3.12.2011

Şərt və şum

İctimai problemləri düşünən hər bir insanın bu problemlərin həlli barədə müəyyən istəkləri, gözləntiləri olur. Bir çox hallarda insanlar kütlə barədə utopik arzularla yaşayır. Məsələn, istəyirlər ki, hamının kitab oxuduğu, yeri zibilləmədiyi cəmiyyətdə yaşasınlar. Bəziləri hamının həftə sonu teatra gedərək bu biçim mədəni istirahət etməsini, mənəvi ehtiyacını yalnız yüksək incəsənət nümunələri ilə qidalanaraq ödəməsini istəyir. Ya bir kəsim iddia edir ki, hamı öz hüququnu bilməli və onu qorumalıdır və s.

Çox güman ki, kütlə barədə ümumiləşdirilmiş arzu, istək və gözləntilər totalitar düşüncənin məhsuludur. (Bu arzu və istəklərin müsbət olması isə sadəcə bu fenomenin həm də paradoksallığı faktını gücləndirir.) Baxmayaraq ki, özüm də bir zamanlar belə düşüncələrdə bulunmuşam, amma indi bunu yanlış sayıram.

Fəqət problemsiz də yaşamaq mümkün olmur. :) O zaman fikrimcə biz kütlənin konkret durumunu deyil, onun fəaliyyət göstərdiyi, ya da ona təqdim olunan şərtləri qarşımıza problem olaraq qoymalıyıq.


Məsələn, bizim üçün konkret bir şəxsin şəhərə zibil atması deyil, o zibilin necə, hansı müddətdə təmizlənməsi mexanizmi problem olmalıdır. Qanunların hamı tərəfindən əzbərlənməsi də daha çətin işdir, nəinki məmurların, hüquqşünasların bu qanunlara əməl etməsi. Çünki hamının dalınca qaçmaq, hamını "düzəltmək" sadəcə olaraq mümkünsüz, bunu arzulamaq isə sadəcə sadəlövhlükdür.

Yəqin ki, bizim əsas problemimiz qanun qarşısında hamının bərabər olmamasıdır. Ətrafımızda nə qədər məhkəmələrin ədalətsiz qərarlarını, nə qədər qanunların kağız üstə qaldığını görürük.

Qanun qarşısında bərabərlik isə əslində hamı üçün yaxşı şeydir. Oturursan, kişi kimi şərti birdəfəlik şumda kəsirsən ki, xırmanda yabalaşmayasan.

Qanunların işləməməsi isə pis şeydir. Çünki pis nümunədir. Əgər bu gün hər hansı bir komanda (bizim nümunəmizdə konkret olaraq - hakimiyyət) qanunsuz işlər görürsə, deməli həm də kütləni qanunsuzluğa, qanunun ali olmadığına öyrəşdirir və inandırır. Sabah isə bir də görürsən çərxi-fələk başqa cür dövran etdi və sənin qanunsuzluğa öyrəşdirdiyin kütlə səninlə öyrəşdiyi dildə - qayda-qanundan kənar davrandı. Çünki o, dünyanın işlərini məhz belə anlayır.. Ona isə bunu sən öyrətmisən..

Hiç yorum yok:

Yorum Gönder