26.12.2010

Ümumi iş - Fotokitab



Bir neçə fotojurnalist Azərbaycanda ilk dəfə olaraq seçkiləri fotolarla təsvir edən fotokitab hazırlayıb. Bu fotokitabda ortaya qoyulan problem texniki və məzmun baxımından professional fotolarla təsvir olunduğu üçün bu layihə fotojurnalistlər üçün də xüsusi maraqla qarşılanacaq. Fotokitabda vətəndaş jurnalistikasından da istifadə edilib.

2010-cu il Parlament seçkilərini özündə təsvir edən bu fotokitab 26 X 21 sm formatda, 112 səhifədə nəşr olunacaq. Bu kitabın nəşri üçün artıq vaxtından əvvəl anonim çap evi ilə razılıq əldə edilib. Kitab ideya və dizayn baxımından “World Press Photo” illik məcmuəsindən təsirlənir.

Fotokitab pulsuz yayım üçün nəzərdə tutulur.

Fotokitabın təqdimatı Norveç İnsan Haqları Evində və ya Azərbaycan Media Mərkəzində təşkil olunacaq. Kitabın təqdimatı ilə yanaşı görülən işlərdən 5-6 dəqiqəlik səsli fotosessiya göstəriləcək və həmçinin bu fotolardan ibarət sərgi açılacaq. Bu təqdimat zamanı həmçinin şəffaflıq naminə əldə etdiyimiz maddi vəsaitin iştirakçılar qarşısında hesabatı veriləcək.

İndi bir çətinlik var:

22.12.2010

Çadra problemi və onun görünməyən səbəbləri












Son zamanların ən aktual mövzusu çadra məsələsi oldu. Ölkənin müxtəlif yerindəki etirazlar cəmiyyət üçün gözlənilməz idi. İlk baxışdan bu hakimiyyətin növbəti oyunu kimi qarşılana bilər. (Wikileaks məsələsinə görə qərbə "görürsünüzmü, biz olmasaq bunlar gələ bilər" mesajı.)

Hadisələr çox güman ki, çoxdan bəri ölkənin ən strateji postunu tutmuş Misir Mərdanov`un qurban verilməsi və dindarlara cüzi güzəştlər edilməsi ilə sonuclanacaq və məsələ "həllini tapacaq".

Amma bütün hallarda, bu insanlar artıq küçələrə çıxırlar və çıxmaqdadırlar. Bu olanlar günün birində kontroldan çıxa və ölkədə qurulacaq teokratik rejimə doğru gedə bilər.

Beləliklə, görünən səbəb çadradır, bəs görünməyən nədir?

11.12.2010

Turgut Er`in "Azadlıktan Tiranlığa" kitabı barədə


Turgut Er`in "Azadlıktan Tiranlığa" kitabını bitirdim. Əslində bizim kimi balaca ölkə barədə hər nə yazılsa cəmiyyətimizdə rezonans doğura bilər. Bu kitab da o cümlədən; hakim partiyanı dilxor edib, müxalif qüvvələrdə isə eyforiyaya səbəb olub.

Kitabda Azərbaycan tarixinin kifayət qədər önəmli sayıla biləcək dövrünə (1994-2000) işıq tutulmağa cəhd edilib.

Könül istərdi ki, bu dövr barədə daha professionalca yazılmış bir kitab oxusun. Çünki T.Er`in kitabında elmilikdən əsər-əlamət yoxdur. Əslində müəllifin niyyətinin müsbət olduğu hiss olunur. Amma həm də o hiss olunur ki, kitab soyuqqanlılıqla deyil, emosiya ilə, saflıq və sadəlövhlüklə yazılıb. Kitab boyu azərbaycanlılara sevgi, rəğbət leytmotiv kimi keçir. Amma kitabın konkret xalqa (xüsusən də onun etnik mənsubiyyətinə görə) rəğbət və sevgi ilə yazılmasının özü MÜƏLLİF BİTƏRƏFLİYİnə kölgə salır. Paradoksal haldır ki, bunlarla yanaşı kitabda Azərbaycan cəmiyyətinə münasibət baxımından kifayət qədər ciddi səhvlər buraxılıb. Hətta bəzən müəllifin 7 il Azərbaycanda yaşamasına insan inana bilmir. Əlbəttə kitabın ilk cümləsi olan "Ben bir tarihçi değilim"ə görə müəllifi qınamamaq da olardı. Lakin kitabda o qədər qeyri-dəqiqliyə, hətta məsuliyyətsizliyə yol verilib ki, bütün bunları yazmaya bilmədim. Sadaladığım nöqsanlar həm də ona görə təəssüfləndiricidir ki, müəllifə qarşı olan inamsızlıq onun kitabda təqdim etdiyi bəlkə də (ya da bəlkəsiz) dəyərli və doğru informasiyalarına da kölgə salır.

Əvvəla, ondan başlayaq ki, müəllifin tənqid konteksti çox primitivdir - o, bütün məsələlərə "Türkçülük" kontekstindən baxır, insanları türkçü olmamaqda qınayır, ya da əksinə türkçü olduqlarına görə tərifləyir. Halbuki Azərbaycanın bu gün ən az ehtiyac duyduğu ideologiyalardan biri də elə türkçülükdür. İndi kitabda altını cızdığım hissələri təqdim edirəm:

9.12.2010

Səmimilik...


Bəzən bir-birimizi tam səmimi olmamaqda qınayırıq.

Amma sizə elə gəlmir ki, mütləq səmimiyyət heyvanlara xasdır?

İnsan nə qədər özünün ilkinliyindən, primitivliyindən, statik canlılığından uzaqlaşır, inkişaf edirsə, eyni zamanda da mürəkkəbləşir və o qədər də başqalarının (əsasən də daha primitiv düşüncəlilərin) nəzərində onun qeyri-səmimi görünmə olasılığı çoxalır...

Geridə qalmış cəmiyyətlərin üzvləri də inkişaf etmiş cəmiyyət üzvlərini elə görürlər. Amma başa düşmürlər ki, qarşılarındakı cəmiyyət uzun yol keçərək, təcrübə vasitəsilə yeni vərdişlər əldə edib, ümumi əcdadımızdan daha çox uzaqlaşıb...

Amma "yalan" və "qeyri-səmimilik" anlayışlarını da qarışdırmayaq...


Fotonun mənbəsi.

21.11.2010

Mentalitet 2010





















Bu fotoya diqqətlə baxın. Çox yox, təxminən 100 il əvvəlin azərbaycanlılarıdır. Şübhəsiz, onların da özlərinəməxsus "mentalitet", "namus", "qeyrət" anlayışları olub.

Məsələn, indi bizə çox adi gələn məsələlər, tutaq ki, qadınların kişilərlə bir yerdə işləməsi, yaxud başı açıq gəzməsi onlar üçün dəhşətli bir hadisə ola bilərdi.

Fotodakı kişilər heç vaxt razılaşmazdılar ki, xanımları evdən başı açıq, tək-tənha çıxıb işə getsin, hansısa binada yad kişilərin yanında işləsin (hələ mən ictimai nəqliyyatda yan-yana oturub getməyi demirəm) - heç şübhəsiz bunu biqeyrətlik sayardılar, deyərdilər ki, bu kafirlərin, avropalıların adətidir, bizə yaramaz...

...100 il keçdi, indi biz onların düşüncələrini geriçilik, cahillik sayırıq...


* * *

...Amma indinin özündə də biz öz müasirimiz olan, fəqət bizdən irəlidə olan cəmiyyətlərdəki həyat tərzinə, məişətinə qəribə baxırıq, bəyənmirik, hətta bəzən bunu əxlaqsızlıq sayıb, deyirik ki, onlara oxşamayaq, öz adət-ənənəmizi saxlayaq və s...

Beləliklə, inkişaf etmiş cəmiyyətlərə münasibət baxımından bu fotodakı adamlardan bir fərqimiz olmur...

Bu fotodakı adamlar bir əsr əvvəl öz mentalitetlərini bəyənib, müasirləri olan tutaq ki, firəngistanlılardan narazı idi, biz də bu gün öz mentalitetimizi bəyənib öz müasirlərimiz olan fransızlardan narazıyıq...

Amma eyni zamanda bu fotodakı adamların da düşüncəsinə cahillik deyə bilirik...

Yəqin bizdən 100 il, hətta 20-30 il sonrakı nəsillər də cəmiyyətimizdə bu gün yaşamını sürdürən qadağalara güləcək, bunları geriçilik, cahillik sayacaq...

Mentalitet dediyin də elə bu zatən. Zaman-zaman dəyişir, elə dəyişməlidir də. Əgər prinsip kimi "hər şey olduğu kimi qalmalıdır" desək, o zaman gərək bütün bəşəriyyət mağaralara dönsün, çünki hər şey oradan başlayıb.

Fotonu əldə etdiyim ünvan.

8.11.2010

Meydan




(Ü. Hacıbəyova və bu günlərdə qapadılmış "Alma qəzeti"nə sayğılarla)


   Dünyada istedadsız insan yoxdur. Zatən bir insanın istedadsız olması, onu digərlərindən fərqləndirərdi və bu özü də ali təbiət qanunlarına zidd olardı. Təbiətdə isə hər şey yüksək qanunauyğunluqlarla idarə olunduğundan bu mümkün deyil.
   Bəs onda insanlar bərabərdirsə, niyə müxtəlif toplumların yaşayış səviyyəsi arasında fərqlər mövcuddur? Niyə bir toplumda insanlar insan kimi, digərində isə it kimi yaşayırlar? "İnsan" və "it" ifadələri də şərtidir və mən əsla itlərin haqqını yemək istəmirəm. Sadəcə, mənsub olduğum xalq bəşəriyyəti yaşayış səviyyəsinə görə bu iki əsas kateqoriyaya bölüb. Mən də elə bu xalq üçün yazdığımdan çalışıram ki, maksimum anlaşıqlı olsun. Yoxsa insan kimi yaşayanların itlərinin də çox gözəl və öz sahiblərinin yaşayışına uyğun şəkildə yaşadığını çoxumuz bilirik.
   Tam səmimiyyətimlə deyim ki, özümüzü "it kimi yaşayanlar" kateqoriyasına aid edirəm. Əvvəla, bu ölkədə heç kimin malı və canı güvənlikdə deyil. Hər birimizi çox asanlıqla, ən ağlagəlməz səbəblə tutub pul tələb edə bilərlər, verməsək, dama basarlar və hər şeyimizi də əlimizdən alarlar. Çünki bu ölkədə qanunlar sistemi işləmir, işləyirsə də pis işləyir. İkincisi, bu ölkədə nəyin yaxşı, nəyin isə pis olmasını cəmi bir neçə nəfər adam müəyyən edir. Orta statistik vətəndaşın da əsas informasiya alma vasitəsi televiziya olduğundan onlar da bu hipnozun qurbanı olurlar. Üçüncüsü, təhsilimiz bərbaddır - müəllimlər gələcəyimizi məhv edirlər, dördüncüsü, səhiyyəmiz - həkimlərimiz cəllad kimi. Əlqərəz, biz bir toplum olaraq it kimi yaşayırıq!
   Əgər insan kimi yaşayanlar da, biz də insan adlandırılırıqsa, bərabəriksə, hamı kimi hansısa sahədə istedadlıyıqsa, o zaman bizə insan kimi yaşamağa nə mane olur?

15.10.2010

Bilirsinizmi... Yəni...




Əgər diqqət etmisinizsə bizim TV-lərdə, radioda, ya da qəzetlərdə çıxış edən qonaqlar danışıq zamanı yeri gəldi-gəlmədi "bilirsinizmi", "yəni", "başa düşürsünüzmü" ifadələrini işlədirlər. Bunun səbəbi nədir əcəba? Məncə təhtəlşüuri özündənmüştəbehlik, qeyri-təvazökarlıq. Belə ki, "bilirsinizmi" ifadəsini işlədən şəxslər qarşısındakına "sən bilmirsən, dayan indi sənə başa salacam" mesajı verir.

Ya da cümlələrini bir-birləri ilə "yəni"lərlə bağlayanlar "bundan qabaqkı çox mənalı cümləmi anlamadığını bilirəm, indi bunu təfsir edəcəm" demək istəyir.

Yaxud, "başa düşürsünüzmü"... Bunu deyən adamın özündənmüştəbehliyinin dərəcəsi barədə siz artıq özünüz qərar verin.

Əlbəttə, bunları natiqlik qüsuru kimi də qiymətləndirmək olar. Amma bütün hallarda, ifadələr özləri onu işlədənlərin şüuraltısından xəbər vermirmi?

P.S. Türkiyəlilər adətən bu ifadələri təvazökarlıqla belə işlədirlər - "bildiyiniz gibi", "anlata bildimmi" və s.

1.10.2010

Tutuquşular barədə












Araşdırmalara görə tutuquşular qəfəsə, əsarətə ən tez alışan və burada rahatlıq tapan quşlardanmış.
Eşitdiklərini anlamadıqlarına rəğmən ən yaxşı təkrarlayan da zatən onlardır…
Demək, eşitdiklərini düşünmədən təkrarlayanlar qəfəsə rahat alışırlarmış... (?)

26.07.2010

Türk olmaq









Çox işləndiyindən artıq ikrah hissi doğurmağa başlamış bir şüar var: "Ey türk, özünə qayıt, sən özünə qayıdanda böyük olursan!"

Bu cümləni "Orxon-Yenisey abidələri"nə aid edirlər. Məndə o kitab var, bir neçə dəfə oxuduğuma baxmayaraq, bu şüarı orada tapmadım. Çox şübhəlidir.

Lap tutaq ki, var. Ümumiyyətlə özünə qayıtmaq necə olur? Gedib çöldə, çadırda yaşamalıyıq? At minib, qımız (at südündən hazırlanan içki) içməliyik?

Bütün bunlar bir yana... Türk olmaqla (ya da hər hansı millətə məxsusluqla) fəxr etmək - bundan mənasız iş ola bilərmi?

22.06.2010

Şər (qısa hekayə)











2010-cu ilin iyun ayının əvəllərində, gecə yarısı Xətai prospektində taksi ilə gedirdim. "Şərq bazarı"nın qarşısında, prospektin ortası ilə o tərəf-bu tərəfə keçən meyvə-tərəvəz dolu arabaların arasından bir təhər maşınını sivişdirib keçən sürücüm, digər kolleqaları kimi oxşar mövzuda söhbətə başladı.

- Ay qardaş, burada nə zaman bir qayda-qanun yaradılacaq axı? Buna bax, buna bax... özünü az qala maşının altına atacaqdı... əclaf! O gün gördüm birini maşın vurub xosumvay eləyib, bir istədim saxlayım... sonra lənət şeytana deyib, çıxıb getdim...

Üz-gözümü turşudub, sürücüdən niyə belə etdiyini soruşdum. Adam heç tövrünü də pozmadan, bir damcı belə təəccüblənmədən, söhbətinə davam etdi:

17.06.2010

Təəssübkeşlərin oğurluğu

Facebook şəbəkəsində "AZƏRBAYCANDA AZƏRBAYCANCA DANIŞAQ!" adlı bir səhifə var. Təsadüfən bu səhifədə belə bir foto gördüm: (bu və sonrakı şəkillərin üzərinə tıqlayıb, başqa pəncərədə daha dəqiq ölçüdə baxa bilərsiniz)





















Hiss olunur ki, bunu düzəldən (imzasını Cavid Behruz kimi təqdim edən) insan özünü "dil təəssübkeşi" kimi göstərmək istəyib. Amma...

Azərbaycan dilinin qrammatikasını bir balaca bilən adam gözünün ucu ilə baxsa, burada nə qədər səhvin olduğunu görər. Cümlə quruluşlarına baxan kimi, bunun türklərdən oğurlandığını hiss etdim. Axtardım və tapdım. Buyurun:

27.05.2010

M.S. Ordubadi "Dumanlı Təbriz" (romandan parça)




Dostlar, bu günlərdə M.S. Ordubadinin "Dumanlı Təbriz" romanını oxuyuram. Romanda İrandakı homosexual adətlər və Qacar şahlarının buna meyli barədə aşağıdakı parçanın geniş xalq kütlələri üçün maraqlı ola biləcəyini düşündüyümdən, paylaşmaq qərarına gəldim.

[...]
- Hər halda Təbriz qadınları məşhur İran padşahı Nəsrəddin şahın tanıdığı qadınlar deyil. Şahın anladığı kimi, onlar yalnız xörək bişirmək üçün deyil, eyni zamanda hər bir işə qabildirlər. Onlar çox ədəblidir. Kişiləri məşğul edə biləcək bu kimi idraklı qadınları gördüyüm birinci kərədir. Çox lətif danışıqları, mə`nus xasiyyətləri, zərif şivələri vardır. Onlar mövhumatçı deyillər. Açıq gəzməyə çox artıq maraqları vardır. Bununla bərabər, onların ailə həyatı çox qəmgin və faciəlidir. Kişilərdəki əxlaq pozğunluğu qadınların həyatına çox ağır təsir bağışlamışdır. İran Azərbaycanındakı kişilərin böyük bir hissəsi qadınlara tamammilə nifrət gözü ilə baxır, tamamilə qeyri-təbii eşqlərlə məşğul olurdu. Xüsusən, bu əxlaqsızlıq kübar ailələri içərisində daha artıq "tərəqqi" etmişdir. Bu əxlaqsızlıq XX əsrin əvvəllərində İranda çox böyük şöhrət tapmışdır. Təbrizə gələndən sonra bu məsələlərlə çox maraqlanıram və qoca adamlarla bu barədə çox danışıram. Dəvəçi ağzında çay satan bir qoca kişi ilə tanış olmuşam. Qoca həm alışverişçidir, həm falçıdır, həm də aralıq həkimidir. Bekar vaxtlarımda bununla çox görüşürəm. O, mənə qeyri-təbii eşq haqqında belə bir əhvalat söylədi:

1.05.2010

Analoqu olsun, olmasın?




















    Təbliğat məqsədi ilə nə zamansa, kiminsə dilindən çıxan bir fikri bizim TV-lər bəzən o qədər yerli-yersiz işlədir ki, axırda şiti-şoru çıxır, o kəlam da hamının gözündən düşür və sonralar yalnız istehza məqsədi ilə işlədilir.
     Yadınızdadırmı, məşhur “Lazım gələrsə...” qorxutmacası?
     Mən bilmirəm bunu ilk dəfə kim işlətdi: Prezident, yoxsa Müdafiə  naziri? TV mikrofonu qarşısında dili dolaşan əsgər, yoxsa hansısa bir meyxanaçı... Amma hər halda, bu ifadəni sonralar o qədər fırlatdılar ki, indi yalnız istehza vasitəsi kimi qəbul olunur.
     Artıq  çoxdan gülüş mənbəyinə çevrilmiş və yavaş-yavaş  aradan çıxan bir digər ifadə də məşhur “analoqu olmayan” ifadəsidir.
     Bu ifadənin müəllifi çox güman ki,

23.04.2010

Mavi, Qırmızı, Yaşıl...

   






   Mavi, Qırmızı, Yaşıl...
   Hansı Mavi? Hansı Qırmızı? Hansı Yaşıl?
   Hər bir rəngin müəyyən tonları var. Biz kağız və ya kətan üzərinə qırmızı rəngin müxtəlif tonlarını - çalarlarını çəkə bilərik. Hər bir rəngdəki çalar fərqlərini sadəlövhcəsinə açıq və tündə də bölmək olar. Əslində isə hər bir rəngin onlarla, yüzlərlə variantı var. Bunu rəssamlar daha yaxşı bilərlər. Məsələn, Türkiyə bayrağındakı qırmızı rəngin, Pakistan bayrağındakı yaşıl rəngin xüsusi tonları var. Bu dövlətin xüsusi qurumları tərəfindən müəyyənləşdirilir və dəyişilməz qalır. Hər kəs öz ürəyi istədiyi qırmızının və ya yaşılın üzərinə ay-ulduz çəkərək bayraq düzəltmir. Eləcə də keçmiş SSRİ bayrağındakı qırmızı Türkiyə bayrağındakından fərqlənir. Fransız bayrağındakı göy və qırmızının da xüsusi tonları müəyyənləşdirilib. Bu məsələ çox mühümdür və istənilən ciddi dövlətin qanunvericiliyi ilə müəyyən olunur.
   Bizdə isə elə deyil.


24.02.2010

Kim öyrətməlidir?















Bəzi məsələlərin həllində hansı prosedur əsas götürülmləlidir?
Məsələn, demokratiyaya xalq hazır olmalıdır? Yoxsa bu - siyasi iradə ilə xalqa öyrədilməlidir?
Kitabi Dədə Qorqudda Qazan bəy öz oğlunu "baş kəsib, qan tökməməkdə" qınayır. Oğlu isə öz atasına "sən nə zaman məni öyrətdin ki, indi də tələb edirsən?" məzmunlu cavab verir.
Buyurun, Kitabi Dədə Qorquddan Qazan bəy və oğlu Uruz bəyin dialoqu:

12.02.2010

Cemiyyetin basqısı (video)

Bu günlərdə təsadüfən əlimə bir video keçdi. Baxarkən türklərim biz-biz oldu; dəniz kənarında bir dəstə zəhmətkeş, daşların üstündə yatmış qeyri-ənənəvi orientasiya nümayəndəsini yuxudan zorla qaldırıb, sonra ona həqarət yağdırırlar.
İnsanların danışıqlarında aqressiya hiss olunur...
Bizim vətəndaşlar sanki ona nəyisə sübut etməyə çalışırlar... həm də sevinə-sevinə...
Özlərinimi sübut edirlər? Kişiliklərinimi? Bu formadamı?
Bu nə aqressiyadır cəmiyyətimizdə, bu nə basqıdır?
Bu vətəndaşlar öz həyatlarında bəyəm bu qədər həqarət və basqı görürlər ki, onu da başqasına - bir zavallıya ünvanlayırlar?
Nə vaxt yarandı bu aqressiv insanlar? Necə yarandı?
Belə aqressiv cəmiyyət heç də yaxşı gələcək vəd etmir...
---
P.S. Video - iştirakçı şəxslərin konfidensiallığını qorumaq naminə, effekt süzgəcindən keçirilib.
---
Yuxarıdakı video oxumursa, Youtube vasitəsilə izləyəlim:


16.01.2010

Rüşvət və dövlətçilik















Rüşvət - insanların öz aralarında münasibətlərini nizamlamaq üçün vasitədir. Özü də bir vasitə kimi çox sadə, asan, amma eyni zamanda insanların bərabər şərtlər altında fəaliyyətinə mane olan vasitədir.

Beləliklə, Rüşvət - ibtidai vasitədir.

Dövlətçilik isə münasibətlərin nizamlanması aspektindən mahiyyətcə ibtidailiyə qarşıdır. Çünki dövlət - insanlar arasında münasibətləri qanunverici aktlar vasitəsi ilə tənzimləməyi öhdəsinə götürür.

Məlum olur ki, RÜŞVƏT və DÖVLƏTÇİLİK paralel mövcud ola bilməz. Məsələn, vətəndaş haqlı olaraq düşünə bilər - "münasibətimi dövlətin mənə təklif etdiyi müqavilə ilə deyil, pulumla tənzimləyə bilirəmsə, dövlət mənim nəyimə lazımdır?"

Beləliklə - Rüşvət varsa, dövlət haradadır? Dövlət varsa, niyə rüşvət də var?