26.08.2011

İran səfəri (2007)

2007-ci ildə İrana səfər etmiş və o zaman əməkdaşlıq etdiyim, Azərbaycan mətbuat tarixində şərəfli bir iz buraxmış "Alma qəzeti"ndə (2007, Aprelin 7,14,21 və 28-i saylarında) səfər təəssüratlarımı yazmışdım.
Bu yaxınlarda bir dostumuz İrana gedəcəyini bildirib məndən o ölkə barədə məlumat almaq istədi. Qəzetin saytındakı arxivləri eşələyib İran səfərimlə bağlı 4 hissəyə bölünmüş yazını tapdım, qərara aldım ki, həm də sizlərlə paylaşım. Düzdü, son 4 ildə dünyada da, İranda da xeyli dəyişiklik olub, amma elə şeylər var ki, onlar yüzillərlə dəyişmir...

I Savaşdan öncəki İran

 Qanı təmiz olmayan İrana gedə bilməz
   

Əvvəllər İran vizasını almaq çox rahat idi; bu gün pasportu verirdin konsulluğa, sabah vizanı alırdın. İndi isə elə deyil. Viza almaq üçün şəhərin iki fərqli məkanında - Yasamaldakı İranın "Qırmızı aypara" cəmiyyətində və Musa Nağıyev adına xəstəxananın həyətində yerləşən AİDS mərkəzində qan analizləri verməlisən. Sonra bir daha gedib analizlərinin cavablarını almalısan, yalnız bundan sonra İran İslam Respublikasının konsulluğuna viza ilə bağlı müraciət edə bilərsən. Elə mənim İran səfərim də bu analizlərin cavabını alarkən tanış olduğum gənc vətəndaşımızla söhbətimizdən başladı. O, Qum şəhərinə ali dini təhsil almağa yollanırdı. Vətəndaşımız İranı elə sevir və elə məhəbbətlə danışırdı ki... nə deyim. Öyrəndim ki, o, iki il bundan qabaq "Gənclik" metrostansiyası yaxınlığında yerləşən hansısa dini mərkəzdə
imtahan verib və yalnız indi onun cavabını alıb. Xülasə, belə məlum olurdu ki, "hicran nə qədər uzun olarsa, vüsal o qədər şirin olar". Ona zarafatla Quma getmək və orada müəllimliklə məşğul olan Müslüm Məlakuti ilə
(Təbrizin keçmiş imam-cüməsi. Onun barəsində çoxlu lətifələr var) görüşmək arzusunda olduğumu dedim. Yol yoldaşım "Qumdakı müəllimlər o qədər sadə insanlardır ki, sən ora gəlsən, Məlakuti ilə rahat görüşə bilərsən" dedi...

   İran Astarasında taksi macərası


   İran Astarasında rastlaşdığım hadisələrdən belə qənaət çıxardım ki, dünyada ən fırıldaqçı insanlar buradakı sürücüləridir. Sərhədi keçən kimi, biri mənim başımın üstünü aldı: "Ağa, inşaallah səfəriniz haradı?"Ona Ərdəbilə gedəcəyimi, amma öncə zəng etmək lazım olduğunu dedim. O, zəng edəcəyim nömrəni xəbər aldı. Dedim. Zəng etdi. Məbləği bizim pulla ölçsək, telefonla 2-3 qəpiklik danışdım. Məlum oldu ki, Ərdəbildəki dostum işləri ilə əlaqədar Mazandarandaymış. Hər halda... Onsuz da "Ərdəbil taksiləri"nə gedəcəkdim. Taksi sürücüsündən məni ora neçəyə aparacağını soruşdum:
   - Ağa, min tümənə apararam daaaa....
   - Qardaş, axı bu yol 500 tümənlikdir.
   - 500 tümənlik də telefonla danışdın axı.
   Beləsinə nə deyəsən axı. Getdik. Yol boyu məni inandırmağa çalışırdı ki, indi Ərdəbilə taksi tapmaq çox çətindir, razılaşsaq, məni Təbrizə apara bilər. Məsələn, 50 000 tümənə (Təxminən 50 AZN - ora üçün astronomik baha qiymət). Dedim ki, çox bahadır. Bayram axşamı olduğunu, ev-eşiyini atıb, yola çıxacağına görə belə qiymət oxuduğunu dedi. Onu başa salmağa çalışırdım: "Ay qardaş, elə mən də sənin kimiyəm; bayram axşamını evimdə, arvad-uşağımla deyil, burada - yollarda keçirirəm". Adam guya ki, kompromis variant irəli sürdü: "40 min ver, yolda sərnişin düşsə, onun verdiyi pulu da 40 mindən çıxarıq. Yaxşı, bəs yolda sərnişin düşməsə? Razılaşmadım. Dedim ki, "Ərdəbil taksiləri"nə aparsan bəsdir. Astarada bir yolun kənarına gəlib çatdıq. "Buyur, görürsənmi, taksi-zad yoxdur. Hamı öz evində, eşiyində"-deyərək haqlı olduğunu sübut etməyə çalışdı. "Olsun",- dedim,- "sən məni burada qoy, mən Ərdəbilə qədər bir şey taparam". Maşını saxladı ki, baqajdan çemodanımı götürüm. Çemodanımı götürdüm və ona 1000 tümən verdim. Sağollaşarkən "dayan, Ərdəbil taksiləri başqa yerdə də dayanırlar, vicdanım rahatlıq verməz, gedək, bir ora da baxaq"- dedi. "Tamam"- dedim. Aydındır, elə deyilmi? Bu sürücü məni çıxılmaz vəziyyətdə qoymaq üçün maşını Allah bilir, hara sürüb. Bunu "sən nə bərk adamsan?" deməsindən anladım. "Əvət, öyleyimdir" dedim. "Türkiyəlisən bəyəm?" "Yox."

   İranlılar narahat deyil 

   

Onun dediyi "başqa yer"ə gəlib çıxdıq. Doğrudan da burada taksilər vardı. Özü də beşi birdən. Arxa oturacaqda ər-arvad və uşaq əyləşən taksinin qabaq oturacağında oturmazdan əvvəl sürücüdən mənzil başına neçəyə aparacağını soruşdum. "1500 tümən"... OK, əla. Sürücü arxadakı kişiyə başa salmaq istəyirdi ki, uşağı da bir nəfər kimi hesaba alacaq. O isə sakit şəkildə bildirdi ki, uşağa görə pul ödəməyəcək. Ümumiyyətlə, İran camaatı həmişə sakit və təmkinli görünür. Sanki heç yerə tələsmirlər, hirslənmirlər, nədənsə ötrü narahat olmurlar... Bizim oturduğumuz maşına bir nəfər də yaxınlaşdı. Sürücüyə arxada oturmağa razı olduğumu bildirdim: "Qoy qabaqda otursun, amma tez tərpən". Tərpəndik.

   Bayram yasa qarışıb

   Naharı Ərdəbildə etdim. Əvvəlcə Ərdəbildəki məşhur "Şeyx Səfi" çilo-kababxanasına getmək istəsəm də, sonra fikrimdən daşındım. Kiçik bir yeməkxanaya girdim. Bayram axşamı olduğundan televiziyada verilən mərsiyəyə təəccüb elədim. Təəccübümü mənə rezin kimi ciyər-kabab verən yeməkxana işçisinə də bildirdim. Cavabı belə oldu: "Ağa, bu gün İmam Rzanın şəhid olduğu gündür". Eh, zatən İranda ilin yarısı bu cür matəm günləridir.

   Hamı qabaq cərgədə oturmaq istəyir

   Ərdəbildə "Təbriz taksisi"nə bilet (!) almalısan. Ümumiyyətlə, İranda şəhərlərarası taksi sistemi bizdəki kimi pərakəndə deyil. Şirkətlər və sabit qiymətlər sistemi var. Gəlirsən, adam balası kimi taksiyə bilet alıb, əyləşirsən və "ya Allah" deyib, yola çıxırsan. Qabaq oturacaq üçün bilet aldım və taksiyə oturdum. Arxada bir gənc cütlük əyləşmişdi. Yola düşmək üçün bir sərnişin çatmırdı. Az vaxtdan sonra gəldi. Sən demə, bu adam da qabaqda oturmaq istəyirmiş. Sürücü yerimi arxaya dəyişə bilib-bilməyəcəyimi soruşdu. "Yox"- dedim, Səməd Vurğunun şeiri yadıma düşdü: "Heç yana, heç yerə mən tələsmirəm". Qabaqda oturmaq arzusunda olan həmin adam da inadkar imiş - arxada oturmağa razılıq vermədi. Yenə bir nəfərə ehtiyac var. Nə yaxşı ki, o, tez gəldi. Biletini aldı, arxada əyləşdi, getdik.

   İranlılar niyə qorxmur?

   Yolboyu ara-sıra sürücü ilə söhbətlər edirdik. Söhbət zamanı məlum oldu ki, bu adam Amerikanın İranı bombalayacağından qorxmur. Ümumiyyətlə, səfər zamanı danışdığım adamlardan heç biri Amerikadan qorxmadıqlarını dedilər. Müəyyənləşdirdim ki, bunun 3 əsas səbəbi var:
   1. Bütün müşahidəçilərin fikrincə, əgər bombardman olacaqsa, əsasən Buşəhr və digər nüvə obyektləri bombalanacaq. Güney Azərbaycan tərəfə bomba düşməsi real deyil.
   2. Amerikanın düşməni olan iranlılar "Ya Hüseyn" deyib, döyüşə atılmağa hazırdılar.
   3. Amerika heyranları da qorxmurlar, onlar Amerikanın tezliklə İranı bombalamasını arzulayırlar.

   Sürücü nələrdən danışdı

   - Ağa, Bakı yaxşıdır, yoxsa İran? (Onlar Azərbaycan Respublikasına "Bakı", azərbaycanlılara "bakılılar" deyirlər. Çünki yalnız özlərini azərbaycanlı sayırlar)
   - Heç biri.
   - Niyə? Axı bura ucuzluqdu...
   - Benzini qaldıracaqlar, onda sizdə də bahaçılıq olacaq.
   - Günah Azərbaycanda və Türkiyədədir. Benzini qaldırdınız, indi də bizim hökumət sizi nümunə göstərir.
   * * *
   - Hən baba, görürsən də, 50 kilo vəzni var, bütün dünyaya meydan oxuyur... 
(Mahmud Əhmədnejad barədə) 
   * * *
   - Əşi, onlar elə 30 ildir deyirlər ki, İranı vuracağıq, hələ vura bilmirlər. Biz Əraq (İraq-müəll.)-məraq dəyilux ki...

   Narkotikanı yemək xilas yolu deyil

   Daha keçib, bizim sürücünün yolda danışdığı maraqlı əhvalatı da yazaq getsin: bir neçə il əvvəl bir İran vətəndaşı Azərbaycana gələrkən özünün də xəbəri olmadan cibində günəbaxan tumu boyda narkotik maddə keçirib. Adamı nə onların, nə də bizim sərhədçilər yoxlayıblar. Heç Azərbaycanda da cibindəkindən xəbəri olmayan bu bədbəxt geri qayıdarkən bizim gömrükdə saxlanılıb. Gömrük əməkdaşı onun cibindən çıxan narkotiki mizin üstünə qoyaraq, pul tələb edib. Gözünə döndüyüm iranlı da mizin üstündəki maddəni ağzına ataraq udub. Və ağıllı-ağıllı "hə, indi sübut et, görüm" deyərək, gömrükçünün üstünə "xox" edib. Gömrükçü isə baxışları ilə "guya sən çoxbilmişsən də" deyərək, başını bulayıb və mizin siyirtməsindən yumruq boyda tiryək çıxarıb: "Ala, bu da sübut!" O iranlı bir neçə il Bakı həbsxanasında yatdıqdan sonra geri dönəndə başına gələnləri bu sürücüyə danışıbmış.


   Xülasə, danışa-danışa gəlib çıxdıq Təbrizə.

***
II İnqilablar şəhəri Təbrizdə

Təbriz dünyada az-az şəhərlərdəndir ki, bütün yad kültürlərə qarşı güclü müqavimət gücünə malikdir
Ərdəbildə tanış olduğum gənc Təbriz haqqında belə bir söz dedi: "Təbriz digər Azərbaycan şəhərlərinin arasında ən müstəqildir. Onun Tehrandan demək olar ki, quru asılılığı qalıb". Gördüklərimə əsaslanaraq, deyə bilərəm ki, həqiqətə yaxın fikirdir. Təbriz nəinki İranda, ümumiyyətlə, dünyada az-az şəhərlərdəndir ki, bütün yad kültürlərə qarşı güclü müqavimət gücünə malikdir. Qədim bir məsəl də var: "Təbriz və Şəkidə yəhudi yaşamaz". İranda baş verən inqilabların əksəriyyəti də elə Təbrizdən başlayıb.

Peyğəmbərin pulun üzərindəki hədisi qırğın sala bilər 
  

Bayram axşamı Təbrizə çatdım. Düzünü deyim ki, şəhərdə bayram əhval-ruhiyyəsindən əsər-əlamət yox idi. Novruzun 13 gün keçirildiyi İranda hamı təzə paltar alır. Bayram günlərində şəhərlərdəki kişilərin əksəriyyətini təzə kostyumlarda görmək olar. Qalstuk isə heç kim taxmır. Qalstuk qeyri-rəsmi qadağan olunmuş geyimdir. Səbəbi isə bu geyim növünün şah dövrünə aid hesab edilməsidir. Bizdə də qalstuku qadağan etsəydilər, sevinərdim. Şəxsən mənim də bu geyim növündən zəhləm gedir. Nə isə Bayramda gənclər yaşlılara qonaq gedirlər. Qonaqlıqlar isə adətən 15-20 dəqiqədən çox çəkmir. Bir stəkan çay, meyvə, hal-əhval, xudahafiz. Bu da oldu bayram görüşü. Bundan başqa "müsafirət"ə - uzaq səhayətə çıxanlar da var. Təbrizlilər İsfahana, isfahanlılar Rəştə, rəştlilər Bəndər Abbasa üz tuturlar. Hərə ailəsini bacardıqca uzaq şəhərlərə aparır. Bayram günlərində qonaq getdiyin evdəki uşaqlara təzə xırda pullar vermə adəti də var. Hətta hökumət də işini-gücünü atıb bu işlə məşğul olurmuş. Bayram günlərində təzə xırda pullar buraxılır. Pul demişkən, mənim səfərim ərəfəsində İran dövriyyəyə yeni pul vahidi - 5000 tümənlik (50 min rial - təxminən 5 AZN) buraxdı. Pulun üstündə üzərində atom işarəsi olan İran xəritəsi ilə bərabər İslam peyğəmbəri Məhəmmədə(s.ə.s) aid etdikləri bir hədis də əksini tapıb. Təxminən bu şəkildə: "Elm əgər Sürəyya ulduzunda da olsa, farslar onu tapacaqlar". Vəssalam. Qeyri-fars millətlərə də elə bu lazım deyilmi? Bu əskinaslar Təbrizə gələn gün bankomatlardan çıxarıldı və neçə dənəsi nümayişkaranə surətdə yandırıldı. Əhaliyə o puldan istifadə etməmək barədə çağırış mesajları ilə dolu sms yağışları gəldi. Təbrizlilər hətta bu hədisə cavab olaraq şeir də qoşublar:

   Farsı görün ki, yenə fırtına eləyib,
   Mənzili-elmə sarı qəsdi-Sürəyya eləyib.
   Sordular: roket ilə getdi göyə, ya nə ilə?
   Söylədim türk [..]vasitə eləyib.

   Deyilənlərə görə, farslara önəm verən hədisin pulun üzərinə vurulması kürdləri də qıcıqlandırıb. Fikrimcə, ağlı başında olan hakimiyyət belə iş görməz. Belə çıxır ki, İran hakimiyyətindəki bəzi qüvvələr xalqları bir-birlərinin üzərinə qaldırmaqda maraqlıdırlar.

   Bayramda avtoqəzalar çoxalır

   Qayıdaq bayrama. Bayram günlərində magistral yolların qırağına müəyyən məsafələrlə təcili yardım maşınları qoyurlar ki, bədbəxt təsadüflərin fəsadları tez aradan qaldırılsın. Burada bayram günlərində avtoqəzalarda həlak olanların sayı onminlərlə ölçülür.
   İranın digər şəhərləri kimi, Təbrizin də küçələrini gözlərindən ciddiyyət, qəzəb yağan Xomeyninin və mülayimliklə kinayənin birləşdiyi gözlərlə baxan Təbriz əsilli hazırkı rəhbər Xamneyinin iri portretləri bəzəyir. Bayramla bağlı bir maraqlı nüans da ondan ibarətdir ki, bizdə prezident xalqı il təhvil olmamışdan əvvəl təbrik edir, İranda isə əksinə, il təhvil olandan sonra. Özü də saat 00:00 söhbəti yoxdur! Münəccim deyirsə ki, il tutaq ki, saat 03:41 dəqiqə 31 saniyədə təhvil olur, rəhbərin təbrikini də məhz o zaman TV-lər yayımlayır. Mən də maraqla o təbrikə baxmaq üçün yuxuma haram qatdım. Rəhbər İran xalqına xoş güzəran arzuladı. Onun çıxışında gül-bülbül sözlərini də eşitdim. Sonra da bir qədər düşmənləri söydü, sonra hədə-qorxu gəldi.

   Donuz İran rəhbərini çaşdır(ma)dı


   İranda bir adət də var: ili kiminsə şərəfinə elan etmək. Məsələn, keçən il "Məhəmməd Peyğəmbər" ili idi. Bu il isə hamı səbirsizliklə adqoyma mərasimini gözləyirdi. Şərq təqviminə görə, bu il haram buyrulmuş bir heyvanın - donuzun adı ilə bağlı idi. Rəhbər də az bilmirmiş, ilin adını "Milli vəhdət" qoydu. Amma yuxarıda haqqında danışdığım 5000 tümənliklə bu ad heç uyğun gəlmirdi... Nə isə, özləri bilər.

   Təbrizdə hakimi-mütləq poeziyadır 
   


Güney Azərbaycanda ən çox millətçi də elə Təbrizdədir. Eşitdiyimə görə, onlar hərdənbir hətta istəxrlərdə - hovuz, sauna və s. istirahət növləri olan məkanlarda da görüşüb söhbət edirlər, şeir oxuyurlar. Mən millətçilərlə görüşməsəm də (çünki Bakıda onlar doludur) bilirdim ki, burada millətçilik hələ poeziya səviyyəsindədir. İranda Azərbaycan dilinə dövlət statusu verilməsini arzulayanlar var, bu barədə şeir də yazırlar, amma əməli iş görən yoxdur. Əgər Azərbaycan dilinə dövlət statusu verilsə, bu dilin qrammatik əsasını öyrənmək üçün dərs vəsaiti lazım olacaq. Vəsaitsə yoxdur. Amma şeir kitabları doludur. Məsələn, bu yaxınlarda gizli mətbəələrdən biri Nəsiminin türk (Azərbaycan) dilində divanını çap edib. Nə deyirik ki, şeir də lazımdır, amma şeirdən əvvəl çap olunmalı kitablar da az deyil.

   Ərk qalasını görünməz edən məscid nifrət obyektidir


   
İndi isə gəlin Tərbiyət küçəsiylə üzüaşağı düşək və Xomeyni prospekti ilə Ərk qalasına yaxınlaşaq... Bəs qala hanı? Onun yerində böyük bir məscid var. Aydın oldu... Yeni tikilən azman bir məscid "Ərk"i demək olar ki, görünməz edib. Təxminən 3 tərəfdən baxanda Ərk görünməz olur, yalnız dördüncü tərəfdən baxdıqda bu məşhur qala - Təbrizin simvolu görünür. Təbrizlilər isə bu məscidin dağıdılacağı günü gözləyirlər. Mən bunu bir, ya üç təbrizlidən eşitmədim... Təbrizin üç milyonu aşmış əhalisinin əksəriyyəti nə zaman buradan keçirsə, yeni tikilən məscidə nifrət dolu gözlərlə baxırlar. Ərk qalası haqqında qısa informasiya da verim: bu abidə 13-cı əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib. Həmin dövrdə Təbrizin paytaxt olduğu dövlətin qoşunları Misirdə məmlüklərlə, Anadoluda səlcuqlar və Bizansla müharibələr aparırdı...

 Xaqaninin əcaib heykəli

"Ərk"dən 1-2 əsr gənc olan digər abidə - Göy məscid. 

Bu məscidi, adını tarix kitablarından əzbərlədiyimiz Qaraqoyunlu Cahanşah tikdirib. Məscidin ətrafında mədrəsə və karvansara da olub. Müxtəlif təbii və qeyri-təbii fəlakətlərdən sonra məscidin və yanındakı abidələrin yarısı uçub-tökülüb. Sonralar yavaş-yavaş bərpa olunan bu məscidin yaxınlığında böyük bir ərazini qazılmış gördüm. Sən demə, buranı onillərdir ki, qazırlar və yerin altından müxtəlif arxeoloji əşyalar, skeletlər və bahalı sənət əsərləri üzə çıxır. Bu əşyaların əksəriyyəti muzeylərdə saxlanılır. Göy məscidin digər tərəfində isə park salınıb, parkın ortasında isə Azərbaycan şairi Ə.Xaqaninin heykəli qoyulub. Heykəlin başı bədəni ilə proporsional bərabərlikdə olmadığı üçün ona diqqətlə baxdıqda gülməli görünür...












Gəl ki, heç kim deyə bilməz, bəlkə Xaqani özü də elə bu cür imiş? Amma məni ən çox təəccübləndirən parkın kənarına atılmış qəbir daşlarından biri oldu. Yorulduğumdan həmin daşların üstündə oturdum, sonra "əcəba, bu bədbəxt kimmiş" deyə özümə və dostlarıma sual verdim. Oxudular... Sən demə, bu "bədbəxt", orta əsrlərin məşhur rəssamı, dünyaca ünlü Kəmaləddin Behzadmış...



   Ana dilində kitab tapmaq çox çətindir

   Təbrizdəki kitab dükanlarında Azərbaycan dilində kitab tapmaq çox çətindir. Gərək ana dilində kitab çap olunsun ki, tapasan. Şəhərin baş meydanının - "Saat qabağı"nın yaxınlığında, həmçinin "Ərk"in ətrafında yerdə satılan kitabların arasında ana dilində bir neçə kitab gördüm. Burada hətta M.Pişəvərinin də əsərlərinə rast gəlmək mümkündür. Elə mən də dostum, Məhəmmədlə oralarda gəzişərkən Nəsiminin türk dilində "Divan"ına rast gəldik. Kitabı aldıq, üzərində heç bir mətbəənin adı yazılmamışdı. Əcəba, dövlətmi Nəsiminin kitablarının çapına icazə vermir? Əcəb dövlətdir...

   Məşhur "Təbriz bazarı" bağlanıb

   Bayram günlərində bazarlar bağlı olur. Bir zamanlar Şərqin iki ən böyük bazarından biri olan "Təbriz bazarı"nı da sakit gördüm. Bazarın qarşı tərəfində həmişə avtoqəzalar olduğundan dövlət eskolatorlu üstkeçid tikib. Yarıboş bazarın içərisi ilə bir müddət gəzəndən sonra buranın mərkəzindəki balaca meydançaya daxil olduq. Meydançanın ətrafındakı dükanların isə demək olar ki, hamısı bağlı idi. "Burdakı tacirlər xırda-xuruş işlərlə məşğul olmurlar. Onların dükanlarına girsən görərsən ki, piştaxtanın üstünə 1-2 dənə üzük qoyublar, vəssalam. Bunların alveri beynəlxalq olur. Onlar dünyaca ünlü proyektlərlə, mal daşınmaları ilə məşğuldurlar. Yeganə gördükləri iş də bu ticari dövriyyələri telefonla idarə etməkdir". Bunu mənə uzun illərdir "Təbriz bazarı"nda işləyən bir tanışım danışdı.

   Qəlyanxanalarda siqaret çəkmək qadağandır

   Təbrizdə minə yaxın qəlyanxana var. Onlardan təxminən yüzü professional şəkildə fəaliyyət göstərir. Yəni ki, həmin qəlyanxanalarda yalnız qəlyan çəkmək və çay içmək olar. Hətta siqaret belə, qadağandır. Professionallığı ilə seçilən qəlyanxanalardakı işçilər ixtisaslaşıb. Onlar üç qrupa bölünürlər:
   1. Qəlyan gətirən - götürən (aparan);
   2. "Baş" (qəlyanın baş tərəfində üstünə kömür, içinə tənbəki qoyulmuş bir nəsnə) gətirən - götürən;
   3. Çay gətirən - götürən;
   Nabələdlik edib, çay işinə baxan xidmətçidən qəlyan istəsən, cavabı belə olacaq: "Bizdə qəlyan olmur".
   Bundan başqa, qəlyanxanaların öz adətləri var. Məsələn, kiminsə kömüründən siqaret yandırmaq o adama, boş stəkanın üzərinə nəlbəki qoymaq da qəlyanxana sahibinə söyüş (özü də "böyük yerdən") sayılır.

   İran prezidentlərinə meydan oxuyan millət vəkili

   Təbrizin bir millət vəkili var, adı Əkbər Ələmi. Xalq arasında çox populyardır. Onun parlamentdəki çıxışları dildən-dilə ötürülür, az qala folklorlaşdırılır. Yaxın insanlarını və öz bədəninin bir hissəsini İran-İraq müharibəsində itirən Ələmi bir dəfə Rəfsəncaniyə də parlamentdə "Hanı sənin şəhidlərin? Müharibə zamanı haradaydın?" sualını verməkdən çəkinməyib. Bir dəfə də Əhmədinejad BMT-də çıxışından sonra İran televiziyasına "37 dəqiqəlik çıxışım zamanı zalda heç kim gözünü qırpmadı" deyibmiş. Ələmi də parlamentdə prezidentin ifadələrini də cavabsız qoymayıb: "Yaxşı, axı biz görürdük ki, sən gözünü qırpırdın. Özün gözünü qırpa-qırpa necə bilmisən ki, heç kim gözünü qırpmır? Bundan başqa, sən yüzlərlə insanın gözlərinə eyni zamanda necə baxa bilmisən?" Əhmədinejadın "mən zala daxil olanda hamı çox maraqla baxırdı" fikrini isə Ələmi "sənin kimisinə əlbəttə ki, maraqla baxarlar" replikası ilə qarşılayıb.
   Mən bütün bunları Urmiya səfərimdən öncə eşitdim.

***

III Urmiya - İranın Parisi

 Ötən yazıda Təbriz haqqında "digər kültürlərə müqavimət hissi güclü olan şəhər" ifadəsi işlətmişdim. Bu fikrin tam əksini Urmiya barədə söyləmək olar.


İlk yaşayış məskəni

   Urmiya coğrafi baxımdan müxtəlif mədəniyyətlərin qovuşduğu nöqtədə qərar tutub. Yəqin "Azərbaycan tarixi" dərsindən "Həsənlu kurqanları", "Həsənlu qazıntıları" və ya "Həsənlu sivilizasiyası" anlayışları yadınızdadır. Həsənlu özü Urmiya yaxınlığında bir kənddir ki, Azərbaycan ərazisindəki ilk yaşayış-sivilizasiya məskənlərindən biridir.

   Kürd axını     

Urmiya - Qərbi Azərbaycan ostanının (vilayətinin) mərkəzidir. Şəhərin əhalisi əvvəllər əsasən azərbaycanlılardan - türklərdən ibarət olub. Son zamanlar isə Qərbi Azərbaycan vilayətinə, əsasən də paytaxt Urmiyaya böyük kürd axını müşahidə edilməkdədir. Bu barədə sonra.

   Şüşə dirəkli körpü

   Təbrizdən Urmiyaya gedən yol eyni adlı gölün içərisindən keçir. Gölün ortasından eninə doğru düz xətti qurudub yol çəkiblər. Amma uzun illərdir iş getməsinə baxmayaraq, yol hələ bitməyib. Yolun çəkilməyən iki kilometrlik hissəsi qalıb. Deyilənlərə görə, burada körpü tikmək də planlaşdırılır. Amma duzun dəmir dirəkləri (Urmiya gölü dünyanın ən duzlu su hövzələrindən biridir - bu göldə cəmi bir canlı, mikroorqanizm yaşayır) "yeyəcəyini" düşünən alimlər onları şüşə ilə əvəz etməyi planlaşdırıblar.
   Biz gölün ortasına qədər maşınla getdik. Yolun bitdiyi yerdə isə maşınları hərəsi 30-50 arası avtomobil tutan bərələr gözləyirlər. Məhz onlar maşınları yolun digər tərəfinə keçirirlər.

   Dindən uzaqlaşan gənclik

   İranda Urmiya barədə "Parisə bir qədəm" ifadəsi işlədirlər. Bunun da səbəbi bu şəhərin İranın Qərb (!) tərəfindəki ən böyük şəhər olmasındadır. İndiyədək İranda gördüyüm ən modern gənclik də məhz Urmiyadadır. Urmiyada qızların baş örtüyü demək olar ki, simvolik xarakterdə qalıb. Bu şəhərdə gənc qadınların baş örtüyünü başlarına yox, boyunlarına taxdıqlarını desəm, yəqin ki, yanılmaram. Gənc oğlanların da saç düzümləri və geyimləri digər Azərbaycan şəhərlərindən; Təbrizdən, Ərdəbildən qat-qat fərqlidir. Urmiyada qərb küləyinin mehi açıq-aydın hiss olunur. Şəhərdəki modern əhval-ruhiyyənin bir başqa səbəbi də burada müxtəlif xalqların yaşamasıdır. Onu da deyim ki, İranda gənc nəslin əksəriyyəti dindən uzaqlaşıb. Bu fakt özü ümid verir ki, İran gələcəkdə dünyəvi ölkəyə çevriləcək.
   Urmiyanın paytaxtı olduğu Qərbi Azərbaycan ostanından cənubda Kürdüstan ostanı yerləşir. «Burada binayi-qədimdəm kürdlər yaşayıb» - əlbəttə bunu səfər zamanı tanış olduğum kürdlər dedi. Əslində bizdəki psevdopatriotlar "fars şovinistləri Urmiyanı kürdləşdirir" deyirlər. Bu həqiqətəuyğun deyil. Nəinki fars xalqı, ümumiyyətlə, İran hökuməti haranısa nəinki kürdləşdirmək istəməz, əksinə, mənim müşahidələrimcə elə haqqı ən çox tapdanan da kürdlərdir (qeyri-rəsmi səbəb onların sünni olmalarıdır). Qərbi Azərbaycan vilayətində son zamanlar nəzərə çarpan kürd artımının isə səbəbi başqadır. Urmiya Kürdüstan vilayətindən Türkiyə Cümhuriyyətinə gedən yolun üzərindəki ən böyük şəhərdir. Kürdüstanın əsas əhalisini təşkil edən və müəyyən qismi qaçaqmalçılıqla məşğul olan kürdlər öz işləri ilə əlaqədar bu şəhərdən tranzit kimi istifadə edirlər. Qaçaqmalçılıqla - asan (?) yolla varlanan kürdlər bu şəhərdə torpaq sahələri, binalar evlər alıb və yerlərini möhkəmlədiblər. Hazırda şəhərin 50 faizi (!!!) kürdlərdir. Bütün bunlar barədə dostum, bəstəkar Dr. Məhəmməd Ənsari ilə danışarkən öz narazılığımı bildirdim. Onun mənə "bəs nə oldu, sən ki həmişə insanlara milli mənsubiyyətinə görə qiymət verməməkdən dəm vururdun" iradına cavab olaraq deyirdim ki, əgər bizim torpaqlarda alman, yapon, hətta rus kimi mədəniyyəti bizdən üstün olan xalqların nümayəndələri çoxluq təşkil etsəydi, mən buna sevinərdim... Amma təəssüf ki, kürdlərin toplum halında ümumi səviyyəsi azərbaycanlılardan aşağıdır. Bunun təbii və obyektiv səbəbləri ola bilər, bir söz demirəm. Amma nəzərə alaq ki, bu xalqın əksərən yaşlı nümayəndələri indiyədək öz qəribə milli geyimlərində gəzir və şəhərin mərkəzi küçələrində yerdə - səkidə oturaraq söhbət edirlər.
   Şəhər kənarında villaların tikilməsində də böyük zövqsüzlük nümayiş olunurdu. Bundan başqa, elə bizim də mübtəla olduğumuz görməmişlik xəstəliyi ora da xasdır. Bəzi villaların sahibləri damlarda maşınları üçün yerlər düzəldirlər və şəxsi avtomobillərini villalarının damında saxlayırlar. Nə isə... gedək muzeyə.

   Muzeydə təhrif olunmuş "Azərbaycan"

   Urmiya muzeyi həqiqətən də məni çox maraqlandırdı. Axı, bu şəhərin demək olar ki, on min illik tarixi var... Amma muzeyin cəmi bir mərtəbədən ibarət olduğunu görəndə barmağımı dişlədim. Muzeydə gözə gələsi yeganə eksponat üzərində mixi yazı olan bir daş idi. Məni təəccübləndirən əsas şey isə eksponatların üzərində ingilis dilində "West Azwerbaijan" sözü oldu. Axı bizim Azərbaycan ingiliscə "Azerbaijan" kimi yazılır. İranda isə səslənişi eyni bu sözü ingilis dilində "Azarbayjan" kimi (fikrimcə elə doğru səslənmə bu transkripsiyada alınır) yazırlar. O zaman "Azwerbaijan" haradan çıxdı? Nə qədər obyektiv görünəcəm, deyə bilmirəm... amma yadıma ermənilərin radikal-millətçilərinin bizə "azverbaycan" (rus dilində "zver" - heyvan sözü ilə əlaqələndirilmiş) deməsi düşdü. Hər halda sualıma muzey əməkdaşları da cavab verə bilmədilər...










Mən isə muzeyin çıxışında - üzərində erməni dilində yazılar yazılmış kilsə zəngini seyr edərək bayıra çıxdım və həyətdə muzey seyrçilərinə pulsuz olaraq, sunulmuş çaydan bir stəkan içərək şəhəri gəzməyə yollandım.

   Kilsədə eksponat canlı adam

   Şəhərin mərkəzində bizim "Torqovıy"a bənzəyən bir yerdə Assur kilsəsi yerləşir. Mən keçən il Yerevanda - Konservatoriyanın vokal kafedrasında təhsil alan bir gənc qızla tanış olmuşdum. Onun mənə "atam assurdur" deməsinə qədər bu xalqı yer üzündən silinmiş bilirdim. O qızın mənim "Nə??? assurlar yaşayır hələ?" sualımdan təəccüblənməsi də xatirimdədir. Bu dəfə Urmiyadakı Assur kilsəsində mənə bələdçilik edən Eserhanod (ada fikir verin... aşağısı 3000 il tarixi olan bir addır) isə tam assur idi. Elə bu adamın sifətinə baxarkən hiss etdim ki, kilsə bir tərəfə, bu adam özü elə bir eksponatdır.

   Bizi ermənilərlə səhv salanlar var

   Eserhanodun mənim Azərbaycandan gəldiyimi bilən kimi "bizi bəzən ermənilərlə qarışıq salırlar" şəklində şirinlik etməsindən heç xoşum gəlmədi. Və başladım ona Assur tarixindən bildiklərimi danışmağa. Elə 4-5 min il əvvəl yaşamış Assur padşahı Aşşurbanipalın adını çəkən kimi adam başa düşdü ki, mən Azərbaycandan bura kartof satmağa gəlməmişəm.

   Təhtəlşüurdan çıxmayan atəşpərəstlik
   

Assurlar bura indiki İraq ərazisindən gəliblər. Eserhanodun dediyinə görə, onların kilsəsi həvari (apostol) kilsəsidir. Çünki xristianlıq assur xalqına birbaşa İsanın həvarisi Toma tərəfindən gəlib. O, iddia edirdi ki, indi içərisində olduğumuz kilsə də elə Toma tərəfindən təməli qoyulmuş məbəddir və iki min ilə yaxın tarixi var. Burada lap qədimlərdə atəşpərəst məbədi varmış. Bu arada bir haşiyə çıxım: İranda atəşpərəstlik indiyədək xalqların təhtəlşüurunda qalıb. Hər hansı bir iğtişaşda insanların ilk ağlına gələn haranısa dağıtmaq deyil, məhz yandırmaq olur. Təbrizdə də mənə bir neçə yeri göstərib, "buranı oddamışdux" deyirdilər. Qayıdaq Urmiyaya - Assur kilsəsinə. Amma artıq gecdir. Geriyə - Təbrizə qayıtmalıyıq, yoxsa bərəyə çata bilmərik. Bizimlə səmimi görüşməyinə baxmayaraq, sifətindəki qırışlardan və gözlərindən minilliklərin tarixini oxuduğum Eserhanodla görüşərək ona "əlbəttə, biz bilirik, sizin qədim və möhtəşəm tarixiniz var" tipində bir-iki gəlişigözəl söz dedim və kilsənin həyətində şam yandırdım. Ümumiyyətlə, mən olduğum bütün kilsələrdə şam yandırmağa çalışıram. Bu insanı sanki təmizləyir.

   Hələlik Urmiya

   Geriyə - Təbrizə qayıdırdıq. Yoldakı polis postunda Urmiya istiqamətindən gələn bütün maşınların yük yeri yoxlanır. Axı qaçaqmalçıların Türkiyədən və İraqdan keçirdikləri bütün spirtli içkilər məhz bu şəhərdən İran ərazisinə yayılır.


***

IV İran, salamat qal?!


İslam ölkəsində araq içməyin yolları 


İnsanların geyim və qidasına dövlət tərəfindən məhdudiyyət qoyulan İranda elə bilməyin ki, hamı spirtli içkilərdən uzaqdır. Bu islam ölkəsinin demək olar ki, istənilən şəhərində istənilən növ spirtli içkini əldə etmək mümkündür. Təki, ilişməyəsən. Spirtli içkilər əsasən İraqın Kürdüstan Muxtariyyətindən və Türkiyədən qaçaqmalçılıqla ölkəyə gətirilir. Buradan isə ölkənin demək olar ki, bütün ərazisinə yayılır. Şəhərlərdə isə bu içkiləri dilerlər gizli yolla satırlar. Müşahidələrimə görə, Təbrizdə 100-150-yə yaxın içki dileri var. Hər birinin də özünün müştəriləri. İçki içmək istəyirsənsə, zəng et və sənə deyilən yerdə maşını saxla. Çox keçməz adam sakitcə gəlib maşına girər, uzun-uzadı söhbətdən sonra qara neylon parçaya bükülmüş içkini maşına qoyub düşər. Bu qədər əzab-əziyyətlə gətirilməsinə baxmayaraq, içki o qədər də baha deyil; məsələn, 1 litrlik keyfiyyətli "whisky"ni təqribən 15 ABŞ dollarına əldə etmək mümkündür. Keyfiyyətsiz "whisky" isə nisbətən ucuz qiymətədir.
   Spirtli içki əldə etməyin başqa yolları da var. Aptekə gir, yarım litri 2500-3000 tümənə (2,5-3 AZN) spirt al və su qatıb iç. Ya da ki, ərzaq dükanlarından spirtsiz pivə al, ona spirt qarışdırıb normal pivəyə bənzər içki düzəlt.

   Hərənin öz muğamı

   1979-cu il İslam inqilabından sonra İranda gəlmə musiqi janrları - pop, rock, cazz qadağan olunub. Filmlərdən tanıdığımız Ququş və digər pop müğənniləri də ölkəni həmin dövrlərdə tərk ediblər. Xarici musiqi janrlarına qoyulan məhdudiyyət ənənəvi musiqinin (muğamın) inkişafına yol açıb. Orada muğam "sünnəti musiqi" adlanır, yəni, qayda-qanunlu. Bir setar ifaçısı mənə danışdı ki, iranlının muğama münasibətilə azərbaycanlının münasibəti arasında çox fərq var. Əgər bizdə muğam demək olar ki, toxunulmaz, muzey eksponatı kimi qalıbsa, orada hər hansı özünə hörmət edən xanəndə və ya musiqiçi muğamı özü bildiyi kimi çalıb-oxuyur, daha doğrusu, bəstələyir. Azərbaycanda isə bildiyimiz kimi, muğamların melodikası dəyişilməz olaraq qalıb. İranlı muğam ustaları özlərindən "Şur", "Mahur", "Rast-Pəncgah"ixtira edirlər. Amma məktəblərdə Mirzə Abdullah xan adlı şəxsin neçə yüz il bundan qabaq yazdığı muğam tədris olunur. Məktəbi bitirəndən sonra isə hər kəsin "öz muğam"ını yaratması dəbdir.
   İranda musiqi təhsilinin də vəziyyəti ürəkaçan deyil. Şəhərlərdə bir çoxu qeyri-professionallar tərəfindən yaradılmış özəl musiqi məktəbləri olsa da, dövlətin musiqi məktəbləri çox azdır. Məsələn, İranın çox əhəmiyyətli şəhərlərindən biri olan Təbrizdə cəmi bir il bundan qabaq Dövlət Musiqi Kolleci açılıb.

   İranın yerli kanalları AzTV kimi bir şeydir 
  

 İranda yerli televiziyalara demək olar ki, baxan yoxdur. İnsanlar yalnız peyk antennaları vasitəsilə yayımlanan televiziyalara baxırlar. Elə vətəndaşların da çoxu öz ölkələrinin daxili işlərindən və dünyada baş verən hadisələrdən məhz bu kanalların köməyi ilə xəbər tuturlar. Onları qınamalı deyil... İranın yerli televiziyalarına nə vaxt baxırdımsa, gül-çiçəkdən, dini mövzularda söhbətlərdən başqa heç nə görmürdüm. Azərbaycanda AzTV-yə neçə faiz insan baxırsa, İranda da yerli kanallara o qədər adam baxır, hələ bəlkə də daha az.
   Deyirlər ki, İran-İraq müharibəsinin qızğın zamanlarında İran televiziyası hansısa yol kənarına "Kərbəla - 5 km" yazılmış yol nişanı basdırır və oradan reportajlarda "artıq müqəddəs yerlərə çatmağımıza az qalıb, qələbə yaxınlıqdadır" deyirmiş.

   Azərbaycanlılar üçün 12 saat telefonla danışan professor


   İranda baxılan peyk kanalları əsasən ölkədən qaçmış insanların Qərbdə yaratdıqları kanallardır. Bunların arasında millətçi (əsasən kürdlərin), şah tərəfdarlarının və digərlərinin də kanalları var. Azərbaycan millətçilərinin isə cəmi bir kanalı - GünAzTv var ki, o da çox keyfiyyətsiz şəkildədir. Mən bir dəfə axşam saat 9-da o kanala baxdım və gördüm ki, hansısa eynəkli professor telefonla bağlantı qurub. Üstündən 2 saat keçəndən sonra yenə açdım, baxıram ki, yenə eyni professorun şəkli də, səsi də hələ ekrandadır, aramla, tələsməyərək nə barədəsə danışır. Bir də səhərə yaxın GünAzTv-ni açdım professoru həmin vəziyyətdə gördüm.

   "Mühacir TV"də görünməyən demokratiya

   İranda mühacirlər üçün "Mühacir TV" adlı kanal da fəaliyyət göstərir. Bu kanal İranı kifayət qədər demokratik və hüquqi dövlət kimi göstərməyi qarşısına məqsəd qoyub. Küçədə saçları görünən qadınların polislər tərəfindən saxlanıldığı ölkədə "Mühacir TV" kanalında qadın aparıcılar baş örtüyünü demək olar ki, simvolik taxırlar. Bu kanalda din barədə çox az söhbətlər olur, bunun əvəzinə pop musiqilər-kliplər verilir, xəbərlər də kifayət qədər obyektiv təhlil olunur.

   Gənclik boğulur

   İranda evlər çox geniş və rahatdır. Bunun da əsas səbəbi bayırdakı həyatın maraqsızlığı və yeknəsəkliyidir. Bar və diskotekaların olmaması, gəncləri bu geniş evlərdə partilər təşkil etməyə məcbur edir. Ümumiyyətlə, İran gəncliyinin həyatı kifayət qədər maraqsız keçir. Qənaətimdə yanılmadığımı göstərmək üçün bir faktı qeyd etmək kifayətdir: küçədə qız dostunun əlindən tutaraq getdiyin bir vaxtda hər an polis yaxınlaşıb "bu sənin nəyindir" deyə soruşa, sənədlərinizi tələb edə bilər.
   Qız dostu demişkən, İranda xristian qız dostu olmaq prestij sayılır. Bu Təbrizdə də belədir, Tehranda da, İsfahanda da. Məsələn, bir erməni sevgilisi olan gənc dostlarının yanında qürrələnə, fəxr edə bilər.

   İnsanların mənəviyyatını oxuyan müəllim

   Gömrük saat 6-da bağlandığından planımı elə qurmuşdum ki, saat 4-də ora çatım. Çatdım... amma məlum oldu ki, bu günlər bayram sayıldığından gömrüyü saat 3-də bağlayıblar. Elə oralardaca mənim kimi, bəxtinə bir gecə İran Astarasında qalmaq yazılan, Məşhəddə təhsil alan bir gənclə tanış oldum. Adam mənə "bizimkilərin işini görürsən də... bu vaxtı da sərhədi bağlayarlar?" dedi. Mən əvvəl elə bildim ki, "bizimkilər" deyəndə o, İranı nəzərdə tutub. Amma sonra məlum oldu ki, Azərbaycandan narazılıq edirmiş. Ona başa salmağa çalışsam da ki sərhədi Azərbaycan tərəfi yox, İran tərəfi bağlayıb, xeyri olmadı: bütün gecə boyu Azərbaycandan gileylənməyə bəhanələr tapdı.
   Onunla söhbətimdə məlum oldu ki, İranın hansısa dini məktəbində Ayətullah Behcəti adlanan bir müəllim var ki, insanlarla danışmadan, hətta üzlərinə belə baxmadan onların mənəviyyatını hiss edir. Hətta deyilənlərə görə, o, heç vaxt başını qaldırıb adamlara baxmır. Yalnız bir nəfərə baxdığını görüblər - Ayətullah Lənkəraniyə.

   Əsgərlikdən geri qalmayan dini məktəb 
   

Bu gənc azərbaycanlının yaşadığı (dini məktəblərdə tələbələr məktəbin həyətindəki yataqxanada qalmalıdırlar) və təhsil aldığı ali dini məktəbdə rejim təxminən belədir: Gecə saat 04:00 "Qalx" komandası verilir, hamı idmana! Sonra sübh namazı, sonra yenə idman. Yuyunub gələndən sonra təxminən saat 07:00 radələrində 1 saatlıq səhər yeməyi, sonra dərslər. Hər bir dərs 1 saat, tənəffüs isə yarım saat olmaqla, günorta saatlarına qədər davam edir. Günorta saat 13:00-də 1 saat nahar, sonra 2-3 saat yuxu. Sonra yenə də dərs. Beləliklə, yalnız axşamçağı, səhv etmirəmsə, saat 20:00-22:00 arasında onlara məktəb darvazalarından çölə çıxmağa icazə verilir. 22:30-da isə "Yat!" komandası... Necədir? Əsgərliyi xatırladır.
   Amma bu gənc azərbaycanlı İranda bir şeydən narazı idi. Məşhəddə digər tələbələr onun uzunburun (orta statistik azərbaycanlı gəncin geyindiyi əcaib ayaqqabı) ayaqqabıya gülürmüşlər. Təsəvvür edin, bu adam 3 ildir orada təhsil alır, amma hələ də o əcaib ayaqqabını geyinir.

   Mən yenə qayıtdım

   Sərhədi keçib, Azərbaycana qayıdan zaman bu məni fərəhləndirirdi. Hər hansısa bir sistem bir azərbaycanlını ölkəsinə qarşı giley-güzar etmək səviyyəsinə qədər dəyişdirə bilər... amma 100 il də təhsil alsalar, onlar yenə də azərbaycanlı olaraq qalacaq və özlərinin əcaib, uzunburun ayaqqabılarını geyinəcəklər.

   P.S. İran küçələrində sədəqə qutularının sayı zibil qutularının sayından ağla gəlməyəcək qədər çoxdur. 


Hiç yorum yok:

Yorum Gönder