8.09.2012

Niyə birgə mahnı oxuyammırıq?

Dəfələrlə şahidi olmuşam, görürsən bir beynəlxalq tədbirdi, banket zamanı müxtəlif xalqların nümayəndələri xorla öz mahnılarını oxuyurlar.

Bircə növbə bizə çatanda alınmır.

Əvvəlcə xeyli müzakirə gedir ki hansı mahnını oxuyaq, biri deyir filan mahnını, üçü deyir sözlərini bilmirik.

Üçü deyir filan mahnını, yerdə qalanlar deyir ümumiyyətlə o mahnını bilmirik.

Nəhayət bir mahnıda qərar tutulur, başlayırlar oxumağa, bu zaman dəstənin yarısı məsələn bəndi təkrar edir, yarısı keçir nəqarata, ara qarışır məzhəb itir.

80-lərin axırı, 90-ların əvvəli belə bir populyar fikir vardı: biz bir ola bilmirik, ona görə də təkbətək idman yarışlarında yaxşıyıq, komanda yarışlarında yox. (İndi də bu misalı çəkənlərə rast gəlirik, Elmir Mirzovev demişkən, "next"ləri 88-dən sonra vurulmayan adamlara)

Əslində isə bizdə ona görə təkbətək idman inkişaf edib ki əlbəyaxa idman növlərinin ibtidai səviyyəsi (güləş və s.) ilə məşğul olmuşuq həmişə.

Amma problem problemliyində qalır: bir yerə yığışanda nəsə edə bilmirik. Bəs niyə belədi görəsən?İcazənizlə öz versiyamı ortalığa atım, görək ağlınıza batırmı?

Məncə bizdə heç vaxt sərbəst toplaşmaq azadlığı olmayıb, ona görə bir yerdə nə mahnı oxuya bilirik, nə də başqa bir şey.

Məsələ onda deyil ki biz bir yerə yığışsaq guya kimsə aramızdan ittifaqımızı dağıdacaq ya hər nəysə..

Məsələ ondadır ki biz bir yerə yığışsaq mütləq kənardan bir nəfər uniformalı gəlib qışqıracaq:

- Nooluv əə, nəə yığışıfsıñız bura?! Dağılışıñ!

Fotonun mənbəsi

Hiç yorum yok:

Yorum Gönder