18.11.2011

"Ümummilli Lider Qanunu" barədə












Milli Məclisə yeni qanun layihəsi çıxarmaq istəyirlər. Deyilənlərə görə layihə "Ümummilli lider barədə qanun" adlanmalıdır. Yəqin ki, artıq sizə hər şey bəllidir. Qanunu təqdim edənlər bu məsələnin ictimaiyyət tərəfindən müzakirə olunmasını istəyiblər. Bunu nəzərə alaraq bir vətəndaş kimi münasibətimi bildirmək istəyir, başqalarının da bu müzakirəyə qoşulmasını arzu edirəm.

XXI əsrdə bu cür iş görmək - yəni şəxsiyyətə pərəstişi rəsmiləşdirmək çox gecikmiş addımdır. Şəxsiyyətə pərəstiş XX əsrin 1-ci yarısı gündəmdə olub. Totalitar hakimiyyətlər (SSRİ, Nasist Almaniyası, İtaliya, Türkiyə və s.) üçün kütlələri bu cür idarə etmək daha asan idi. Xalqın gələcək rifahını liderin ətrafında sıx birləşməkdə görürdülər.

Məncə indi bu məsələ ən azından dəbdən düşüb. Bir ətrafımıza baxaq, şəxsiyyətə pərəstiş deyəndə hansı ölkələr yada düşür? Türkmənistan, Şimali Koreya, Özbəkistan, ərəblər-filan... :)

Bir vətəndaş kimi istəməzdim ki, yaşadığım ölkədə kiminsə adı ilə bağlı qanun qəbul olunsun. Çünki fikrimcə istənilən şəxsin fəaliyyəti hətta dünyasını dəyişdikdən sonra belə, araşdırıla, təftiş və tənqid oluna bilər.

Bizim əsrdə hansısa cəmiyyətdə bir insanın bütləşməsi o cəmiyyətin təbii inkişafın qarşısını kəsə bilər. Çünki büt - maksimum kimi təqdim olunan bir anlayışdır. Yəni bundan yuxarı heç kim çıxa bilməz, HEÇ CƏHD DƏ ELƏMƏSİNLƏR.

Heydər Əliyevin konkret statusu var - 3. prezident. Məncə tərəfli, tərəfsiz bütün mətbuatda bu cür təqdim olunsa daha doğru olar.

Bizim hakimiyyət, miqyasından asılı olmayaraq görülən bütün müsbət işləri dövlət başçılarının adı ilə bağlayır. Bu isə kökündən yanlışdır. Əgər bir adam dövlətin başında durubsa, o, zatən xalqına xidmət etməlidir. Və bu görülən işləri heç bir məmur, heç bir jurnalist xalqa minnət qoyaraq təqdim etməməlidir. Əgər hakimiyyət indi görülən müsbət işlərin hamısını dövlət başçılarının əməyi ilə əlaqələndirirsə, sabah dövran dəyişdiyi zaman buraxılan səhvlərdə də onların günahlandırılacağını anlamalıdır.

Uzun sözün qısası, mən bir vətəndaş kimi Milli Məclisdə belə bir qanunun nəinki qəbuluna, hətta müzakirəsinə də qarşıyam.

Hiç yorum yok:

Yorum Gönder