23.04.2010
Mavi, Qırmızı, Yaşıl...
Mavi, Qırmızı, Yaşıl...
Hansı Mavi? Hansı Qırmızı? Hansı Yaşıl?
Hər bir rəngin müəyyən tonları var. Biz kağız və ya kətan üzərinə qırmızı rəngin müxtəlif tonlarını - çalarlarını çəkə bilərik. Hər bir rəngdəki çalar fərqlərini sadəlövhcəsinə açıq və tündə də bölmək olar. Əslində isə hər bir rəngin onlarla, yüzlərlə variantı var. Bunu rəssamlar daha yaxşı bilərlər. Məsələn, Türkiyə bayrağındakı qırmızı rəngin, Pakistan bayrağındakı yaşıl rəngin xüsusi tonları var. Bu dövlətin xüsusi qurumları tərəfindən müəyyənləşdirilir və dəyişilməz qalır. Hər kəs öz ürəyi istədiyi qırmızının və ya yaşılın üzərinə ay-ulduz çəkərək bayraq düzəltmir. Eləcə də keçmiş SSRİ bayrağındakı qırmızı Türkiyə bayrağındakından fərqlənir. Fransız bayrağındakı göy və qırmızının da xüsusi tonları müəyyənləşdirilib. Bu məsələ çox mühümdür və istənilən ciddi dövlətin qanunvericiliyi ilə müəyyən olunur.
Bizdə isə elə deyil.
Hər hansı idarənin, məktəbin qarşısında, ya da bayram günlərində şəhərin yol dirəklərinə bərkidilmiş bayraqlara fikir verin. Hərəsi bir çalarda, hərəsi bir rəngdə. Hələ mən gündən bozarmış, yağış və küləkdən cırılmış bayraqları demirəm. Bu dövlətə hörmətsizlikdir, bəli! Amma əvvəlcə dövlət özü-özünə hörmət qoymalıdır ki, sonra bunu vətəndaşlarından tələb edə bilsin.
Bəzən televizorda hər hansı tədbirdən reportaj görürük. Stolun üstündə yuxarıda yaşıl, ortasında qırmızı, aşağıda mavi rəngli bayraq.
Mavi demişkən... Türk rəmzi imiş...
Əslində türk rəmzi mavi yox, füruzəyidir. Elə bir çox Avropa dillərində də füruzə rənginə “turkuaz” (turqoise) deyilir. Çünki bu rəngi avropalılar türklərin simvolu kimi tanıyıblar. 1918-20-ci illərin arxivlərinə də baxsaq, görərik ki, bayrağımızdakı indi mavi dediyimiz rəng əksər hallarda füruzəyi ilə göstərilib. Bu arada qeyd edim ki, elə o zaman da bayrağa qarşı bir az qeyri-ciddi münasibət var idi. 1-ci Respublika dövründə təsis olunmuş bir sıra orden-medallara və digər nişanlarla tanış olanda məlum olur ki, sələflərimiz üç rəngin yerini istədikləri kimi dəyişirlərmiş: yaşıl gah yuxarıda, gah aşağıda, qırmızı gah yuxarıda, gah ortada və s. Əlbəttə, o vaxtkı və indiki bayraq problemimizin əsas səbəbini bir əsrdə əldə etdiyimiz hər iki müstəqilliyi beynəlxalq siyasi hadisələr sonucu qazandığımızla izah edə bilərik. Amma indi, suların yavaş-yavaş durulduğu bir dönəmdə bu problemin nə üstündən atlaya, nə də gözümüzü yumub yanından keçə bilərik. Bu, bayraq məsələsidir!
Digər problem - bayrağın yuxarıdan aşağı asılma formasıdır. Bəzən hətta yüksək dövlət rəsmilərinin iştirak etdiyi tədbirlərdə bayrağın tərsinə asılmasının şahidi oluruq. Əvvəla, əgər bayraq yuxarıdan asılıbsa çubuq təbii ki, (!) yuxarıda olmalıdır. Yoxsa yuxarıdan asıla bilməz, çubuq aşağıda olarsa, bu, fizika qanunlarına zidd olar. Əgər çubuq yuxarıda olmalıdırsa, demək ayparanın ucları üzü aşağı baxmalıdır. Ayparanın da ucları aşağı baxırsa, demək sağda mavi (əslində füruzəyi) rəng olmalıdır!
İstənilən xəyali üç rəngə şeir yazmaq, mahnı bəstələmək, aborigen xalqların orta əsrlərdə istifadə etdikləri geyimdə tullanıb-düşərək bayrağı səhnəyə gətirmək asandır. Əsas məsələ o üç rəngin özünün dəqiq müəyyənləşdirilməsidir.
Yazı "Demokrat" qəzetinin 8-ci (22-28 Aprel, 2010) sayında dərc olunmuşdur.
Kaydol:
Kayıt Yorumları (Atom)
2006-cı ildən AR Bayraq qanuna əlavələr etdi. Dəqiq RGB rənglər göstərilib.
YanıtlaSil