10.09.2009

Niyə bloggerləri müdafiə etməliyik?

İnsanı heyvanlardan fərqləndirən cəhətlərdən biri də düşündüyünü ifadə etməkdir. Çünki əslində qoyun, keçi, eşşək də "düşünür". Quyu görəndə anlayırlar ki, ora düşmək olmaz, uçurumdan özlərini atmırlar və s. Deməli, insan da düşündüyünü ifadə etməsə, heyvandan fərqlənmir. O zaman məlum olur ki, SÖZ AZADLIĞI olmayan ölkələri idarə edənlər insanların heyvan kimi yaşamasını istəyirlər.










Bizim ölkəmizdə problemlər çoxdur; məktəbdə rüşvət, orduda dedovşina... bunları hamımız görə-görə gəlirik. Bəs bunlar niyə düzəlmir? Çünki bu problemləri ictimai surətdə danışmağa qorxuruq.
Özümüz isə başqa vaxt qorxaqlığa nakişilik kimi baxırıq. Bəs problemləri görüb də deməmək nakişilik deyil?!
Bir neçə ay bundan əvvəl Dövlət Statistika Komitəsi ötən il Azərbaycan dövlət büdcəsindən xaricdən
34 baş eşşək və qatırın alınması üçün 179 min 700 dollar vəsait xərclənməsi barədə məlumat vermişdi.
Bir qrup gənc də dövlətin bu qədər pulunun eşşəklərə "xərclənməsi"nə etiraz olaraq Youtube`da bir video yerləşdirdilər.


Sonra bu gəncləri restoranda döydülər, onlar polisə şikayət edəndə isə özlərini tutub içəri basdılar.
Onlar iki aydır ki, həbsxanadadırlar, 16 sentyabrda onların məhkəməsi keçiriləcək.
Hər bir özünə, sözünə, şəxsiyyətinə hörmət edən Azərbaycanlı gənc onları dəstəkləməlidir! Əgər bir ölkədə kimisə fikrini bildirdiyinə görə həbs edirlərsə, deməli heç kim bundan sığortalanmayıb; kim olur olsun, istər fəhlə, istər nazir... Beləliklə, iki gənci sözlərini kişi kimi dediklərinə, etiraz etdiklərinə görə həbs ediblər.
Amma cəmi iki nəfər gənc... yerdə isə milyonlarla özünə kişi deyən qalıb. Və bizim - milyonların borcu o iki nəfəri müdafiə etməkdir.
O iki nəfər kimdir?













Adnan Hacızadə 1983-cü il, iyulun 13-də Bakıda doğulub. Bakı Avropa liseyini bitirib. 2000-ci ildə Qərb Universitetinə daxil olub, bir il sonra ABŞ-ın Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb.

Emin Milli 1979-cu ildə Bakıda doğulub, 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb.

Beləliklə, Səbail məhkəməsinin qarşısında (Bayıl dairəsində, BP ilə üzbəüz) Azərbaycan gəncliyi özünün nə dərəcədə cəsarətli olmağını göstərməlidir.
Gəlin, orada yığışaq, görək AZAD SÖZə qiymət verənlərin, ən əsası qorxmayan azərbaycanlı gənclərin sayı nə qədərdir?

Yeni atalar sözü:
Söz deməyə qeyrəti çatmayanın Qarabağda nə işi?

Freedomhouse`un 2008-ci il araşdırmalarına görə dünyada
söz azadlığına görə 1-ci yerdə Finlandiyadır:










170-ci yerdə isə Sudan:









Azərbaycan isə 168-ci yerdədir... :(
Mənbə: http://freedomhouse.org/template.cfm?page=442&year=2008

P.S. Daha nə deyim, necə deyim ki, anlayasınız?
P.P.S. Lütfən, bu problemləri paylaşdığımız kimi, yazını da paylaşın.

1 yorum:

  1. Ela yazidi, choxdan bele selis, sade ve etrafli melumat veren yazi oxumamishdim. Menden share elemek:)

    YanıtlaSil