10.12.2011

1news.az`ın xalqın uşağını danlaması













Dünən gecə "Afişa" jurnalında Səriyyə Əliyeva adlı bir azərbaycanlı qızın fikirlərini oxudum. Jurnalın layihəsinə əsasən keçmiş SSRİ respublikalarının hər birindən imperiya dağılan il doğulmuş bir gəncin dünyagörüşü öyrənilir. Azərbaycandan isə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin  tələbəsi Səriyyə Əliyeva öz düşüncələrini oxucularla bölüşüb. Müsahibəni oxuyarkən onun barəsində məndə ən adi, sıradan azərbaycanlı gənc qız təəssüratı yarandı. Heç kimdən çox fərqlənməyən, 1-2 qlamur kitab (Coelho-filan) oxuyan bir qız. Doğrusu, buna da sevindim ki, nə yaxşı bizdə 3-4 dil bilən, ya da ümumiyyətlə, dil bilən adam qalıb. Çünki şəhərə çıxanda bəzən insanların danışığını başa düşə bilmirəm. Nəsə bir-birlərinə qışqıraraq "Əəə.. Eee.. İuu.. Mau.." formasında bir şeylər deyirlər. Ona görə də Səriyyənin kiməsə bir az səthi görünə bilən müsahibəsini oxuyanda ağlımdan "əlbəttə, daha proqressiv fikirlər eşitmək yaxşı olardı, amma buna da şükür" düşündüm və səhifəni bağladım.

Səriyyə müsahibəsində nələr deyirdi:

- Əvvəllər Bakıda yəhudilər, ermənilər yaşayırdı, onlar köçəndən sonra yerinə kəndlilər gəldilər;
- Bakı iki sektora bölünüb, biz rus sektora aidik, az.sektor qızlarının səliqəsiz, əzablı görünüşləri var, çoxu da evdə oturub tez ərə getmək istəyirlər;
- Ən dəbdə olan əyləncə yeri Buta Palace`dır, ora Timaty və Jay-Z gəlib, indi Lady Gaga`nı gözləyirik;
- Allaha şükür, şəhərimizdə Park Bulvar və Nargiz Center, onların da içində Zara və bershka var
və s...

Gördüyümüz kimi, adi bakılı qızın düşüncələridir. Öz gördüklərini, düşüncəsinə görə təhlil edib, bölüşüb. Atalar demişkən, aşıq gördüyünü çağırar.

Bu gün səhər isə iqtidaryönlü və rusdilli 1news.az saytında bu yazını oxuyanda, gözüm kəllləmə çıxdı. Yazı müəllifi Səriyyə xanımın fikirlərini hallüsinasiya adlandırıb, onu və onun yaxınlarını xeyli danlayıb ki, niyə Bakı və Azərbaycan barədə elə fikirlər səsləndirib.

* * *

Görün məmləkət nə gündədir ki, 20 yaşlı qızın da dedikləri bunları qıcıqlandırır.

Nə olub, nəyə təəccüblənirsiniz, sizin təhsil sisteminizdən ümumiyyətlə danışıb, yaza bilən adam çıxırsa bunun özünə sevinməlisiniz.

Bu sizin BDU:



Mən BDU-nun Beynəlxalq Münasibətlərində tələbə tanıyıram ki, 20-ci əsrin ən böyük beynəlxalq əks-sədalarından birinə imza admış Che Guevara`nı tanımır.

Görəsən nəyə görə 1news.az bu problemlərin səbəbini araşdırmaq əvəzinə bu problemlərin qurbanlarını hədəfə alır?

O qız haqlı olaraq müsahibəsində ölkə əhalisinin böyük əksəriyyətinin peyk antennalarından istifadə etdiyini deyir. Bəs o gənc qız, ümumiyyətlə xalq nəyə baxmalıdır, buna?



Nəsə, 1news.az getsin əvvəl ölkənin problemlərinin, təhsilin səviyyəsinin səbəblərini araşdırsın. Xalqın uşağı ilə işiniz yoxdur!

1 yorum: