11.12.2011

Əli Əkbər - "Sarı Gəlin"

Əli Əkbərin "Sarı Gəlin" romanından diqqətimi cəlb eləyən, aktual mövzulu diskussiyanı sizinlə paylaşmaq istəyirəm:











Toyxanada baş verənləri zalda quraşdırılan 12 kameranın ötürdüyü görüntülərdən və əlavə olaraq, toyu çəkən AtTV-nin 4 kamerasından izləyən Dayandur müəllim, “Dionis”dəki xüsusi kabinetdəki kreslosuna yayxanmışdı, Nüsrətin sevimli viskisindən içirdi. Soruşdu:
- Nə danışırlar?
- Deyəsən narazıdılar.
Dayandur müəllim bir qədər fikirləşib dedi:
- Sən gözdə-qulaqda ol. Ayağa duran olsa, bizimkilər dallarıyca getsin. Tualetdə də başlarının üstündə dayanın. Solçuların stolundan da maraqlı xəbərlər gəlir. Meyxana dəyişməsi gedir, – Dayandur güldü. – Nə isə. Diqqətli olun.
Erkin əsəbi halda yerində qurdalandı. Gözlərini qıyıb Rufizə baxdı:
- Vətənpərvərliyin bura nə dəxli?
- Necə yəni nə dəxli? Nüsrət müəllimin vətən üçün elədiklərinin bir faizini siz eləmisiz? Hə? Eləmisiz?
- Xahiş edirəm, spekulyasiya eləməyin də. Nədir e vətənpərvərlik? Özün it günündə yaşasan da, acından ölsən də fəxr eləməlisən ki, belə gözəl toyxanalar, Nüsrət müəllim kimi milyonerlər var? Bu nə məntiqdi? Sevinək ki, kimlərsə villalarda yaşayır, iki yüz minlik maşınlar sürür? Budur vətənpərvərlik? Siz bununla fəxr edirsiz? Sənə və xalqa aid olmayan bir şey, sənin vətənpərvərlik hisslərini niyə qabartmalıdı, başa düşə bilmirəm!
- Guya siz gəlsəniz, oğurlamayacaqsız? Heç olmasa bunlar yeyib doyublar. Siz gəlsəz, bundan da pis olacaq. Rufiz dedi və arqumentinin orijinallığından həzz alırmış kimi, stula yayxandı.
- Biz gəlsək, demokratik rejim quracağıq. Liberal dəyərlər hakim olacaq. Deməli oğurlamaq da mümkün olmayacaq. – Erkin metal səslə dedi. Hiss olunurdu ki, bu söhbətdən qanı qaralıb.
- Demokratiya dolma zaddır, üstünə qatıq töküb yeyəsən? – Rufiz inadla dedi. - Demokratiya ciddi söhbətdir e, qardaşım! O qədər ciddidi ki, ona heç olmasa yüz il hazırlaşmaq lazımdır. Qərb, Avropa deyirsiz. Bu gün Qərbin özü çürüyür gedir, mənəviyyat yox olub...
- Hə, düzdü – Həcər kinayə ilə söhbətə qoşuldu. - Az qalıb, Amerika da bu gün-sabah dağılacaq.
- Nədi, bəlkə elə deyil? – Rufiz doxsan dərəcə çevrilib sol tərəfdə, masanın obaşında oturan Həcərə baxdı. – Çürümür?
- Geridə qalmış, korrupsiya içində boğulan, seçkiləri saxtalaşdırılan ölkələrin razı vətəndaşları hamısı sizin kimi danışır. Beyninizə elə yeridiblər ki, bu yalanları, həqiqəti görə bilmirsiz. Qərb hara çürüyür? Necə məhv olur?
- Necə? E-mailinizi verin, sizə avropalı, amerikalı ekspertlərin yazılarını yollayım, oxuyun. Görün onlar özləri öz ölkələri haqda nələr yazırlar. Danışmaqla deyil e, gərək oxuyasan!
- Çox sağ olun, mən çoxdan oxumuşam. Qərb ekspertləri özlərini bilə-bilə söyürlər, başa düşmürsüz? Söyürlər ki, bəli biz pisik, biz məhvə gedirik, biz çürüyürük. Ona görə belə yazırlar ki, sizin kimi adamlar qaxılıb otursunlar öz murdar, geridə qalmış ölkələrində, Avropaya gedib oranın da havasını zəhərləməsinlər. Belə adamları Qərbin öz institutları maliyyələşdirir, danışdırır. “Qərbdə ailə yoxdur”, “əxlaq yoxdur”, “mənəviyyat yoxdur” – ona görə də ey pakistanlı, sudanlı, mozambikli, atropat bura gəlmə. Sənin ölkən yaxşıdı, düz deyirsən! Sənin ölkəndə namus var, qeyrət var, ailə var, ağsaqqal var, toyxana var, gəlin var, yengə var, bakirlərik var... Onda nə pox yeyib gəlirsən bizim ölkəmizə? Yüz əlli ildi Qərb çürüyür deyirlər, o da çürümək əvəzinə daha da çiçəklənir. Deyəsən Qərbdə mədəniyyət, elm, iqtisadiyyat, səhiyyə, təhsil güclənidkcə, onlar daha çox çürüyürlər.
- Görürəm cavan qızımız çox əsəbiləşib, emosional danışır. – Rufizin yanında oturan ağsaçlı kişi müdaxilə edərək, Həcərin sözünü kəsdi. – Mən qırx ilin jurnalistiyəm, İmperiya vaxtı Kommunist qəzeti kimi nəhəng qəzetdə işləmişəm. Adım da İldırımdır. Bayaqdan bir-birinizi qırırsınız, dözə bilmədim. Heç sizə yaraşarmı? Biz hamımız bu vətənin övladları deyilikmi? Deyirsiz ki, demokratiya, demokratiya... Bizdə bəyəm demokratiya yoxdur? Nə üçün siz hesab edirsiz ki, bütün demokratiyalar bir-birinə oxşamalıdır? Bizim öz yolumuz var axı. Bizim demokratiya anlayışımız, milli mentalitetimizin xüsusiyyətləri nəzərə alınaraq formalaşıb. Bunun nəyi pisdi ki? Bizdə heç vaxt Avstriyadakı, Fransadakı demokratiyadan olmayacaq. Başa düşürsüz? Olmayacaq. Heç lazım da deyil...
Erkin güldü:
- Hə, siz suveren demokratiyadan danışırsız. Aydındı. Demokratiya, liberal iqtisadiyyat yaxşıdı, xeyirlidi amma bizdə bunlar xüsusi olmalıdı, suveren olmalıdı, hə? Elitanın özü Qərbin bütün nemətlərindən faydalanır, amma sizin kimi dünyadan bixəbər vətəndaşlara bunların pis olduğunu təlqin edir. Bu xüsusi yolu sizin üçün qəşəng əsaslandırıblar. Qərbdə həyat, mədəniyyət, elm səviyyəsinin bizdən yuxarıda olmasının da səbəblərini bilməmiş olmazsız. Yəqin sizin məntiqinizə görə belədi ki, həyat, mədəniyyət, elm səviyyəsi yüksək olsa da, onlar çimməyi bizdən öyrəniblər. Vaxt var idi, süfrədən iraq, fransızlar küçələrə sıçırdılar. Üçüncü dünyanın bədbəxt adamları, məsəlçün elə sizin kimi atropatlar buna çox sevinir, qürur duyurlar. Əsas odur ki, avtoritar rejimlərdə yaşayan kölə, qorxaq, yaltaq adamlara bu şirin duyğuları yaşadasan. “Biz pis gündə olsaq da, avropalılara çimməyi biz öyrətmişik.” Qurtardı getdi. Özləri də dəhşət əxlaqsızdı, tərbiyəsizdi. O qədər əxlaqsızdılar ki, nə küçədə yatan dilənçi uşaqlar var, nə adamın mülkiyyətini zorla əlindən almırlar, nə də adamların cibinə heroin atmırlar...
- Cavan oğlan, bir az yavaş, bir az yavaş. Nə olub? Niyə əsəbiləşirsiz? – İldırım əlini qaldırıb dedi. – Bir stəkan su için, özünüzə gəlin. Avropa, Qərb söhbəti məni heç maraqlandırmır da. Bayaq Nüsrət müəllimin əleyhinə danışdınız, mən ona dözə bilmirəm. Onun kimi hörmətli bir şəxs haqqında belə danışmaq sizə yaraşarmı? Dilinizə də söz düşüb “oliqarxiya”, “oliqarxiya”. Guya bizim ölkəmizin rəhbərləri qarşılarına məqsəd qoymuşdular ki, oliqarxiya quracaqlar?
- Bilmirəm qarşılarına nə qoymuşdular, amma nəticə göz qabağındadı – monopoliya, iqtisadiyyata tam nəzarət, avtoritarizm...

2 yorum:

  1. Sizden çox xahiş eliyirem kimde varsa bu kitab mene bir neçe günlük versin oxuyum qaytarim…Elaqe nömrem 051-528-41-05..Diqqete göre çox sağ olun

    YanıtlaSil
  2. Sizden çox xahiş eliyirem kimde varsa bu kitab mene bir neçe günlük versin oxuyum qaytarim…Elaqe nömrem 051-528-41-05..Diqqete göre çox sağ olun

    YanıtlaSil