9.12.2011

Internet & TV








Mən İnternet-Televiziyalarla bağlı nə hökumətin əndişəsini, nə də bu əndişədən narahat olanları anlamıram. İnternet televiziyası ideyasının özü ümumiyyətlə nəsə inandırıcı görünmür. Çünki internet eyni zamanda o qədər fərqli formatda informasiya vermək imkanına malikdir ki, onun yanına televiziya kimi köhnəlmiş ifadə və ya anlayışı qatmağı doğru saymıram.

Bu gün internet portallar əsridir. Bir portala girərkən eyni zamanda sənə təqdim olunan variantlardan istədiyini seçə; xəbəri oxuya, xəbəri dinləyə, ya da xəbərə baxa bilərsən. Bu ümumiyyətlə xəbərə, informasiyaya yeni baxışdır, bəlkə də 3D baxışıdır.

Televiziya anlayışı isə artıq köhnəlib. Youtube televiziyadan daha maraqlıdır, demək olar ki, istədiyin informasiyanı tapa bilərsən. Hətta bu informasiyanı qəbul edəndən sonra sənə ona bənzər başqa informasiyalar da təklif olunur. Bu azmış kimi özün də istədiyin informasiyanı ora əlavə edə bilirsən. Elə ona görə də bu gün uğurun sirri və yolu internetdən (Youtube, Facebook və s.) keçir.

İnternet TV ilə mübarizə yel dəyirmanı ilə döyüşməyə, İnternet TV ilə məşğul olmaq isə elə o yel dəyirmanı funksiyasını yerinə yetirməyə bənzəyir.

Əgər hökumət fərqli fikrin yayılmasından ehtiyat edirsə, konkret interneti ləğv eləməlidir. Bu isə necə deyərlər beynəlxalq ictimaiyyət arasında abrımızın getməsinə bərabər ola bilər. Təsəvvür edin, xaricə getmisiniz, kimsə sizə sual verir: sizin ölkənizdə internet yoxdur? Bu sualı eşidən adam gərək o dəqiqə yaxınlıqda metro-zad tapıb yerin dibinə girsin və uzun müddət oradan çıxmasın.

İkinci yol isə bizim köhnəlmiş hakimiyyətin özünün modernləşməsi, elə internet əsrinə uyğunlaşmasıdır. (Liberal iqtisadiyyat, müstəqil məhkəmə, şəffaf seçki, sərbəst toplaşmaq və söz azadlığı problemlərinin həlli.) Amma bu problemlər də həll olsaydı, daha nə dərdimiz vardı ki... :)

P.S. Belə də ki, dünyayla ayaqlaşmayanın axırı dünya tərəfindən əlləşdirilmək olur.

Hiç yorum yok:

Yorum Gönder