27.12.2011

İctimailəşməlimi, ictimailəşməməlimi?










O gün Facebook`da bir xəbər paylaşdılar: Slavyan Universitetində 3-cü prezidentin xatirə mərasimi vaxtı bir tələbə gülüb və rektor elə oradaca onun universitetdən qovulması barədə göstəriş verib. Dalğa Gənclər Hərəkatının fəalı Pərviz Əzimov foto kimi paylaşdığı bu xəbərə universitetin telefon nömrələrini də əlavə etmişdi. Bir çox gənc, elə mən özüm də o nömrəyə zəng vuraraq bu xəbərin doğru olub-olmaması ilə maraqlandım. Dəstəyi götürən şəxs artıq çox adamın bununla bağlı zəng vurduğunu dedi. Sonra xəbəri təkzib etdi və bildirdi ki, elə bir şey olmayıb. Mənim kim olmağımla maraqlandı. Ad-soyadımı dedim, sadəcə bir vətəndaş olaraq maraqlandığımı söylədim. Universitetin bir çox tələbəsi isə Facebook`da bu əhvalatın baş verdiyini, amma ictimai fəalllıqdan sonra qovulan tələbənin tez bir zamanda bərpa olunduğunu dedi.

Hətta qovulan tələbənin adını da yazmışdılar, sonra pozuldu, yəqin artıq təhlükənin sovuşduğunu görən gənc vətəndaşımız öz adının hallanmamasını istəyib. Normaldı, anlaşılandı. Amma o özü də başa düşüb ki, ictimai reaksiyanın ona necə xeyri dəyib.

Bu gün (artıq dünən) isə bir başqa gənc fəal, Nida Vətəndaş Hərəkatının üzvü Orxan Rasimoğlu Rusiya səfirliyinin qarşısında aksiyada iştirakına görə polisə çağrılıb. (Deyilənlərə görə ondan rüşvət də istəyiblər) Bu əhvalatdan xəbər tutan bir xeyli gənc fəal ora yığışdı. Məsələni araşdırmaq üçün bölməyə girməyə çalışan Zaur Qurbanlını da tutub saxladılar. Bir müddət sonra bölmə qarşısında yığışanların sayı artmağa başladı. Çox gecikdirmədən dostlarımız buraxıldı. Şəxsən mənə elə gəlir ki, onların tez buraxılmasının da əsas səbəblərinin biri məsələnin artıq ictimailəşməsi və camaatın ora yığılması idi.

Beləliklə, gördüyümüz kimi, məsələlərin ictimailəşməyi heç də pis nəticə vermir. Əgər problemin ictimai çəkisi varsa, problem ictimailəşməlidir. Elə özümüz də bala-bala ictimailəşməli, sosiallaşmalıyıq. Qədim bir müdrik də deyib ki, insan ictimai canlıdır. Elə həmin müdrikin məntiqindən baxsaq, ictimai olmasaq sadəcə canlı olacağıq. Sadəcə bioloji varlıq, heyvan kimi, ağac kimi filan..

Hiç yorum yok:

Yorum Gönder