23.02.2012

Rekursiya





Tanıdığım bir adam var. Bir dəfə təsadüfən internetdəki hansısa xəbər saytından "Toyuq əvvəl yaranıb, yoxsa yumurta sualının cavabı tapıldı" başlıqlı xəbər oxuyur. Bu xəbər ona o qədər təsir edir ki, hər gün internetdəki müxtəlif axtarış sistemlərində "Toyuq əvvəl yaranıb, yoxsa yumurta?" cümləsini axtarır. Müxtəlif forumlarda iştirak etmək üçün foruma üzv olaraq, sosial şəbəkələrdə iştirak etmək üçün isə müzakirəni başlayan adama dostluq istəyi göndərərək bu mövzuda müzakirələrə qoşulur, amma bunu sadəcə xəbərin başlığını yazaraq, altda da linki qoyaraq edirdi:

 "Toyuq əvvəl yaranıb, yoxsa yumurta sualının cavabı tapıldı"
http://www...


Bu işi daha tez görmək üçün həmin səhifəni o brouzerinin favoritlərinə əlavə etmişdi. Hər dəfə tez-bazar o başlığı və linki kopyalayır və bunu ya şərh, ya da post kimi xalqa çatdırırdı.

Bu işi görmək artıq onun gündəlik rejiminə daxil olmuşdu. O, daha çox insana bu sualın cavabının tapılması xəbərini vermək istəyirdi.


Günlərin bir günü o, yenə hansısa saytda bu sualın qoyulduğuna rastladı. Tez linki və başlığı kopyalamaq üçün favoritlər bölməsindəki linkə basanda ekranda bu saytın artıq mövcud olmadığı barədə xəbər və üzrxahlıq yazıldığını gördü. Babat pərt olmuşdu. Doğrusu özü də dəqiq xatırlamırdı ki, o xəbərdə hansının daha əvvəl yarandığı və bunun necə bilindiyi sübut olunub.

Bir istəyib ki, təzədən başqa bir mənbə tapsın; çünki hər dəfə o cümləni axtaranda bu sualın cavabini bilmək istəyən camiələrin toplaşdığı saytlarla yanaşı bu cavabın tapıldığını yazan başqa saytlarla da rastlaşırdı. (Əslində o saytlarda da müxtəlif variantlar olurdu; biri toyuğun, o birsi isə yumurtanın daha əvvəl yarandığını sübut edən faktlar ortaya qoyurdu.) Amma sonra vaz keçib.

Nəsə, uzun sözün qısası, adamın bu məsələyə həvəsi tam ölüb. Başa düşüb ki, bu sualın cavabı barədə informasiya onun həyatını bəlkə də bir müddət kifayət qədər maraqlı edib, amma artıq bu maraq onu buraxıb. Məsələ maraqsızlaşdığı üçün artıq axtarış sistemlərinə sualı vermək adətini də tərgidib.

Amma bu yaxınlarda eşitdim ki, onu yenidən axtarış sistemlərindən birində görüblər.

Kollajın mənbələri 12.

Hiç yorum yok:

Yorum Gönder