Təbliğat məqsədi ilə nə zamansa, kiminsə dilindən çıxan bir fikri bizim TV-lər bəzən o qədər yerli-yersiz işlədir ki, axırda şiti-şoru çıxır, o kəlam da hamının gözündən düşür və sonralar yalnız istehza məqsədi ilə işlədilir.
Yadınızdadırmı, məşhur “Lazım gələrsə...” qorxutmacası?
Mən bilmirəm bunu ilk dəfə kim işlətdi: Prezident, yoxsa Müdafiə naziri? TV mikrofonu qarşısında dili dolaşan əsgər, yoxsa hansısa bir meyxanaçı... Amma hər halda, bu ifadəni sonralar o qədər fırlatdılar ki, indi yalnız istehza vasitəsi kimi qəbul olunur.
Artıq çoxdan gülüş mənbəyinə çevrilmiş və yavaş-
Bu ifadənin müəllifi çox güman ki,
ya TV kanallarının birində xəbər bülletenini sunan aparıcı, ya da prezidenti görülmüş işlərlə tanış edən məmurdur... Əlqərəz, bu ifadəni də çox işlətdiklərindən abırdan saldılar.
Amma məni başqa şey düşündürür... Tutaq ki, bu ifadə doğrudur və heç abırdan da düşmür; bəs bizə necə, “analoqu olmayan” nəsə lazımdırmı?
Məncə bizə “analoqu olmayan” yox, sadəcə “beynəlxalq standartlara uyğun olan” lazımdır.
Bizimkilərə nədənsə elə gəlir ki, proqressiv cəmiyyətlərin keçdikləri yolla deyil, “öz yolumuz”la getməliyik. Buna görə də tez-tez məmurların dilindən “bizim öz yolumuz var” tipində kəlmələr çıxır. Nədir axı “öz yolu?” Əgər ibtidailik və proqress anlayışlarını iki nöqtəyə bənzətsək, onları birləşdirən yalnız 1 düz (!) xətt çəkə bilərik. Deməli “öz yol”-filan boş şeydir, sadəcə dünya praktikasına diqqət etmək gərəkdir.
Siyasi sistem və iradənin məhz “öz yolu” üzərində qurulması və dünya praktikasından istifadə etməmək çox pis nəticələrə gətirib çıxarır.
Məsələn, yol çəkməyin müəyyən standartları var; en bu, uzun bu, tərkib bu, qaydası da belə. Ya da başqa sahələr... Amma bizdə büdcədən pul mənimsəməyin dərdindən standartı-zadı hərləyən yoxdur. Düzəldirlər, məlum olur ki, məsələn, yağışa davamlı deyilmiş, söküb, təzədən yığılrlar, bu zaman qar yağır, aydın olur ki, qar yağması nəzərə alınmayıb və s...
Amma ölkəni idarə edən siyasi iradə “analoqu olmayan” deyil, “dünya standartlarına uyğun olan” prinsipini rəhbər tutsa, vəziyyət bu qədər faciəli olmazdı.
Bu cür yolları çəkən, o yollarda gedən adamlar da məişətlərində dünya standartını veclərinə almırlar. Tutaq ki, bir vətəndaşımız evinə televiziya, ya da cibinə telefon alıb. Heç vaxt onu “Təlimat kitabçası” vasitəsi ilə öyrənməz!!! İllah ki, qurdalaya-qurdalaya öyrənməlidir. Çünki bizim fikrimizcə bu “Təlimat kitabçası”, “İstifadə qaydaları” və s. lazımsız şeylərdir. Bizim arşınımızla ölçsək, bunu o qutulara sadəcə “quş qoymaq” üçün əlavə edirlər. Halbuki bütün bunlar təcrübə əsasında öyrənilib, qeyd olunub ki, biz əziyyət çəkməyək, gəlinmiş yolu təzədən getməyək.
Standartlar və şiti çıxmış ifadələr barədə danışmışkən bir lazımi məqamı da yadınıza salım. Bizim ölkəyə vaxtilə rəhbərlik etmiş insanlar barədə də hər gün qeyri-standart ifadələrə rast gəlirik: “ümummilli”, “böyük bəy”, “öndər” və s. Halbuki, bu problemin də öz standartlarına uyğun həll yolu var: Azərbaycan Respublikasının 1-ci, 2-ci və 3-cü prezidentləri. Təklif edirəm ki, bundan sonra barı bu məsələdə dünya standartlarından istifadə edək.
Standartlar həmişə uzunömürlü olur, hər gəlib-gedən onu dəyişə bilmir, uzun müddətli ənənəyə çevrilir. Standartlardan istifadə etmək həm də qənaətə, həqiqi iqtisadi inkişafa gətirib çıxarır. Bir ətrafa boylanıb, yaxın-uzaq cəmiyyətləri müqayisə edin...
Yazı "Demokrat" qəzetinin 9-cu (29 aprel - 5 may, 2010) sayında dərc olunmuşdur.
Hiç yorum yok:
Yorum Gönder