12.09.2026

Miletli Fales


Bir neçə gün bundan əvvəl Berlindəki məşhur Pergamon muzeyini bir daha gəzmək qismət oldu. Aradakı illərdə oxuduqlarımdan, gördüklərimdən, eşitdiklərimdən dolayı, bu dəfə bəzi eksponatlar mənim üçün xüsusi bir əhəmiyyət daşıdı. Onlardan biri də şəkildə gördüyünüz, qədim Milet şəhərinin bazar qapılarıdı.


Milet bir zamanlar indiki Türkiyənin Egey sahillərində mövcud olmuş, qədim yunanların yaşadığı bir şəhər idi. Bu şəhərlə ən çox assosiasiya olunan tarixi şəxs də antik dövrün ilk filosofu sayılan Miletli Falesdir. (Bəzi dillərdə Thales kimi yazılır.)

Deyilənlərə görə əslən Finikiyalı (indiki Livan) olan Fales (E.Ə. 624-546) çox gəzmiş, çox oxumuş, öz dövrünün qabaqcıl sivilizasiyaları Misir, Babil və digərlərindəki elmi yeniliklərdən xəbərdar biri imiş. Məhz bu biliklərə malik olduğuna görə E. Ə. 485-ci ildə baş vermiş günəş tutulmasını əvvəlcədən şəhər sakinlərinə xəbər verir. Sözsüz ki, heç kim ona inanmır. Çünki dövrün yunan xalqının qəti rəyi belə idi ki, günəş tutulması tanrılara aid bir işdir və heç kəs bunu qabaqcadan görə bilməz.