8.11.2010

Meydan




(Ü. Hacıbəyova və bu günlərdə qapadılmış "Alma qəzeti"nə sayğılarla)


   Dünyada istedadsız insan yoxdur. Zatən bir insanın istedadsız olması, onu digərlərindən fərqləndirərdi və bu özü də ali təbiət qanunlarına zidd olardı. Təbiətdə isə hər şey yüksək qanunauyğunluqlarla idarə olunduğundan bu mümkün deyil.
   Bəs onda insanlar bərabərdirsə, niyə müxtəlif toplumların yaşayış səviyyəsi arasında fərqlər mövcuddur? Niyə bir toplumda insanlar insan kimi, digərində isə it kimi yaşayırlar? "İnsan" və "it" ifadələri də şərtidir və mən əsla itlərin haqqını yemək istəmirəm. Sadəcə, mənsub olduğum xalq bəşəriyyəti yaşayış səviyyəsinə görə bu iki əsas kateqoriyaya bölüb. Mən də elə bu xalq üçün yazdığımdan çalışıram ki, maksimum anlaşıqlı olsun. Yoxsa insan kimi yaşayanların itlərinin də çox gözəl və öz sahiblərinin yaşayışına uyğun şəkildə yaşadığını çoxumuz bilirik.
   Tam səmimiyyətimlə deyim ki, özümüzü "it kimi yaşayanlar" kateqoriyasına aid edirəm. Əvvəla, bu ölkədə heç kimin malı və canı güvənlikdə deyil. Hər birimizi çox asanlıqla, ən ağlagəlməz səbəblə tutub pul tələb edə bilərlər, verməsək, dama basarlar və hər şeyimizi də əlimizdən alarlar. Çünki bu ölkədə qanunlar sistemi işləmir, işləyirsə də pis işləyir. İkincisi, bu ölkədə nəyin yaxşı, nəyin isə pis olmasını cəmi bir neçə nəfər adam müəyyən edir. Orta statistik vətəndaşın da əsas informasiya alma vasitəsi televiziya olduğundan onlar da bu hipnozun qurbanı olurlar. Üçüncüsü, təhsilimiz bərbaddır - müəllimlər gələcəyimizi məhv edirlər, dördüncüsü, səhiyyəmiz - həkimlərimiz cəllad kimi. Əlqərəz, biz bir toplum olaraq it kimi yaşayırıq!
   Əgər insan kimi yaşayanlar da, biz də insan adlandırılırıqsa, bərabəriksə, hamı kimi hansısa sahədə istedadlıyıqsa, o zaman bizə insan kimi yaşamağa nə mane olur?

    Mane olan meydanın hansı növ istedada verilməsi məsələsidir.
   Guya ki, insan kimi yaşayanların arasında oğurluğa, quldurluğa, yalançılığa, yaltaqlığa istedadı olan kəslər yoxdur?
   Və ya bizim aramızda gözəl və böyük işlər görməyə, elmə-savada, təhsilə, ədalətə, düzgünlüyə istedadı olanlar yoxdur?
   Əlbəttə ki, hər iki sualın cavabı "var"dır!
   Sadəcə insan kimi yaşayanların ağıllıları günlərin bir günü sözü bir yerə qoyub elə cəmiyyət qurublar ki, orada yaltaqlığa və yalançılığa, oğurluğa və əyriliyə meydan verilməsin. Belə işlərə istedadı olanlar da bu kimi pis vərdişlərə cəmiyyətdə meydan verilməməsini görsünlər və heç olmasa, düzəlməyə çalışsınlar. Meydan nə qədər düzgün düşünülübsə o qədər də adam düzəlir və elə bir o qədər də ümumi işin xeyrinə olur.
   Bizdə isə yaltaqlığa istedadı olan hər kəs özünü balıq suda hiss edən kimi hiss edir. Çünki yaltaqlıqla bu ölkədə nə istəsən edə bilərsən. Amma hər bir istedad öz üzərində çalışdığı kimi hər zaman məşq eləməlisən ki, sonra səndən daha güclü yaltaq gəlib sənin yerini tutmasın. Bu ölkədə yaltaqlığı paslanan insan artıq köhnəlmiş sayılır və atılır. Tutaq ki, insan kimi yaşayanların arasında bir adamda mühəndisliyə istedad varsa, o, yalnız çoxlu çalışmaq, bilik əldə etmək və sənətindəki yaradıcılıqlarla, etdiyi yeniliklərlə uğur qazana bilər. Bizdə isə bir oğru və ya yalançı öz işində çoxlu çalışmaq və yalançılıq-oğurluq sənətində yeniliklər etməklə nələrəsə nail olur.
   Cəmiyyətimizdə bütün növ pis vərdişlərin industriyası mövcuddur. Məktəbdə bu pis vərdişləri ibtidai şəkildə, universitetdə isə ali şəkildə öyrənirlər. Sonra işlədikləri yerlərdə bu bilikləri əyani surətdə tətbiq edirlər, ailədə çocuqlarına öyrədirlər. Bu isə zəhərli bir ağac kimi içimizdə kök salır.
   Bəs bu meydanı kim yaradır? Axı, ola bilməz ki, bu cür balaca ölkədə bu qədər ulduz yarışması olsun. Ola bilməz ki, yaxşı müəllimlər, həkimlər barmaqla sayılsın. Demək, bütün bunları fikirləşənlər, layihəsini çəkənlər və icazə verənlər var. Bu işlərə isə ancaq dövlətin yuxarısında oturanların səlahiyyəti çatır. Demək günahkar onlardır. Ya da sadəcə, onların savadları və zövqləri yoxdur.
   Belə çıxır ki, elə onların özlərinə də kimlərsə meydan verib. O "kimlərsə" isə bizik!



30 İyun 2007
Alma qəzeti

1 yorum:

  1. "Sənin qəlbində yetərincə eşşəklik varsa, istədiyinə nail olacaqsan."

    YanıtlaSil