23.02.2012

Rekursiya





Tanıdığım bir adam var. Bir dəfə təsadüfən internetdəki hansısa xəbər saytından "Toyuq əvvəl yaranıb, yoxsa yumurta sualının cavabı tapıldı" başlıqlı xəbər oxuyur. Bu xəbər ona o qədər təsir edir ki, hər gün internetdəki müxtəlif axtarış sistemlərində "Toyuq əvvəl yaranıb, yoxsa yumurta?" cümləsini axtarır. Müxtəlif forumlarda iştirak etmək üçün foruma üzv olaraq, sosial şəbəkələrdə iştirak etmək üçün isə müzakirəni başlayan adama dostluq istəyi göndərərək bu mövzuda müzakirələrə qoşulur, amma bunu sadəcə xəbərin başlığını yazaraq, altda da linki qoyaraq edirdi:

 "Toyuq əvvəl yaranıb, yoxsa yumurta sualının cavabı tapıldı"
http://www...


Bu işi daha tez görmək üçün həmin səhifəni o brouzerinin favoritlərinə əlavə etmişdi. Hər dəfə tez-bazar o başlığı və linki kopyalayır və bunu ya şərh, ya da post kimi xalqa çatdırırdı.

Bu işi görmək artıq onun gündəlik rejiminə daxil olmuşdu. O, daha çox insana bu sualın cavabının tapılması xəbərini vermək istəyirdi.