25.05.2011

Eurovision 2012: Vəzifələr



Beləliklə, Azərbaycan müstəqillik dövründəki ən böyük qələbələrindən birini əldə etdi. Bu nə “Lissabonun Sammit şəhərindəki qələbə”dir, nə də iqtisadiyyatla bağlı nağıllar. Eurovision mahnı yarışmasındakı qələbə həqiqətən də ölkənin reklamı baxımından mühüm hadisədir. Artıq avropalılar internetdə məmləkətimizin adını googlelayırlar, onun harada yerləşməsi, hansı məzhəbə qulluq etməsi ilə maraqlanırlar.

Bu müsabiqə ciddi musiqi müsabiqəsi deyil, biznes və siyasət müsabiqəsidir. Bu il bizim bu işlə məşğul olanların daha ağıllı tərpənmələrinin şahidi olduq; Azərbaycana ən böyük xallar İslandiya, San-Marino, Malta kimi az əhalisi olan ölkələrdən gəldi. Bizimkilər yavaş-yavaş başa düşürlər ki, qələbə üçün təkcə pul kisələri yox, iti ağıl da lazımdı. Hətta puldan daha çox ağıl lazımdı. Büdcəsi müftə gəlirlə dolan neft ölkələrində bunu o dəqiqə anlamaq olmur. Amma bütün hallarda, bir daha sübut olundu ki, iqtisadiyyatı güclü olan dövlətdən nə desən çıxar.

Bu qalibiyyətlə çox şey sübut olundu. Sübut olundu ki,
min illərlə muğamın gətirə bilmədiyi şöhrəti bircə mahnı gətirə bilir. Sübut olundu ki, avropalılar bizə qarşı qərəzli deyillər. Sübut olundu ki, “Avropa dəyərlərinin pis tərəflərini atıb, yaxşı tərəflərini götürmək lazımdı” məsələsi yersizdir, çünki oradakı bütün pisliklər bizdə də var, yaxşılıqlar isə bizdə yoxdu. Bu müsabiqə ilə Azərbaycan Avropada nə qədər tanındısa, Avropa da Azərbaycanda o qədər tanındı. İnsanlar özlərini ümumavropa ailəsinin üzvü kimi hiss etməyə başladılar.

Nəsə. Bütün sevinənləri təbrik edirəm. İndi keçək gələn il qarşımızda duran vəzifələrə.

Bildiyimiz kimi uzun illərdir hakimiyyət “milli-mənəvi dəyərlər” məsələsini geniş təbliğ edir. Yerindən duran uşaq-böyük, ağsaqqal-qarasaqqal, müğənni-aktyor hamısı milli-mənəvi dəyərlərdən, mentalitetdən, köklərimizə qayıtmaqdan danışır. Xülasə, bütün resurslar ibtidailiyi, orta əsr feodal dəyərlərini təbliğ edir. Özləri də buna inanıb, xalqı da inandırıblar. Amma hər bir işdə bir xeyir, bir ziyan olur, nə qədər çox xeyir istəyirsənsə, bir o qədər də ziyan qazanırsan. Bu təbliğatın cəmiyyətimizə verdiyi total riyakarlığı (bütün günü ekranlarda rüşvətxorların vətənpərvərlikdən, xislətcə fahişələrin ülvi məhəbbətdən danışması və s.) hələ qırağa qoyuram. İndi mən başqa ziyandan danışacam.

Gələn il minlərcə turist ölkəyə gələcək. Əvvəl ölkə barədə reklamlara baxacaqlar, görəcəklər ki, normal dünyəvi ölkədir, Avropa Şurasının üzvüdür, tolerantlığı barədə əfsanələr gəzir və s. May ayı, qanın qaynayan vaxtı, ürəkləri istəyən paltarları geyinib tökülüşəcəklər şəhərin canına. Və bizim yanıq gənclər – “milli-mənəvi dəyərlər” təbliğatının qurbanları. Əksəriyyəti də dil bilmir, başlayacaqlar öz dillərində xaricilərə söz atmağa, barmaq eləməyə və daha nələr, nələr etməyə.

Eurovision mahnı yarışması bildiyimiz kimi həm də Avropada gay-parad kimi tanınır. Təsəvvür edin, Avropanın nə qədər homoseksualı bir yerə yığışsın. Öz ölkələrində özlərinə qarşı yüksək tolerantlıq görən, internetdə də bizim tolerant olduğumuzu oxuyan bir sürü homoseksual – gay, bi, lezbi, trans-mrans... Bayaq xatırlatdığım kimi may ayı, hamının qanının qaynayan vaxtı... hamısının da orası burası açıq. Vay, vay, vay! Görün burada nə mərəkə baş verəcək. Ümummilli qəhrəman Koroğlunun təbirincə desək baş bir yanda...göz bir yanda. Əlqərəz, turistlərin yanında abrımız gedər. Turistin də yanında abrın getdisə, heç nə. Bütün dünyada abırsız olacağıq. Təsəvvür belə etmək istəmirəm.

İndi bizim qarşımızda duran başlıca vəzifələrdən biri xalqı bu şoka hazırlamaqdır. Nə qədər ki, vaxt var, həqiqi tolerantlığı, müasir dəyərləri təbliğ etməliyik. Başa salmalıyıq ki, müxtəlif mentalitetlər, mədəniyyətlər yoxdur, bir bəşəri mədəniyyət nərdivanı və onun müxtəlif pillələrinə çıxa bilmiş cəmiyyətlər var. Məşhur reklamda deyildiyi kimi, dəyişməli, inkişaf etməliyik. Bizim kimi olmayanları bəyənmiriksə bu – onları anlamadığımızdan irəli gəlir. Çünki insan daha çox anlamadığı ilə düşmən olur. Başa düşürəm, çətindi. Amma eləmək olar. Xalq – plastilin kimi bir şeydir, ondan nə desən düzəldə bilərik.

Uğurlar!

Yazı "Reytinq" qəzetinin 22 May 2011 tarixli sayında dərc olunub.

Hiç yorum yok:

Yorum Gönder