29.12.2011

Silah-pul









Deyirlər qədimlərdə, insanlar natural təsərrüfatla məşğul olduqları zaman bir dövr də olub ki, adamlar bir-birlərindən mal alarkən əvəzinə silah veriblər. Məsələn, otuz ox başlığı verib, tutaq ki, quzu alırlarmış və s.

İnsanın təkamülü onu həm də vəhişilikdən uzaqlaşdırır, daha sivil edir. Sivilləşdikcə də pul ortaya çıxdı və insanlar yavaş-yavaş silah əvəzinə puldan istifadə etməyə başladılar. Əslində pul elə təxminən silahın gördüyü işi də gördü. Pulla qorxutdular, pulla nəsə aldılar, pulla öldürdülər, ya da öldürmədilər...

27.12.2011

İctimailəşməlimi, ictimailəşməməlimi?










O gün Facebook`da bir xəbər paylaşdılar: Slavyan Universitetində 3-cü prezidentin xatirə mərasimi vaxtı bir tələbə gülüb və rektor elə oradaca onun universitetdən qovulması barədə göstəriş verib. Dalğa Gənclər Hərəkatının fəalı Pərviz Əzimov foto kimi paylaşdığı bu xəbərə universitetin telefon nömrələrini də əlavə etmişdi. Bir çox gənc, elə mən özüm də o nömrəyə zəng vuraraq bu xəbərin doğru olub-olmaması ilə maraqlandım. Dəstəyi götürən şəxs artıq çox adamın bununla bağlı zəng vurduğunu dedi. Sonra xəbəri təkzib etdi və bildirdi ki, elə bir şey olmayıb. Mənim kim olmağımla maraqlandı. Ad-soyadımı dedim, sadəcə bir vətəndaş olaraq maraqlandığımı söylədim. Universitetin bir çox tələbəsi isə Facebook`da bu əhvalatın baş verdiyini, amma ictimai fəalllıqdan sonra qovulan tələbənin tez bir zamanda bərpa olunduğunu dedi.

Hətta qovulan tələbənin adını da yazmışdılar, sonra pozuldu, yəqin artıq təhlükənin sovuşduğunu görən gənc vətəndaşımız öz adının hallanmamasını istəyib. Normaldı, anlaşılandı. Amma o özü də başa düşüb ki, ictimai reaksiyanın ona necə xeyri dəyib.

24.12.2011

50 metrlik tortu camaata necə yedirtməli?

Sumqayıtın icra başçısı Eldar Əzizov əvvəllər eyni vəzifədə işlədiyi zaman Gəncədə yaratdığı ənənəni Sumqayıtda da davam etdirir. Hər il ölkə başçısının ad günü hakimi olduğu şəhərin baş meydanında böyük tortu kəsir. 


Videodan da gördüyünüz kimi, o bunu iş adamların təklifi kimi təqdim edir. Ola bilər. İş adamlarının siyasətə qarışmaları bilinən və qəbul olunan təcrübədir.

Həm də yaxşı bir işdir, nə qədər vətəndaşımız sevinir, evinə tort aparır.

Məni maraqlandıran isə başqa məsələdir. İnsanlarımızın torta necə daraşması istər-istəməz hamımızda təəssüf doğurur. Amma nə etməli, insanın təbiəti belədir. Elə hər yerdə belədir. Nəyisə ucuz, mümkündürsə lap müftə əldə etməyi yer üzündəki insanların demək olar ki, hamısı istəyir.

23.12.2011

Musiqisini yazdığım qısametrajlı filmlər


Yalançılar (2008)

Ssenari - Nadejda İsmayılova,
Rejissor - Əbdülqəni Əliyev
"Butafilm"


*   *   *

Ərəb rəqsi



Yəqin ki, çoxunuz Youtube, həmçinin sosial şəbəkələrdə yayılan bu videonu görmüsünüz. Mən bu günlərdə uşaqlıqda sevimli kitablarımdan biri olan Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabını yenidən vərəqləyərkən İraqda yaşayan "göl ərəbləri"nin məişət və əyləncələri ilə bağlı maraqlı bir məlumatla rastlaşdım. Deyəsən orada bəhs olunan "hausa" rəqsi ilə bu videodakı arasında bənzərlik var.

17.12.2011

Segah İslam


Deyilənlərə görə keçmiş xanəndələr arasında Segahı ən yaxşı İslam Abdullayev (1876-1964) oxuyarmış. Bu məharətinə görə hətta ona "Segah İslam" deyərlərmiş.

Seyid Şuşinski:
"İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən Segah oxumazdıq."

Qurban Primov:

15.12.2011

"25-ci kadr" jurnalının 4-cü sayı















İnkişaf etmiş insanın özünə bənzər canlılardan - inkişaf etməmiş insanlar və heyvanlardan bir fərqi də onun mənəvi qidaya olan ehtiyacıdır. İnsanlar mənəvi qidanı müxtəlif dövrlərdə müxtəlif cür alıblar. Nə zamansa qayada qazılmış şəkilə baxıblar, sonra inək dərisinə çəkilmiş rəsmə... bir müddət sonra kitablardakı incə miniatürlərə və divarlardakı tablolara, son əsrlərdə isə bu siyahıya ən son yeniliklərdən biri - fotoqrafiya əlavə olunub.

11.12.2011

Əli Əkbər - "Sarı Gəlin"

Əli Əkbərin "Sarı Gəlin" romanından diqqətimi cəlb eləyən, aktual mövzulu diskussiyanı sizinlə paylaşmaq istəyirəm:











Toyxanada baş verənləri zalda quraşdırılan 12 kameranın ötürdüyü görüntülərdən və əlavə olaraq, toyu çəkən AtTV-nin 4 kamerasından izləyən Dayandur müəllim, “Dionis”dəki xüsusi kabinetdəki kreslosuna yayxanmışdı, Nüsrətin sevimli viskisindən içirdi. Soruşdu:
- Nə danışırlar?
- Deyəsən narazıdılar.
Dayandur müəllim bir qədər fikirləşib dedi:
- Sən gözdə-qulaqda ol. Ayağa duran olsa, bizimkilər dallarıyca getsin. Tualetdə də başlarının üstündə dayanın. Solçuların stolundan da maraqlı xəbərlər gəlir. Meyxana dəyişməsi gedir, – Dayandur güldü. – Nə isə. Diqqətli olun.
Erkin əsəbi halda yerində qurdalandı. Gözlərini qıyıb Rufizə baxdı:
- Vətənpərvərliyin bura nə dəxli?
- Necə yəni nə dəxli? Nüsrət müəllimin vətən üçün elədiklərinin bir faizini siz eləmisiz? Hə? Eləmisiz?
- Xahiş edirəm, spekulyasiya eləməyin də. Nədir e vətənpərvərlik? Özün it günündə yaşasan da, acından ölsən də fəxr eləməlisən ki, belə gözəl toyxanalar, Nüsrət müəllim kimi milyonerlər var? Bu nə məntiqdi? Sevinək ki, kimlərsə villalarda yaşayır, iki yüz minlik maşınlar sürür? Budur vətənpərvərlik? Siz bununla fəxr edirsiz? Sənə və xalqa aid olmayan bir şey, sənin vətənpərvərlik hisslərini niyə qabartmalıdı, başa düşə bilmirəm!

10.12.2011

1news.az`ın xalqın uşağını danlaması













Dünən gecə "Afişa" jurnalında Səriyyə Əliyeva adlı bir azərbaycanlı qızın fikirlərini oxudum. Jurnalın layihəsinə əsasən keçmiş SSRİ respublikalarının hər birindən imperiya dağılan il doğulmuş bir gəncin dünyagörüşü öyrənilir. Azərbaycandan isə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin  tələbəsi Səriyyə Əliyeva öz düşüncələrini oxucularla bölüşüb. Müsahibəni oxuyarkən onun barəsində məndə ən adi, sıradan azərbaycanlı gənc qız təəssüratı yarandı. Heç kimdən çox fərqlənməyən, 1-2 qlamur kitab (Coelho-filan) oxuyan bir qız. Doğrusu, buna da sevindim ki, nə yaxşı bizdə 3-4 dil bilən, ya da ümumiyyətlə, dil bilən adam qalıb. Çünki şəhərə çıxanda bəzən insanların danışığını başa düşə bilmirəm. Nəsə bir-birlərinə qışqıraraq "Əəə.. Eee.. İuu.. Mau.." formasında bir şeylər deyirlər. Ona görə də Səriyyənin kiməsə bir az səthi görünə bilən müsahibəsini oxuyanda ağlımdan "əlbəttə, daha proqressiv fikirlər eşitmək yaxşı olardı, amma buna da şükür" düşündüm və səhifəni bağladım.

Səriyyə müsahibəsində nələr deyirdi:

9.12.2011

Internet & TV








Mən İnternet-Televiziyalarla bağlı nə hökumətin əndişəsini, nə də bu əndişədən narahat olanları anlamıram. İnternet televiziyası ideyasının özü ümumiyyətlə nəsə inandırıcı görünmür. Çünki internet eyni zamanda o qədər fərqli formatda informasiya vermək imkanına malikdir ki, onun yanına televiziya kimi köhnəlmiş ifadə və ya anlayışı qatmağı doğru saymıram.

Bu gün internet portallar əsridir. Bir portala girərkən eyni zamanda sənə təqdim olunan variantlardan istədiyini seçə; xəbəri oxuya, xəbəri dinləyə, ya da xəbərə baxa bilərsən. Bu ümumiyyətlə xəbərə, informasiyaya yeni baxışdır, bəlkə də 3D baxışıdır.

Televiziya anlayışı isə artıq köhnəlib. Youtube televiziyadan daha maraqlıdır, demək olar ki, istədiyin informasiyanı tapa bilərsən. Hətta bu informasiyanı qəbul edəndən sonra sənə ona bənzər başqa informasiyalar da təklif olunur. Bu azmış kimi özün də istədiyin informasiyanı ora əlavə edə bilirsən. Elə ona görə də bu gün uğurun sirri və yolu internetdən (Youtube, Facebook və s.) keçir.

3.12.2011

Şərt və şum

İctimai problemləri düşünən hər bir insanın bu problemlərin həlli barədə müəyyən istəkləri, gözləntiləri olur. Bir çox hallarda insanlar kütlə barədə utopik arzularla yaşayır. Məsələn, istəyirlər ki, hamının kitab oxuduğu, yeri zibilləmədiyi cəmiyyətdə yaşasınlar. Bəziləri hamının həftə sonu teatra gedərək bu biçim mədəni istirahət etməsini, mənəvi ehtiyacını yalnız yüksək incəsənət nümunələri ilə qidalanaraq ödəməsini istəyir. Ya bir kəsim iddia edir ki, hamı öz hüququnu bilməli və onu qorumalıdır və s.

Çox güman ki, kütlə barədə ümumiləşdirilmiş arzu, istək və gözləntilər totalitar düşüncənin məhsuludur. (Bu arzu və istəklərin müsbət olması isə sadəcə bu fenomenin həm də paradoksallığı faktını gücləndirir.) Baxmayaraq ki, özüm də bir zamanlar belə düşüncələrdə bulunmuşam, amma indi bunu yanlış sayıram.

Fəqət problemsiz də yaşamaq mümkün olmur. :) O zaman fikrimcə biz kütlənin konkret durumunu deyil, onun fəaliyyət göstərdiyi, ya da ona təqdim olunan şərtləri qarşımıza problem olaraq qoymalıyıq.