21.11.2010

Mentalitet 2010





















Bu fotoya diqqətlə baxın. Çox yox, təxminən 100 il əvvəlin azərbaycanlılarıdır. Şübhəsiz, onların da özlərinəməxsus "mentalitet", "namus", "qeyrət" anlayışları olub.

Məsələn, indi bizə çox adi gələn məsələlər, tutaq ki, qadınların kişilərlə bir yerdə işləməsi, yaxud başı açıq gəzməsi onlar üçün dəhşətli bir hadisə ola bilərdi.

Fotodakı kişilər heç vaxt razılaşmazdılar ki, xanımları evdən başı açıq, tək-tənha çıxıb işə getsin, hansısa binada yad kişilərin yanında işləsin (hələ mən ictimai nəqliyyatda yan-yana oturub getməyi demirəm) - heç şübhəsiz bunu biqeyrətlik sayardılar, deyərdilər ki, bu kafirlərin, avropalıların adətidir, bizə yaramaz...

...100 il keçdi, indi biz onların düşüncələrini geriçilik, cahillik sayırıq...


* * *

...Amma indinin özündə də biz öz müasirimiz olan, fəqət bizdən irəlidə olan cəmiyyətlərdəki həyat tərzinə, məişətinə qəribə baxırıq, bəyənmirik, hətta bəzən bunu əxlaqsızlıq sayıb, deyirik ki, onlara oxşamayaq, öz adət-ənənəmizi saxlayaq və s...

Beləliklə, inkişaf etmiş cəmiyyətlərə münasibət baxımından bu fotodakı adamlardan bir fərqimiz olmur...

Bu fotodakı adamlar bir əsr əvvəl öz mentalitetlərini bəyənib, müasirləri olan tutaq ki, firəngistanlılardan narazı idi, biz də bu gün öz mentalitetimizi bəyənib öz müasirlərimiz olan fransızlardan narazıyıq...

Amma eyni zamanda bu fotodakı adamların da düşüncəsinə cahillik deyə bilirik...

Yəqin bizdən 100 il, hətta 20-30 il sonrakı nəsillər də cəmiyyətimizdə bu gün yaşamını sürdürən qadağalara güləcək, bunları geriçilik, cahillik sayacaq...

Mentalitet dediyin də elə bu zatən. Zaman-zaman dəyişir, elə dəyişməlidir də. Əgər prinsip kimi "hər şey olduğu kimi qalmalıdır" desək, o zaman gərək bütün bəşəriyyət mağaralara dönsün, çünki hər şey oradan başlayıb.

Fotonu əldə etdiyim ünvan.

8.11.2010

Meydan




(Ü. Hacıbəyova və bu günlərdə qapadılmış "Alma qəzeti"nə sayğılarla)


   Dünyada istedadsız insan yoxdur. Zatən bir insanın istedadsız olması, onu digərlərindən fərqləndirərdi və bu özü də ali təbiət qanunlarına zidd olardı. Təbiətdə isə hər şey yüksək qanunauyğunluqlarla idarə olunduğundan bu mümkün deyil.
   Bəs onda insanlar bərabərdirsə, niyə müxtəlif toplumların yaşayış səviyyəsi arasında fərqlər mövcuddur? Niyə bir toplumda insanlar insan kimi, digərində isə it kimi yaşayırlar? "İnsan" və "it" ifadələri də şərtidir və mən əsla itlərin haqqını yemək istəmirəm. Sadəcə, mənsub olduğum xalq bəşəriyyəti yaşayış səviyyəsinə görə bu iki əsas kateqoriyaya bölüb. Mən də elə bu xalq üçün yazdığımdan çalışıram ki, maksimum anlaşıqlı olsun. Yoxsa insan kimi yaşayanların itlərinin də çox gözəl və öz sahiblərinin yaşayışına uyğun şəkildə yaşadığını çoxumuz bilirik.
   Tam səmimiyyətimlə deyim ki, özümüzü "it kimi yaşayanlar" kateqoriyasına aid edirəm. Əvvəla, bu ölkədə heç kimin malı və canı güvənlikdə deyil. Hər birimizi çox asanlıqla, ən ağlagəlməz səbəblə tutub pul tələb edə bilərlər, verməsək, dama basarlar və hər şeyimizi də əlimizdən alarlar. Çünki bu ölkədə qanunlar sistemi işləmir, işləyirsə də pis işləyir. İkincisi, bu ölkədə nəyin yaxşı, nəyin isə pis olmasını cəmi bir neçə nəfər adam müəyyən edir. Orta statistik vətəndaşın da əsas informasiya alma vasitəsi televiziya olduğundan onlar da bu hipnozun qurbanı olurlar. Üçüncüsü, təhsilimiz bərbaddır - müəllimlər gələcəyimizi məhv edirlər, dördüncüsü, səhiyyəmiz - həkimlərimiz cəllad kimi. Əlqərəz, biz bir toplum olaraq it kimi yaşayırıq!
   Əgər insan kimi yaşayanlar da, biz də insan adlandırılırıqsa, bərabəriksə, hamı kimi hansısa sahədə istedadlıyıqsa, o zaman bizə insan kimi yaşamağa nə mane olur?