27.05.2010

M.S. Ordubadi "Dumanlı Təbriz" (romandan parça)




Dostlar, bu günlərdə M.S. Ordubadinin "Dumanlı Təbriz" romanını oxuyuram. Romanda İrandakı homosexual adətlər və Qacar şahlarının buna meyli barədə aşağıdakı parçanın geniş xalq kütlələri üçün maraqlı ola biləcəyini düşündüyümdən, paylaşmaq qərarına gəldim.

[...]
- Hər halda Təbriz qadınları məşhur İran padşahı Nəsrəddin şahın tanıdığı qadınlar deyil. Şahın anladığı kimi, onlar yalnız xörək bişirmək üçün deyil, eyni zamanda hər bir işə qabildirlər. Onlar çox ədəblidir. Kişiləri məşğul edə biləcək bu kimi idraklı qadınları gördüyüm birinci kərədir. Çox lətif danışıqları, mə`nus xasiyyətləri, zərif şivələri vardır. Onlar mövhumatçı deyillər. Açıq gəzməyə çox artıq maraqları vardır. Bununla bərabər, onların ailə həyatı çox qəmgin və faciəlidir. Kişilərdəki əxlaq pozğunluğu qadınların həyatına çox ağır təsir bağışlamışdır. İran Azərbaycanındakı kişilərin böyük bir hissəsi qadınlara tamammilə nifrət gözü ilə baxır, tamamilə qeyri-təbii eşqlərlə məşğul olurdu. Xüsusən, bu əxlaqsızlıq kübar ailələri içərisində daha artıq "tərəqqi" etmişdir. Bu əxlaqsızlıq XX əsrin əvvəllərində İranda çox böyük şöhrət tapmışdır. Təbrizə gələndən sonra bu məsələlərlə çox maraqlanıram və qoca adamlarla bu barədə çox danışıram. Dəvəçi ağzında çay satan bir qoca kişi ilə tanış olmuşam. Qoca həm alışverişçidir, həm falçıdır, həm də aralıq həkimidir. Bekar vaxtlarımda bununla çox görüşürəm. O, mənə qeyri-təbii eşq haqqında belə bir əhvalat söylədi:

- Urmu varlılarından Məcdüssəltənə 6 qadını olmasına baxmayaraq, 7 nəfər də gözəl uşaq gətirib saxlamışdır.

- Bu uşaqları ona kim verir? - deyə ondan soruşdum.

Qoca başına hərəkət verib, dedi:

- Bunların hamısı aşağı təbəqənin uşaqlarıdır. Bunların bəziləri də ağanın rəiyyətinin uşaqlarıdır. Bəziləri vergi ucundan, bəziləri böyük pul müqabilində alınan uşaqlardır. Bu kimi əxlaq pozğunluğu nəticəsində üz verən hadisələr daha böyükdür. Məcdüssəltənənin gənc qadınlarından bəzisi bu uşaqlarla yaşamağa məcbur  olurlar, çünki ərləri daha uzun müddətdən bəri onlara yaxın getmir. Çox müdhiş hal budur ki, gənc qadınlardan bəzisi bu vəziyyətə davam gətirmədiyindən özünü gölə atıb, boğurdu. Eyni zamanda bir-birini qısqanan uşaqlar da ara-sıra bir-birini öldürüb, yaralayırdılar. Məsələ burasındadır ki, balıq başdan qoxur. Padşah da, vəliəhd də bu xəstəliyə tutulubdur. Hələ hazırkı Məhəmmədəlini demirəm. Bunun atası Müzəffərəddin şahı götürəndə onun özü də bu xəstəliyə tutulmuşdu. O, oğlu Məhəmmədəlinin toyunda oynayan mütrib Əli xanı hərəmində həftələrlə saxlamışdı. Atasından tərbiyə götürən vəliəhdə gəldikdə bütün Azərbaycanı gəzib rastına keçən gözəl gəncləri özü ilə bərabər Təbrizə gətirmişdi.

Urmulu Hacı Şücaüddövlənin oğlunu gətirdi, Təbrizdə Mir Manaf sərrafın oğlunu aparıb saxladı. Sonra sərtiblik verib, buraxdı. Yanında həmişə Abidin xan Mücəlləlüssultanı saxladı. Burada sənə daha qəribə bir söz deyəcəyəm. Onda ki, Məhəmmədəli şahın hərəmi Sürurüssəltənəni Tehrandan gəlin gətirirdilər. Məhəmmədəli şah təzə qadınını istiqbal üçün Vasminc qəsəbəsinə qədər getmişdi. Bu əxlaqsız getdikdə yanınca Abidin xanı da faytona qoyub aparmışdı. Sürurüssəltənə bunu görərkən acıq edib Tehrana qayıtmaq istəmiş. Qadın acıqlanaraq: "Sənin qadının ola-ola mənə nə üçün zəhmət verdin?" - deyib ağlamışdı.

Bu cür şeylər çoxdur. Bunun atası Müzəfərəddin şah Təbrizdə vəliəhd olduğu zaman Məhəmmədsadıq xan onun yaxın adamlarından idi. Bunun oğlu Hüseynpaşa xan gözəl bir cavan idi. Müzəffərəddinin bu oğlana aşiq olduğunu hiss edən Məhəmmədsadıq xan, oğlunu gecə ilə Qaradağa öz kəndinə göndərmişdi. Bir neçə ildən sonra oğlan çiçək xəstəliyinə tutulub çopur olduqda atası Təbrizə gəlməsinə icazə verdi.

- Hüseynpaşa xan kimdir? - deyə soruşduqda qoca gülümsünüb dedi:

- İndiki Əmir Bahadır-cəng. İndiki hərbiyyə vəziri. Hazırda Lyaxovla əlbir olub parlaman binasını topa tutan cənab! Bu adam məşrutənin dağılmasında birinci rol oynamışdır.

- Çox razıyam! Mənə böyük məlumat verdin!- dedikdə qoca ah çəkdi. Son sözünü belə qurtardı:

- Kübar ailələrdə lan alçaqlığı bilsən, onların xalqın başına nələr gətirdiyini öyrənsən, nə qədər ömrün varsa, yadından çıxarmazsan, oğlum!

Mən kübar ailələrin əxlaqsızlığı haqqında bir çox bu kimi işləri yalnız eşitmək deyil, öz gözümlə də gördüm. Abdulla xanın evindəki qonaqlıq bunu mənə bir daha isbat etdi. Qadınlar kişilərini qeyri-təbii eşqdən qaytarmaq üçün özlərini uşaq şəklinə salmağa məcbur olmuşdular.[...]

Müzəffərəddin şah Qacar
1896-1907-ci illərdə İran Şahənşahı




Məhəmmədəli şah Qacar
1907-09-cu illərdə İran Şahənşahı

1 yorum:

  1. Firudin,

    paylaşım üçün təşəkkürlər. Mənim üçün çox maraqlı oldu, hətta ağlımda bura kimi düyülüb qalmış suallara qısmən də olsa cavab tapa bildim.

    Həmişə düşünürdüm ki, nədən iranlılar bir İslam dövləti olmağa qərar veriblər. Zira bunu nisbi çoxluqla xalqın istəyi və razılığı ilə olduğunu bilirdim, lakin bu istəyi yaradan ehtiyacın nümunələrini bilmirdim.

    Romandan sitat "Kübar ailələrdə olan alçaqlığı bilsən, onların xalqın başına nələr gətirdiyini öyrənsən, nə qədər ömrün varsa, yadından çıxarmazsan, oğlum!"

    Demək ki, xalq (yəqin ki, ən çox da qadınlar:) ) özlərinin xoşbəxtliyinə qənim kəsilən məqamın məhz İslamda qəti rədd edildiyini və müəyyən əxlaq kodekslərin aşılandığını görərək, onlar üçün arzuladıqları səadətə qovuşduracaq (?!) yolu seçmişlər və pənahı burda tapmışlar. :)

    Sözsüz ki, bu sosial baxımdan düşündüyüm bəlkə də bayağı bir tərəfdir. Siyasi baxımdan nələrin gizləndiyini isə ən yaxşı Allah və farsların özü bilər :)

    Səbəbsiz heç nə, heç nəsiz isə nə səbəb nə də nəticə olurmuş....

    Sevgilər...

    YanıtlaSil