11.12.2010

Turgut Er`in "Azadlıktan Tiranlığa" kitabı barədə


Turgut Er`in "Azadlıktan Tiranlığa" kitabını bitirdim. Əslində bizim kimi balaca ölkə barədə hər nə yazılsa cəmiyyətimizdə rezonans doğura bilər. Bu kitab da o cümlədən; hakim partiyanı dilxor edib, müxalif qüvvələrdə isə eyforiyaya səbəb olub.

Kitabda Azərbaycan tarixinin kifayət qədər önəmli sayıla biləcək dövrünə (1994-2000) işıq tutulmağa cəhd edilib.

Könül istərdi ki, bu dövr barədə daha professionalca yazılmış bir kitab oxusun. Çünki T.Er`in kitabında elmilikdən əsər-əlamət yoxdur. Əslində müəllifin niyyətinin müsbət olduğu hiss olunur. Amma həm də o hiss olunur ki, kitab soyuqqanlılıqla deyil, emosiya ilə, saflıq və sadəlövhlüklə yazılıb. Kitab boyu azərbaycanlılara sevgi, rəğbət leytmotiv kimi keçir. Amma kitabın konkret xalqa (xüsusən də onun etnik mənsubiyyətinə görə) rəğbət və sevgi ilə yazılmasının özü MÜƏLLİF BİTƏRƏFLİYİnə kölgə salır. Paradoksal haldır ki, bunlarla yanaşı kitabda Azərbaycan cəmiyyətinə münasibət baxımından kifayət qədər ciddi səhvlər buraxılıb. Hətta bəzən müəllifin 7 il Azərbaycanda yaşamasına insan inana bilmir. Əlbəttə kitabın ilk cümləsi olan "Ben bir tarihçi değilim"ə görə müəllifi qınamamaq da olardı. Lakin kitabda o qədər qeyri-dəqiqliyə, hətta məsuliyyətsizliyə yol verilib ki, bütün bunları yazmaya bilmədim. Sadaladığım nöqsanlar həm də ona görə təəssüfləndiricidir ki, müəllifə qarşı olan inamsızlıq onun kitabda təqdim etdiyi bəlkə də (ya da bəlkəsiz) dəyərli və doğru informasiyalarına da kölgə salır.

Əvvəla, ondan başlayaq ki, müəllifin tənqid konteksti çox primitivdir - o, bütün məsələlərə "Türkçülük" kontekstindən baxır, insanları türkçü olmamaqda qınayır, ya da əksinə türkçü olduqlarına görə tərifləyir. Halbuki Azərbaycanın bu gün ən az ehtiyac duyduğu ideologiyalardan biri də elə türkçülükdür. İndi kitabda altını cızdığım hissələri təqdim edirəm:
- Cephede şehit olanların hiçbiri Bakülü değildi. (səh. 38)

- Ebulfez Elçibey`in Cumhurbaşkanlığı bir yıl sürdü. [...] bu bir yıl zarfında [...] Azerbaycan anayasası kabul edildi. (səh. 84-85)

[Heydər Əliyev] Büyük bir güç elde etmişti. Asrın kontratı imzalanmıştı. (1994-F.A.) [...] İsa Gamber`i, Penah Hüseyinov`u [...] ve diğer milliyetçi liderleri çeşitli bahaneler uydurarak, sorgusuz, sualsız ve mahkemesiz hapsetti. (səh. 188-189)

T.Er`in çeçenlərə qarşı heyranlığı da çox təəccüblü və məncə yersizdir. Əgər bu kitab ötən əsrin 90-cı illərində yazılsaydı, onun emosionallığını anlamaq olardı. Fəqət 2010-cu ildə, o illərlə bağlı bu cümlələri yazmaq ən azından sadəlövhlük göstəricisidir.

- Azerbaycan halkı, bir avuc Çeçen savaşçının Ruslara karşı göstermiş olduğu kahramanlıkları hayranlıkla ve hatta kıskançlıkla izliyordu. Çünkü kendileri, Çeçenlerin gösterdiği bu direnişi ve mücadileyi Karabağ`da gösterememişlerdi. (səh. 281)

Amma 85-ci səhifədə Elçibəy dönəmində "Ermenilerin işgal etdiği bir çok yerin geri alındığı"ndan, 109-cu səhifədə isə "6 vilayetin Aliyev döneminde verildi"yindən söhbət açılır. Deməli, müəllif özü də çox gözəl bilir ki, xalqın dirənişi xalqın özündən daha çox, iqtidarda olanın siyasi iradəsindən asıldır.

(Burada bir haşiyə çıxım. Mən son zamanlar inqilablar, savaşlar barədə oxuduğum bütün kitablarda bir məsələyə diqqət etməyə çalışıram - bu savaşlarda, inqilablarda istifadə olunan silahlar necə əldə olunur, onları kim maliyyələşdirir? Məncə çeçenləri tərifləyərək göylərə qaldıran müəllif bu barədə də araşdırma aparsa və nəticələrini kitabda bizlərə təqdim etsəydi çox gözəl olardı. Bundan başqa indiki çeçen xalqı və 90-ların çeçenləri arasında niyə fərq yarandı? Niyə o zaman "dirəniş göstərən" xalq indi həm öz, həm də imperiyanın diktatoruna boyun əydi? Deməli, xalq bir institut kimi əslində mövcud deyil, bayaq dediyim kimi, siyasi iradə, idarə etdiyi kütlədən istədiyini yarada bilər.)

Azərbaycan barədə bildiklərini deyən müəllif nədənsə Türkiyədə yaşayan və müəyyən statusa malik insanlarla bağlı bəzən ad çəkməkdən qaçınır. Buna görə onu qınamıram əslində, sadəcə faktı nəzərinizə çatdırıram.

- Türkiye`nin en büyük tirajlı gazetesinin o zamankı muhabirlerinden biri, şimdiki bir gazetenin Genel Yayın Müdürü ve köşe yazarı meslekdaşımızın "Ben Çeçenistan`da iken..." diye yazıları yayınlanıyordu. Halbuki o değerli (!) gazeteci Bakü`den dışarıya bile çıkmamıştı. (səh. 284)
Türkiyə mətbuatını mütəmadi izləməyə çalışan biri kimi, bu qəzetçinin kim olduğunu bilmək mənə də maraqlı olardı.

Müəllif dəfələrlə 2 Oktyabr 1994 hadisələrinin əslində çevrilişə cəhd yox, düzəldilmiş oyun olduğunu, F. Demirkol`un bu məsələlərdə əslində iştirak etmədiyini qeyd etsə də, (səh. 194, 253 və s.) Türkiyə XXO əməkdaşı E.Güven kitabın 341-ci səhifəsində tam əksini söyləyir: "Nitekim bu 2 Ekim 1994 olaylarında Suret Hüseyinov ile Rövşen Cevadov birleşmişlerdi ve darbe dedikleri yani hükümeti devirme girişimleri olmuştu." "Büyükelçi Altan Karamanoğlu da ben de Ferman Demirkol`a bu işlere girmemesini söylemiştik"
* * *
Azərbaycan iqtidarının kitabla bağlı hay-küyünü də anlayıram. Məsələ burasındadır ki, bu hakimiyyətə elə bu cür də kitab yaraşar. Amma əminəm ki, Əliyevlər dövründə ölkədə yaranan və (ya) həll olunmayan problemlərlə bağlı gələcəkdə daha elmi və professional nöqteyi-nəzərdən yazılmış kitablar dərc olunacaq.

2 yorum:

  1. Men bu kitaba turk zurnslistlerin.munadibetini ve oz saytlarimizda yazilanlari oxudum, Shahidi olduqum ziddiyetlik basimi qarisdirdi. ¿

    YanıtlaSil
  2. Kitabda butun Azerbaycanin bildiyi ancaq dile getirmeye qordugu gercekler yazilib.Sizin tehlile baxin.

    YanıtlaSil