23 02 2012

Rekursiya





Tanıdığım bir adam var. Bir dəfə təsadüfən internetdəki hansısa xəbər saytından "Toyuq əvvəl yaranıb, yoxsa yumurta sualının cavabı tapıldı" başlıqlı xəbər oxuyur. Bu xəbər ona o qədər təsir edir ki, hər gün internetdəki müxtəlif axtarış sistemlərində "Toyuq əvvəl yaranıb, yoxsa yumurta?" cümləsini axtarır. Müxtəlif forumlarda iştirak etmək üçün foruma üzv olaraq, sosial şəbəkələrdə iştirak etmək üçün isə müzakirəni başlayan adama dostluq istəyi göndərərək bu mövzuda müzakirələrə qoşulur, amma bunu sadəcə xəbərin başlığını yazaraq, altda da linki qoyaraq edirdi:

 "Toyuq əvvəl yaranıb, yoxsa yumurta sualının cavabı tapıldı"
http://www...


Bu işi daha tez görmək üçün həmin səhifəni o brouzerinin favoritlərinə əlavə etmişdi. Hər dəfə tez-bazar o başlığı və linki kopyalayır və bunu ya şərh, ya da post kimi xalqa çatdırırdı.

Bu işi görmək artıq onun gündəlik rejiminə daxil olmuşdu. O, daha çox insana bu sualın cavabının tapılması xəbərini vermək istəyirdi.

Günlərin bir günü o, yenə hansısa saytda bu sualın qoyulduğuna rastladı. Tez linki və başlığı kopyalamaq üçün favoritlər bölməsindəki linkə basanda ekranda bu saytın artıq mövcud olmadığı barədə xəbər və üzrxahlıq yazıldığını gördü. Babat pərt olmuşdu. Doğrusu özü də dəqiq xatırlamırdı ki, o xəbərdə hansının daha əvvəl yarandığı və bunun necə bilindiyi sübut olunub.

Bir istəyib ki, təzədən başqa bir mənbə tapsın; çünki hər dəfə o cümləni axtaranda bu sualın cavabini bilmək istəyən camiələrin toplaşdığı saytlarla yanaşı bu cavabın tapıldığını yazan başqa saytlarla da rastlaşırdı. (Əslində o saytlarda da müxtəlif variantlar olurdu; biri toyuğun, o birsi isə yumurtanın daha əvvəl yarandığını sübut edən faktlar ortaya qoyurdu.) Amma sonra vaz keçib.

Nəsə, uzun sözün qısası adamın bu məsələyə həvəsi tam ölüb. Başa düşüb ki, bu sualın cavabı barədə informasiya onun həyatını bəlkə də bir müddət kifayət qədər maraqlı edib, amma artıq bu maraq onu buraxıb. Məsələ maraqsızlaşdığı üçün artıq axtarış sistemlərinə sualı vermək adətini də tərgidib.

Amma bu yaxınlarda eşitdim ki, onu yenidən axtarış sistemlərindən birində görüblər.

Kollajın mənbələri 12.

20 01 2012

Show-business barədə anekdot :)









Vobşeeem.. meşədə dovşan qaçır, arxasınca tülkü, tülkünün də arxasınca qurd. Yol bunları gətirib çıxarır qapalı, dərə kimi bir yerə. 3-ü də bir-birinin üzünə baxır.

Qurd fikirləşir: "dovşanı yeyərəm, tülkünün də işini görərəm, uzağı dovşandan bir az da tülküyə verərəm..." 

Tülkü fikirləşir: "Qurd 100% mənim işimi görəcək, yəqin bir az da dovşandan mənə verər.." 

Dovşan da fikirləşir: "Qurd tülkünün işini mütləq görəcək, amma görəsən məni tək yeyəcək, yoxsa tülküyə də verəcək? Belə də ki, mənim üçün nə fərqi e?"

Nəhayət dovşan qurda deyir: Qurd, bilirəm ki, məni yeyəcən, icazə verərsən sonuncu dəfə mahnı oxuyum? Qurd deyir, oxu. Dovşan bərkdən qışqırmağa başlayanda yaxınlıqdakı ovçu bunları görüb qurdu vurur. Yarımcan qurd düşünür: "Yeməyə dovşanım, işini görməyə tülküm var idi, deyən gərək, nəyinə lazımdı şou-biznes?" :))

Fotonun orijinalının mənbəsi

09 01 2012

Smayllar <\












İstifadə etmək üçün yeni smayllar təklif edirəm. Təbii ki, əgər indiyədək istifadə olunmayıbsa.

29 12 2011

Silah-pul









Deyirlər qədimlərdə, insanlar natural təsərrüfatla məşğul olduqları zaman bir dövr də olub ki, adamlar bir-birlərindən mal alarkən əvəzinə silah veriblər. Məsələn, otuz ox başlığı verib, tutaq ki, quzu alırlarmış və s.

İnsanın təkamülü onu həm də vəhişilikdən uzaqlaşdırır, daha sivil edir. Sivilləşdikcə də pul ortaya çıxdı və insanlar yavaş-yavaş silah əvəzinə puldan istifadə etməyə başladılar. Əslində pul elə təxminən silahın gördüyü işi də gördü. Pulla qorxutdular, pulla nəsə aldılar, pulla öldürdülər, ya da öldürmədilər...

Elə indi də belədir, planetin bir tərəfində insanlar əsasən əllərində silah, başqa tərəfində isə əsasən əllərində pul savaşırlar. Eyni zamanda da bəziləri pulla silah, digərləri silahla pul alırlar.

Beləliklə, pul elə əslində silah olaraq qalır.

27 12 2011

İctimailəşməlimi, ictimailəşməməlimi?










O gün Facebook`da bir xəbər paylaşdılar: Slavyan Universitetində 3-cü prezidentin xatirə mərasimi vaxtı bir tələbə gülüb və rektor elə oradaca onun universitetdən qovulması barədə göstəriş verib. Dalğa Gənclər Hərəkatının fəalı Pərviz Əzimov foto kimi paylaşdığı bu xəbərə universitetin telefon nömrələrini də əlavə etmişdi. Bir çox gənc, elə mən özüm də o nömrəyə zəng vuraraq bu xəbərin doğru olub-olmaması ilə maraqlandım. Dəstəyi götürən şəxs artıq çox adamın bununla bağlı zəng vurduğunu dedi. Sonra xəbəri təkzib etdi və bildirdi ki, elə bir şey olmayıb. Mənim kim olmağımla maraqlandı. Ad-soyadımı dedim, sadəcə bir vətəndaş olaraq maraqlandığımı söylədim. Universitetin bir çox tələbəsi isə Facebook`da bu əhvalatın baş verdiyini, amma ictimai fəalllıqdan sonra qovulan tələbənin tez bir zamanda bərpa olunduğunu dedi.

Hətta qovulan tələbənin adını da yazmışdılar, sonra pozuldu, yəqin artıq təhlükənin sovuşduğunu görən gənc vətəndaşımız öz adının hallanmamasını istəyib. Normaldı, anlaşılandı. Amma o özü də başa düşüb ki, ictimai reaksiyanın ona necə xeyri dəyib.

Bu gün (artıq dünən) isə bir başqa gənc fəal, Nida Vətəndaş Hərəkatının üzvü Orxan Rasimoğlu Rusiya səfirliyinin qarşısında aksiyada iştirakına görə polisə çağrılıb. (Deyilənlərə görə ondan rüşvət də istəyiblər) Bu əhvalatdan xəbər tutan bir xeyli gənc fəal ora yığışdı. Məsələni araşdırmaq üçün bölməyə girməyə çalışan Zaur Qurbanlını da tutub saxladılar. Bir müddət sonra bölmə qarşısında yığışanların sayı artmağa başladı. Çox gecikdirmədən dostlarımız buraxıldı. Şəxsən mənə elə gəlir ki, onların tez buraxılmasının da əsas səbəblərinin biri məsələnin artıq ictimailəşməsi və camaatın ora yığılması idi.

Beləliklə, gördüyümüz kimi, məsələlərin ictimailəşməyi heç də pis nəticə vermir. Əgər problemin ictimai çəkisi varsa, problem ictimailəşməlidir. Elə özümüz də bala-bala ictimailəşməli, sosiallaşmalıyıq. Qədim bir müdrik də deyib ki, insan ictimai canlıdır. Elə həmin müdrikin məntiqindən baxsaq, ictimai olmasaq sadəcə canlı olacağıq. Sadəcə bioloji varlıq, heyvan kimi, ağac kimi filan..

24 12 2011

50 metrlik tortu camaata necə yedirtməli?

Sumqayıtın icra başçısı Eldar Əzizov əvvəllər eyni vəzifədə işlədiyi zaman Gəncədə yaratdığı ənənəni Sumqayıtda da davam etdirir. Hər il ölkə başçısının ad günü hakimi olduğu şəhərin baş meydanında böyük tortu kəsir. 


Videodan da gördüyünüz kimi, o bunu iş adamların təklifi kimi təqdim edir. Ola bilər. İş adamlarının siyasətə qarışmaları bilinən və qəbul olunan təcrübədir.

Həm də yaxşı bir işdir, nə qədər vətəndaşımız sevinir, evinə tort aparır.

Məni maraqlandıran isə başqa məsələdir. İnsanlarımızın torta necə daraşması istər-istəməz hamımızda təəssüf doğurur. Amma nə etməli, insanın təbiəti belədir. Elə hər yerdə belədir. Nəyisə ucuz, mümkündürsə lap müftə əldə etməyi yer üzündəki insanların demək olar ki, hamısı istəyir.

O zaman belə çıxır ki, problem o torta növbəsiz daraşanlarda deyil, növbəni yaratmalı olanlarda, təşkil edənlərdə, buna məsuliyyət daşıyanlardadır. Yoxsa, siz necə icra strukturusunuz ki, o boyda tort bişirə bilib ölkə başçısına sevginizi bildirirə bilirsiniz, amma o tortu mədəni surətdə ölkə vətəndaşlarına çatdıra bilmirsiniz? Sadə xalq kütlələri heç vaxt günahkar olmurlar və günahkar sayılmamalıdırlar. Hansı qayda-qanuna öyrəşiblərsə ona da uyğun hərəkət edirlər.

Nə başınızı ağrıdım, əgər kimsə uzun tort bişirməyi öyrənibsə, zəhmət çəkib onu camaata sivil yolla, ədalətlə çatdırmağı da öyrənməlidir.

Fotonunvideonun ünvanları.

23 12 2011

Musiqisini yazdığım qısametrajlı filmlər

Sizə son illərdə musiqisini yazdığım qısametrajlı filmlərdən bəzilərini (internetdə bulunanları) təqdim etmək istəyirəm, bunu həm də ictimaiyyət qarşısında hesabat kimi paylaşıram.

Ərəb rəqsi


video

Yəqin ki, çoxunuz Youtube, həmçinin sosial şəbəkələrdə yayılan bu videonu görmüsünüz. Mən bu günlərdə uşaqlıqda sevimli kitablarımdan biri olan Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabını yenidən vərəqləyərkən İraqda yaşayan "göl ərəbləri"nin məişət və əyləncələri ilə bağlı maraqlı bir məlumatla rastlaşdım. Deyəsən orada bəhs olunan "hausa" rəqsi ilə bu videodakı arasında bənzərlik var.

17 12 2011

Segah İslam

video

Deyilənlərə görə keçmiş xanəndələr arasında Segahı ən yaxşı İslam Abdullayev (1876-1964) oxuyarmış. Bu məharətinə görə hətta ona "Segah İslam" deyərlərmiş.

Seyid Şuşinski:
"İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən Segah oxumazdıq."

Qurban Primov:

15 12 2011

"25-ci kadr" jurnalının 4-cü sayı















İnkişaf etmiş insanın özünə bənzər canlılardan - inkişaf etməmiş insanlar və heyvanlardan bir fərqi də onun mənəvi qidaya olan ehtiyacıdır. İnsanlar mənəvi qidanı müxtəlif dövrlərdə müxtəlif cür alıblar. Nə zamansa qayada qazılmış şəkilə baxıblar, sonra inək dərisinə çəkilmiş rəsmə... bir müddət sonra kitablardakı incə miniatürlərə və divarlardakı tablolara, son əsrlərdə isə bu siyahıya ən son yeniliklərdən biri - fotoqrafiya əlavə olunub.