20.05.2011

Üzeyir Mehdizadə barədə









Mən Üzeyir Mehdizadə və onun tipli müğənnilərə ağız büzənləri, onlara həqarətlə baxanları qəti anlamıram. Sanki ölkədə hər kəs Üzeyir Mehdizadəyə həqarətlə baxmaqla öz eqosunu tətmin edir, bununla da özünün qlamur, yüksək cəmiyyətə aid olduğunu göstərir. Doğrusunu deyim, çox süni alınır!

Bəzən yanlış olaraq elə düşünürük ki, hamı Hacıbəyov`a, Qarayev`ə, Mozart`a, nə bilim Raxmaninova qulaq asmalı, bütün günü Van Gogh`la Paul Gaugien (soyadı yanlış olaraq Qoqen, ya da Qogen kimi yazılan rəssam) arasındakı fərqlə bağlı mübahisə etməli, arada da bir-birlərinə mənalı-mənasız baxaraq gülümsəməlidir. Yarımçıqlıq kompleksinə malik insanlar istəyirlər başqaları bunları Dostoyevski`nin qoyduğu problemlərin dartışıldığı söhbətlər başında görsünlər.

Bütün dünyada sənətin art və pop istiqamətləri fərqləndirilir, əksəriyyət popa qulaq asır, incə zövqlülər, intellektuallar isə artla maraqlanır. Amma nəyi dinləməsindən asılı olmayaraq, tərbiyəli və doymuş insanlar bir-birlərini qınamır, ağız büzmürlər.

Bəyəm intibah dövründə bütün Appenin yarımadası Da Vinci`nin rəsmlərinə baxırdı? Yoxsa XIX əsrin ikinci yarısı bütün Hollandiya Van Gogh`u tanıyırdı? 150 il sonra Van Gogh, 500 il sonra Michelangelo barədə danışmağa nə var? Axı bu gün onları bəyənənlər onların dövründə yaşasaydılar, bu dəfə də özlərindən 5-6 yüz il əvvəlkiləri bəyənəcəkdilər...! Çünki öz dövrünün incəsənətini və keçmişin incəsənətini bəyənənlər - bunlar ayrı-ayrı tiplərdir.

Qayıdaq Üzeyirə. Demirəm ki, mən Üzeyir Mehdizadə`ni Üzeyir Hacıbəyov qədər həvəslə dinləyirəm. Amma həvəssiz də dinləmirəm.

Üzeyir Mehdizadə`yə kim qulaq asır? Sadə xalq kütlələri, zəhmətkeşlər. O insanlar ki,
kənd-kəsəkdə, ya da şəhərdəki ümummilli tikintilərdə hər gün səhər obaşdan dururlar, gecə düşənə qədər işləyirlər. Hərbi xidmətim zamanı bir əsgər yoldaşım tərxis günü yaxınlaşdıqca narahat olurdu. Deyirdi ki, burada heç olmasa səhər 6-da dururam, gündə 3 dəfə yemək yeyirəm, dərdim, problemim də yox. Amma kəndə qayıtsam 4-də, 5-də durmalı olacam, bir qarnı ac, bir qarnı tox yaşayacam, problem də nə qədər desən...

Elə məmləkəti qoruyan kasıb-kusub balalarının da böyük əksəriyyəti Üzeyir Mehdizadənin dinləyiciləri deyilmi? Nə vaxtdan kasıb-kusuba ağız büzən oldunuz sizlər?

Mahnıları da normal mahnılardı. Mahnı necə olmalıdır ki, sizin fikrinizcə? Sevib əzizlədiyiniz xalq mahnılarını da Üzeyir Mehdizadə kimilər yaradıb, sonra ağızdan-ağıza ötürülərək cilalanıb və nəticədə "Sarı gəlin", "Laçın" və s. mahnılar gəlib bizə çatıb.

Guya məsələn, Dima Bilan yaxşıdır?

Müqayisə üçün Dima Bilan`dan mahnı sözləri təqdim edirəm:

Я так люблю тебя
Я так хочу тебя
Как воздух и вода
Ты мне одна нужна всегда
Поверь моим словам
Я все тебе отдам
Как воздух и вода
Ты мне одна нужна всегда
:))))

Alman, ingilis dilindəki pop mahnıları da tərcümə etsəniz görərsiniz ki, əksəriyyəti "getmə gözümdən, gedərəm özümdən" mövzulardadır. Pop hər yerdə popdur. Çünki kütlə hər yerdə kütlədir.

Üzeyirin mahnılarındakı sözlər də başqalarından geri qalmır. Sadəcə arranjesi, təqdim etməsi bir az zəifdir, vəssalam.

Bu isə əslində bizim hamımızın dərin köklərə malik, ümummilli bəlamızdır... :(

Nəsə, istəyənlər qulaq assın, istəməyən qulaq asmasın, amma ağız da büzməsin!

2 yorum:

  1. UZEYIR BIRDENEDI O YEKDI O EZIZDI UZEYIRE PAXILIQLA BAXANLARA DERDINDEN OLENLERE LENET OLSUN ALLAH ONLARI BILDIYI KIMI ELESIN MEN OZUM UZEYIRE QULAQ ASIRAM ENIM AILEMDE SENI COOOOOOX SEVIREM CANIM SENI SEVIRIK

    YanıtlaSil