22.06.2010

Şər (qısa hekayə)











2010-cu ilin iyun ayının əvəllərində, gecə yarısı Xətai prospektində taksi ilə gedirdim. "Şərq bazarı"nın qarşısında, prospektin ortası ilə o tərəf-bu tərəfə keçən meyvə-tərəvəz dolu arabaların arasından bir təhər maşınını sivişdirib keçən sürücüm, digər kolleqaları kimi oxşar mövzuda söhbətə başladı.

- Ay qardaş, burada nə zaman bir qayda-qanun yaradılacaq axı? Buna bax, buna bax... özünü az qala maşının altına atacaqdı... əclaf! O gün gördüm birini maşın vurub xosumvay eləyib, bir istədim saxlayım... sonra lənət şeytana deyib, çıxıb getdim...

Üz-gözümü turşudub, sürücüdən niyə belə etdiyini soruşdum. Adam heç tövrünü də pozmadan, bir damcı belə təəccüblənmədən, söhbətinə davam etdi:

- Başa düşürəm e, qardaş, adamdı, yəqin buralarda ailəsinə çörək pulu qazanmaq üçün işləyirmiş, xəstəxanaya-zada da apara bilərdim... Amma bir bilsən niyə onu aparmadım, məni qınamazsan... Həmin hadisədən 10-15 gün əvvəl, elə bax buradaca, bax o svetofordan 4-5 metr qabaqda, düz gözümün qabağında bir "BMW" yaşlı arvadı vurub, qaçdı. Tez maşını saxladım, onun oğlu idi, nəyi idi, bilmirəm, yanındakı oğlana dedim ki, gətir arvadı qoy maşına, aparaq xəstəxanaya, yazıqdı. Oğlan arvadı qucağına alıb, maşına tərəf gətirəndə nə desə yaxşıdı?

- Nə?

- Dedi ki, buna bax e, qoca arvadı vurub, hələ bir deyir aparaq xəstəxanaya... Qardaş, nə başını ağrıdım, gördüm ki, bu adam "BMW" əvəzinə məni ilişdirmək istəyir, hirs vurdu təpəmə, dedim ə, köpəkoğlu, mən sənə yaxşılılq etmək istəyirəm, sən də mənə şər atıb, türməyə göndərmək istəyirsən? Tüpürdüm, çıxıb getdim... Bax, o gədənin şər atması mənə dərs oldu, o gün yerdə qalan adamı da aparmadım... İndi, özün deginən, bu xalqa yaxşılıq etməyə dəyər, ya yox?

***

Bilmirəm, sürücüyə şər atmaq istəyən o idi ya yox, (çox güman ki, o idi) amma mənim yadıma qonşu məhəllədəki Namizəd düşdü. Onun rayondan şəhərə, bazarda satmağa meyvə-tərəvəz gətirən xalasını da elə təxminən 10-15 gün əvvəl buralarda maşın vurub, aşırtmışdı. Xalasına kömək etməklə pul qazananan Namizəd də o an hadisə yerindəymiş. Detallarını bilmirdim, amma sağ qalmasından, xəstəxanaya çatdırılmasından xəbərim vardı.

Xülasə, sizə bu Namizəddən danışım.

Namizədin ailəsi işğal olunmuş rayonlardan qaçqın kimi gəlib. İlk dəfə onunla tanışlığımız da yadımdadı; axır çərşənbə günündə məhəllədə tonqal qalamışdıq, yaxınlaşdı, salamlaşdı, utancaq oğlan idi, nə danışır-danışsın gülümsəyirdi (bu xasiyyəti indiyədək dəyişməyib). Dərslərini də pis oxumurdu-filan...

Məktəbi bitirib, hamı kimi universitetə, sonra da əsgərliyə getdi. Qayıdandan sonra da o qədər dəyişməmişdi, sadəcə bir qədər depressiv görünürdü hərdən.

Namizədin atası qəssab idi, işi də pis getmirdi, bir neçə ilə qəsəbənin ən varlı adamlarından olmuşdu. Bu kişinin var-dövləti artdıqca hökumət məmurları ilə problemləri də çoxalmışdı, nə vaxt danışdırırdın söhbətinin əvvəli də, axırı da belə idi "biri gəlir, o birisi gedir, məni lap müflisləşdirəcəklər." Uzun sözün qısası, elə həmin ərəfələrdə bizim bu Namizədin cibindən narkotik vasitə aşkar olundu. Elə aşkar olunan gündən başlayaraq, təxminən 2 həftə ərzində atasının bütün malı-mülkü əldən çıxdı. Kişi qəssabxananı bağladı, ailəsinin gündəlik xərclərini ödəmək üçün taksi sürməyə başladı. Tez-tez işlətdiyi "biri gəlir, o birisi gedir" frazası da leksikonundan yığışdı, artıq onu heç kim narahat etmirdi; o, varlı deyildi.

Baxmayaraq ki, bütün qəsəbə onu günahsız hesab edirdi və onun üzərinə şər atılması hamımıza gün kimi aydın idi, Namizədin xarakteri kökündən dəyişməyə başladı; onun ətrafdakılara aqressiyası gün-gündən artırdı...

***

İndi bütün bunları sürücüyə danışmaq, Namizədin ona şər atmasının kökündə hansı səbəblərin durmasını anlatmaq istədim, amma eyni enerjini sərf etməklə bloqa yazmağın, daha çox adama oxutmağın xeyirli ola biləcəyini qərara aldım...

Hadisələrə çox saf, sadəlövhcəsinə qiymət verməyi üstün tutan sürücüm isə davam edirdi:

- Qardaş, bunlara Stalin lazımdı e, hamısını güllələsin. İnan inandığımıza, mən bu xalqın hamısının qanını içərəm, uf da demərəm...

14 yorum:

  1. Ötən ilin oktyabrında axşam saatlarında mənim xalamı da maşınla vurub, qaçıblar. Xalam çanaq sümüyünün sınığı zədəsini alıb, huşunu itirib. Yaxınlıqdan keçən mikroavtobusun sürücüsü tərəfindən aşkar edilməsəydi, indi bizimlə olmayacaqdı. Polis qəzaya səbəb olan nəqliyyat vasitəsini və sürücünü aşkar edə bilmədi(!), sərnişinlərin və xalamın şahidliyilə mikroavtobus sürücüsündən əl çəkdi.

    Xeyirlə Şər arasındakı mübarizənin qalibini insanın inamı təyin edir.

    YanıtlaSil
  2. Məncə çox şey insanın özündən başlayır. Ona gücü, mərdliyi, dürüstlüyü, vicdanı, qorxmazlığı heç kim verə bilməz, əgər onun ruhunda bunun zərrəsi yoxdursa.

    Zəif insanları zəif sistemlər daha da zəiflədir. Zira zəif sistem məhz elə onun zəif insanlarından əmələ gəlmirmi?!

    Qüsuru fərdiyyətdə və azər insanının bir qisminin cəhalətdə olmağında axtarmaq lazımdır. Nəticə isə elmsizliyin bu zilləti meydana gətirən əsas faktor olduğunu qeyd-şərtsiz göstərməkdədir.

    Hörmətlər...Nurlana

    YanıtlaSil
  3. Şərhləriniz üçün təşəkkür, dostlar.
    Burada demək istədiyim şey, sistemin, siyasi iradənin insanların xarakterinə necə təsir etməsidir.

    YanıtlaSil
  4. Mehz butun bunlara gore Azerbaycanda insanlarin insanlara ne bir etimadi, ne bir inami, ne bir guveni, ne de bir etibari qalibdir. Ona gore de bu chirkablar ichinde bogulmaqla yashamaq arasinda vurushur.
    Hele bu harasidir, men kichik yashlarimda shahidi oldugum bir hadise var. Dersden chixib 28 may metrosuna dogru gedirdim, kuchede biri yere serilmishdi, ancaq rengi meyid rengine oxshayirdi, biri de donub ona baxmadi ki, goren buna ne olubdur. Ne bir polis chagiran oldu, ne de bir shey. Belke de olmushdur o, ancaq choxusu de ele zenn etmishdir ki, ichib serilib qalib orada. Azerbaycanda insanlar bir birine chox yaddir, bu yadliq da onlari uchuruma dogru aparmaqdan bashqa bir shey deyil. Qalib bunlara qarshi mubarize aparmaqda da kimse ozunde guc tapa bilmir, chox teessuf.

    YanıtlaSil
  5. Polis Namizede sher atmasaydi Namized de surucuye sher atmazdi.

    YanıtlaSil
  6. Bəli, Namizədin təbəssümünün üzündən itməsinin birbaşa məsuliyyəti bu quruluşun üzərindədir. Azərbaycanda bənzər hekayəsi olan minlərlə insanlar tapmaq olar. Namizədin təbəssümünü üzündən yaşadığı haqsızlıqlar oğurladı. O haqsızlıqları leqallaşdıran və bir başa həyatımıza zorla daxil edən isə bu sistemdir.
    Məhşur rus mahnısında deyildiyi kimi "sobaka bıvaet kusaçey, tolko ot jizni sobaçey"..

    Belə-belə, yavaş-yavaş insanlarımızın təbəssümü üzlərdən itir. Mənim yaşım çatmaz bunu müşahidə etməyə, amma yaşlılıar deyirlər ki sovet dövründə belə Bakı əhalisi daha gülərüz mədəni imiş. Hətta o despot quruluşu belə bu qədər zalım etməmişdi insanları.

    Dünən şimali koreyadakı diktatura haqda, SSRİ-dəki diktatura haqda düşünürdüm, bizim diktatura ilə müqayisə edirdim və belə bir nəticəyə gəldim ki, deyəsən kommunizm diktatura qurmaq üçün daha insaflı bir quruluşdur. Kapitalizm özü özlüyündə onsuz da vəhşi bir sistem sayılır. O demokratik qanunvericiliklə tənzim olunmasa, daha çox amansız olar.
    Deməli bizim qismətimizə bu kombinasiyaların ən amansızı düşüb. Kapitalizm sistemində qurulmuş diktatura rejimi.

    Bundan sonra insanlarımızda gözəl hisslər, təbəssümlər gözləməyimiz sadəlovhlük olardı.
    İnsanlarımız təbəssümlərini günü gündən daha çox itirir, bizə isə avropalıların ailə fotolarındakı təbəssümlərə həsəd aparmaq qalır. Arada da bir-birimizi danlayırıq ki, bəs biz pis millətik şəkildə gülümsəmirik. Ad günlərində ürəkdən “həpi börzdey” oxuya bilmirik, kompleksiliyik, nə bilim əylənməyi bacarmırıq.
    Yaxşı yazlıdır Firudin. İnsanlarımızın niyə gülümsəmədiyini hər dəfə görüb hirsənəndə Namizədin itmiş təbəssümünü yadıma salıb təsəlli tapacam…

    YanıtlaSil
  7. Vəziyyət bu cürdür. Bizim kimi cəmiyyətlərdə insanlararası münasibətlər mədəni qanunlarla yox, təbiət qanunları ilə tənzimlənir. Hamı bir-birinə dişini qıcayır. Baş polis idarəsinin rəisi öz rəisliyində meşədəki heyvanların şahı Şirə oxşayır. Qalanları da bu ardıcıllıqla. Max Weber deyil, Kəlilə və Dimnə, təmsillər - bu cəmiyyətin sosioloqu, sosiologiya kitabıdır.

    ***
    İyirmi dəqiqə əvvələ qədər bulvarda idim, gəzirdim özümçün. Eşitmişdim ki, bulvar təmir olunub, çox dəyişilib, dedim görüm necədir. Xeyli dəyişilib. Demək olar ki, hər üç addımdanbir zibil qabları qoyulub! Amma qazlı-qazsız su şüşələrini adamlar "vse rovno" yerə atırlar! Özünüz gedib bu zibilləri və zibilqablarını görə bilərsiz.

    ***
    Müğənni Azərin oxuyur: "Onsuz da dünya türkün olacaq!", "Onsuz da sonda dünya bizim olacaq!" Mən elə bilirdim ki, o, bu siyasi savadsızlığı yalnız Bakıda, öz aramızda edir, eybi yox. Sən demə, o, Avropa ölkələrində verdiyi konsertlərdə də bunu oxuyur. İsveçrədə oxuyub bu yaxınlarda. Azərinə çıxışı olanlar ondan soruşsunlar o kütbeyindən:
    Min cür bəladan qaçıb, Avropaya sığınan, öz ölkələrində Namizəd kimi, bu taksi şoferinin söhbəti kimi, zibilqabının yanında zibili yerə atmaq kimi instinktiv vəhşilikləri olan azərbaycanlılar, türklər dünyaya sahibmi olmaq istəyirlər?!

    YanıtlaSil
  8. Lolita, hesab edirəm ki, hekayədə kifayət qədər aydın dillə xalqın xarakterinin kimlər tərəfindən dəyişdirilməsinə dair versiya irəli sürmüşəm.
    Heç elə düşünməyin ki, "hakimiyyətin mənbəyi xalqdır", "polislər də xalqın arasından çıxıb", xeyr!
    Siyasi iradə və sistem istənilən kütləni istənilən cür formalaşdıra bilər.

    YanıtlaSil
  9. “İnsanları meşə adamlarına və səhra adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu səhradan gəlir. Səhrada isti külək və qızmar qum insanları sərxoş edir. Səhra dünyası sadə və problemsiz bir dünyadır. Meşə isə suallarla doludur. Yalnız səhra sual vermir və heç nə vəd eləmir. Ruhun atəşi, qığılcımı meşədən gəlir. Səhra adamı, yəni gördüyüm və təsəvvür etdiyim səhra adamı yalnız bir hissə və bir həqiqətə malikdir: bu iki şeydir onun daxilində olan. Meşə adamı isə çoxsifətlidir. Təəsübkeşlər səhradan gəlirlər, yaradıcılar isə meşədən. Şərq ilə Qərb arasında əsas fərq elə budur…”
    ( Qurban Səid- “Əli və Nino”)

    YanıtlaSil
  10. Lolita, pardon, sən yazdıqların gəlişigözəl aforizmlərdir. Ən çox sevdiyim film olan "The bad, the good and the ugly" doludur belə sözlərlə: "There are two kinds of people in the world, my friend: Those with a rope around the neck, and the people who have the job of doing the cutting." və s. :)
    Sənin bədii əsərdən gətirdiyin misal kimi, mən də səhralarda çox gözəl quruluşlar olduğu barədə misallar gətirə bilərəm, islam barədə kitablarda anladılan Xəlifə Ömərin dövrü, ya da "1001 gecə" nağıllarındakı adil Abbasi xəlifələri.
    Nağılları kənara qoysaq, səhralardan Əl-Kindi, İbn Rüşd çıxıb.
    Və yaxud, qərbin qaranlıq çağı...
    Yeltsin idarəçiliyi zamanı rus xalqı başqa cür düşünüb, Putin idarəçiliyi zamanı başqa cür düşünürlər.
    Oyun qaydaları və bunu kimin təklif etməsi, çox önəmlidir.

    YanıtlaSil
  11. Əslində mən bilirəm ki, leading gənclik indi xalqdan bədgüman olmaqdan əl çəkib və belə fikirləşir ki, bütünn bu məsələlərin həlli açarı siyasi sistemdədir. Ancaq mən buna bir az şübhə edirəm. Məsələn, ərəbləri gözümüzün qabağına gətirək. Küçədə adamların üzünə kislota atan, dini qayda-qanuna baş əyən, iki qadın bir kişiyə bərabərdir - deyən ərəbləri. İsveçrə siyasi sistemini, Niderland siyasi idarəetmə modelini ərəblərin cəmiyyətinə tətbiq etsək, böyük bir dəyişiklik olacaqmı, şübhə edirəm. Köhnə söhbət olsa da, xalqın öz hakimiyyətinə layiq olduğu gerçəyi də var. Xalqsız xalq üçün inqilab olmur. Xalq istəməlidir ki, onun siyasi sistemi İsveçrəninki kimi olsun, istəməyəndən, sifariş olmayandan sonra ərəbə necə ayrı siyasi sistem bəxş edə bilərsən.
    Qısası, xalqın, kütlənin tək siyasi sistemin dəyişməsilə dəyişə biləcəyinə ona görə şübhə edirəm ki, xalqın düşüncəsini və davranışını formalaşdıran amillər təkcə siyasi məsələlər deyil. Həm də unudulması uzun söhbət olan fəlsəfi dünyagörüşdür, törələrdir, idollardır, dindir və s!

    Amma yaşayarıq, görərik; bütün bu doolaşıq məsələlərin həlli sadəcə yaxşı bir siyasi sistem olsa, lap yaxşı. Onda hər şey daha asan həll olunar, canımız da qurtarar.

    YanıtlaSil
  12. Loli, siyasi sistemi dəyişmək hər şeyi həll etməyəcək. Canımız da o an qurtarmayacaq. Sadəcə demokratik quruluş bizə problemlərimizi həll eləməyə kömək edəcək. Hər şey inqilabla qurtarmayacaq, əksinə hər şey onda başlayacaq.
    Türkiyə modelini yadına sal. Orada da demokratiya xalqın tələbi ilə gəlmədi. Amma insanlar onu yaxşı həzm elədi.
    Amma hər halda mən xalqın tələbi ilə olan inqilabı arzulayıram. Ona görə də birinci beynilərdə inqilab eləməliyik. Bunu isə Loli, sən etməlisən. Digərlərinin bilmədiyini bilən itelektual. Maarifçilikdən zəhlən gedir amma eləməyəcəksən, bilirəm...

    YanıtlaSil
  13. Çox sağ olun, sizdə haqq var. Amma bunu da deyim, daha bəsdir, dükkanın önünü tutmayayım.

    20-30 ildir ki, Almaniyada, Fransada yaşayan kürdlər, özbəklər, azərbaycanlılar və s. Şərq xalqları var. Onlar Avropaya açılmırlar. Hərəsi öz vətənini evinə salıb, qapısını bağlayıb. Siyasi sistem onların evlərinə müdaxilə edə bilmir.
    Məgər Sovet İttifaqı kimi irəliyə baxan, inkişafçı bir quruluş Əlirzayla Gülbalanın evlərinə girə bilmişdi? Yox. Çöldə, şəhərdə nə baş verirsə versin, Rəcəb İvedik olmaq daha dərin qatlı bir məsələdir. Təhsil, tərbiyə, xalqın folkloru, ədəbi qəhrəmanları, inanclar hamısı dəyişilməlidir, təkcə siyasi deyil, bütün sistem! Demokratik quruluşun bu problemləri həll etməyə kömək edəcəyinə isə hər halu-karda inanıram. Sağ olun.
    Hörmətlə.

    YanıtlaSil
  14. Məsələlərin bir az dərininə gedəndə millət anlayışı itir və görürsən hamı eynidir,insanların "toplaşıb əmələ gətirdiyi" müxtəlif cəmiyyətlər(və siyasi sistemlər)var,hamı eyni yolla yürüyür və hərə bir nöqtədədir. Hətta insanları ittiham etmək də səhv olur göturəndə. Nə bilim.....hələ bir türlü çözə bilməmişəm bu "fikir düyünlərini" özümçün ))

    YanıtlaSil