq Avropa İttifaqı`nın ya da Avropa Birliyi`nin bizimlə bağlı qərarlarını yad bir qurumun qərarı kimi anlayır. Halbuki elə deyil.

Əlbəttə, insanlarımızın özlərini ümumavropa ailəsində hiss etmələri üçün AB-nin də bir çox addımı şərtdir - məsələn Şengen vizasının sadələşdirilməlidir, nə də olsa biz (lap Qafqaz olaraq) nə Türkiyəyik, nə də Hindistan. Üçü birində uzağı 10-15 milyon əhali var...

Nəsə, uzun sözün qısası, media qurumları Avropa xəbərlərini daha tez-tezdaha yaxından çatdırsa, cəmiyyətə böyük yardım etmiş olar deyə düşünürəm.

9.05.2011

9 May barədə














Nasizm - millətçiyilin yüksək forması idi. Bu axmaq idologiya bir millətin digər millətdən üstün olduğunu vurğulayırdı.

Milli kimliyimizi özümüz seçmirik axı... Təsəvvür edin, sizi qazda boğurlar. Ya da yandırırlar... Yeganə günahınız isə milli kimliyinizdir.

II Dünya Müharibəsi zamanı 70 milyon (!!!) civarında insan bu sərsəm ideologiyaya qurban getdi. Əksəriyyəti də cavan, 20-40 yaşında...

SSRİ-də yaşayan xalqların əksəriyyəti II Dünya Müharibəsinin mahiyyətini anlamadı. Qafqazlılar, orta asiyalılar və bənzər xalqlar üçün bu "nemeslərlə müharibə" idi. Onlar üçün mənfi obraz "faşizm", ya da "nasizm" ideologiyası deyil, milli kimlik idi.

Təkamül pilləkəninin adkevat pilləsinə qədər gəlib çatmamış cəmiyyətlərdə insanların ideologiyaya görə bir-birilə savaşması anlaşılmaz idi. Ona görə də onlar üçün düşmən - "faşizm" ideologiyası deyil, milli kimlik idi.

Yəqin II Dünya Müharibəsinin mahiyyətinin anlaşılmaması səbəbindən SSRİ xalqları sonralar bir-birləri ilə milli zəmində savaşlara girdilər...

Faşizm böyük bəla idi! Getsin, gəlməsin!

9 May - Faşizm üzərində Qələbə bayramınız mübarək!

Sonda sizə "Иди и смотри" filmindən bir hissəni göstərmək istəyirəm (Rejissor E.Klimov, "Belorusfilm", 1985) (18+)



Fotonunın mənbəyi

23.03.2011

Reha Bilge, “1514”


Bir müddət əvvəl Ankarada oxşar mövzulu 3 kitab aldım: Reha Bilge`nin “1514”, İskender Pala`nın “Şah və Sultan” və Reha Çamuroğlu`nun “İsmail” kitabları. Saydıqlarımdan hələ birini, Reha Bilge`nin “1514”ünü oxumuşam. Məndə çox böyük təsir buraxan bu kitabdan öyrəndiklərimi sizinlə paylaşmaq qərarına gəldim.


Əvvəla, müəllif barədə qısa məlumat. Araşdırmacı Reha Bilgə, 1953-cü ildə İstanbulda doğulub, Vyana Universitetinin Siyasi Bilgilər fakültəsini bitirib. Əsasən XV-XVI əsr Osmanlı tarixi üzərinə çalışır.


Əsas öyrəndiyim məsələlər:

15.03.2011

Təxmini dialoq













Vətəndaş: 
- Niyə hüququmu pozursuz?
Hakimiyyət:
- Bacarana can qurban!
- Hər şey bacarıqla ölçülürsə, onda siz niyə ərazi bütövlüyü məsələsində bacarıqsızsınız?
- Siz guya bacaracaqsınız? Axı xalqın dəstəyini qazana bilmirsiniz!
- Bəs siz ərazi bütövlüyü məsələsində beynəlxalq ictimaiyyətin dəstəyini qazanmısınız?
- Ona görə qazanmamışıq ki, düşmənlərimiz beynəlxalq ictimaiyyəti aldadır, mane olur.
- Axı siz də müxalifətin xalqla təmasına mane olursunuz?
- Biz nə edək ki, xalq sizin 1 illik hakimiyyəti "o illərdə çölə çıxa bilmirdik" formasında xatırlayır?
- Elə xalqa bizi bu cür təqdim etdiyinizə görə də sizin hakimiyyətinizi "o illərdə halalca haqqımızı rüşvət verərək alırdıq" formasında xatırlayacaqlar.
- Sən uzatdın ha, adə, tutun bunu basın içəri!


***

Belə çıxır ki, başqalarının səninlə necə davranmasını istəyirsənsə, sən də onlarla elə davran.
Ya da, beynəlxalq ictimaiyyətin səninlə necə davranmasını istəyirsənsə, sən də öz xalqınla elə davran.

Fotonunın müəllifi Abbas Atilay

23.02.2011

Mechanism of the Idolization (2011)


"Mechanism of the Idolization" (Bütləşmənin mexanizmi) əsəri üzərində təxminən üç ay çalışdım.

Əsər simlilər, truba və zərb alətləri üçündür.

Konsepsiya barədə qısaca onu deyim ki, əsərin sonundakı "konflikt" zamanı, simlilərdən fərqli tembrə malik truba və zərb alətləri ifaçısıları səhnədən "qovulur". Səhnədə yalnız eyni tembrli simlilər və dirijordur. Simli alətlərin təzimi, səhnə arxasında isə "qovulmuş fərqli düşüncə" daşıyıcılarının ifası fonunda dirijor bütə çevrilir.

Demək istədiyim budur - bir şəxsin, rəhbərin bütə çevrilməsi üçün başlıca maneə cəmiyyətdəki fərqli düşüncəlilərdir. O fərqli düşüncəlilər cəmiyyətdən təcrid olunduqda rəhbərin bütləşməsi asanlaşır.

Ümumiyyətlə isə, bütləşmə yaxşı hal deyil. Büt olan yerdə inkişaf ola bilməz, çünki büt əlçatmaz görünür. Bütü olan cəmiyyət üzvləri özlərini əvvəlcədən uduzmuş hesab edirlər...

Əsər 29 yanvar 2011 tarixində "Zamanla üz-üzə" layihəsi çərçivəsində Bakıda, Filarmoniyada səslənib.

İfaçılar:
Dövlət Kamera Orkestri,
Rövşən Quliyev (Truba),
Li Ting Chiu (zərblilər)
Dirijor - Bernhard Wulff (Almaniya)





Conception of piece is following:


In my opinion, somebody can become an idol, only when dissidents are
banished from the society. So, in my piece, Trumpet and Percussion are
symbols of dissidence. (In comparison of strings -- masses, common
people, they have different timbres.) In the end of piece they leave
the scene and only after that "the leader" becomes an idol. My message
is simple -- I am against of the idolization and aggression to the
dissent.


Performers:


Rovshan Guliyev - trumpet (Azerbaijan)
Li Ting Chiu - percussion (Taiwan-Germany)
Azerbaijan State Chamber Orchestra
Conductor - Bernhard Wulff (Germany)
Baku Philarmonic Hall,
January 29, 2011



Fotonun mənbəsi

22.01.2011

Azərbaycan necə olmalıdır?



Deyəsən biz "azərbaycanlı necə olmalıdır?" sualının cavabına çox vaxt itirdik. Çox baş sındırdıq... Müxtəlif insanlar müxtəlif təkliflər irəli sürdülər - birimiz dedik "kitab oxusun", o birimiz dedik "yerə tüpürməsin, zibil atmasın", bir başqamız geyiminə lağ etdik, digərimiz toyda oynamasına və s..

İnsan isə hər yerdə insandır - canlıların primatlar dəstəsinin hominidlər ailəsindən bir növ...

Amma yenə gec deyil, gəlin barı bundan sonra "azərbaycanlı necə olmalıdır?" sualı əvəzinə "Azərbaycan necə olmalıdır?" sualı barədə düşünək. Çünki cəmiyyətin xarakterini sistem müəyyən edir, təklif və təqdim olunan sistem necədirsə, insanlar da ona uyğunlaşır.

Beləliklə, Azərbaycan necə olmalıdır?

11.01.2011

Vacib məqsəd!











ANTV-nin Youtube-da yayımladığı "Qadın və internet" sorğusunu izlərkən bir vətəndaşımızın fikirləri diqqətimi çəkdi: yaşlı bir şəxs bizim qarşımıza çox vacib bir məqsəd qoyur: "Elə etməliyik ki, Avropa bizə sayaq gəlsin, biz Avropaya sayaq getməyək."

video

Bu fikirləri təkcə bu şəxsdən deyil, bizim bir çox ziyalılarımızdan, müğənnilərimizdən eşitdiyim üçün neçə gündür bu vacib məsələni düşünürəm.

Ümumiyyətlə, bu adam doğrumu deyir? Biz avropalılara deyil, onlarmı bizə oxşamalıdır? Bir az da dərinə gedək; bu adam bu fikirlərə necə gəlib çatıb? Haradan eşidib ki, Avropaya oxşamaq yox, onları özümüzə oxşatmaq lazımdır?

Nəsə... heç bir fikir beynimə batmır: bəlkə siz deyəsiniz, necə edək ki, Avropanı bizə oxşadaq, özümüz onlara oxşamayaq? Bu kişinin də canı dincəlsin, ziyalılarımızın-müğənnilərimizin də, əlqərəz hamı rahat olsun...

2.01.2011

Əli Əkbərin "Amneziya" romanından seçilmiş cümlələr



Bütün dünyada Paolo Coelho mənasız adamların, qlamur vurğunlarının, psevdointellektual və latent pederastların kumiridir.
***
Metro qarşısında limon satan qaraçıların intellekti nə qədərdisə, bu rusdillilərin də intellekti o qədərdir.
***
İctimai fiqurlar haqqında danışmaq qeybət sayılmır.
***
Oturmaq - bizim leksikonumuzda kafelərdən birinə doluşub kabab yemək, araq içməkdir.
***
Hər xalq öz hakimiyyətinə layiqdir - amma bir şərtlə; əgər həmin hakimiyyəti özü seçib, iş başına gətiribsə.
***
"Xalq demokratiyaya, insan haqlarına, azadlıqlarına hazır deyil" demək çox böyük əxlaqsızlıqdır.
***
Dünyadakı heç bir xalqın qanında rüşvət, yaltaqlıq, qorxaqlıq yoxdur. Qanın tərkibində zülal var, hormon var, eritrosit var...
***
Hakimiyyətdə təmsil olunan bircə nəfər intellektual göstərin mənə. Yoxdur! Ətrafınızdakıların hamısı yaltaq, oğrudur.
***
Axı siz müsəlmanların ümumiyyətlə polemika mədəniyyəti yoxdur. Sizin bütün əks-arqumentləriniz "sən o ayəni, hədisi, alimin sözünü düz başa düşmürsən"dən ibarətdi.