22.01.2011

Azərbaycan necə olmalıdır?



Deyəsən biz "azərbaycanlı necə olmalıdır?" sualının cavabına çox vaxt itirdik. Çox baş sındırdıq... Müxtəlif insanlar müxtəlif təkliflər irəli sürdülər - birimiz dedik "kitab oxusun", o birimiz dedik "yerə tüpürməsin, zibil atmasın", bir başqamız geyiminə lağ etdik, digərimiz toyda oynamasına və s..

İnsan isə hər yerdə insandır - canlıların primatlar dəstəsinin hominidlər ailəsindən bir növ...

Amma yenə gec deyil, gəlin barı bundan sonra "azərbaycanlı necə olmalıdır?" sualı əvəzinə "Azərbaycan necə olmalıdır?" sualı barədə düşünək. Çünki cəmiyyətin xarakterini sistem müəyyən edir, təklif və təqdim olunan sistem necədirsə, insanlar da ona uyğunlaşır.

Beləliklə, Azərbaycan necə olmalıdır?

11.01.2011

Vacib məqsəd!











ANTV-nin Youtube-da yayımladığı "Qadın və internet" sorğusunu izlərkən bir vətəndaşımızın fikirləri diqqətimi çəkdi: yaşlı bir şəxs bizim qarşımıza çox vacib bir məqsəd qoyur: "Elə etməliyik ki, Avropa bizə sayaq gəlsin, biz Avropaya sayaq getməyək."


Bu fikirləri təkcə bu şəxsdən deyil, bizim bir çox ziyalılarımızdan, müğənnilərimizdən eşitdiyim üçün neçə gündür bu vacib məsələni düşünürəm.

Ümumiyyətlə, bu adam doğrumu deyir? Biz avropalılara deyil, onlarmı bizə oxşamalıdır? Bir az da dərinə gedək; bu adam bu fikirlərə necə gəlib çatıb? Haradan eşidib ki, Avropaya oxşamaq yox, onları özümüzə oxşatmaq lazımdır?

Nəsə... heç bir fikir beynimə batmır: bəlkə siz deyəsiniz, necə edək ki, Avropanı bizə oxşadaq, özümüz onlara oxşamayaq? Bu kişinin də canı dincəlsin, ziyalılarımızın-müğənnilərimizin də, əlqərəz hamı rahat olsun...

2.01.2011

Əli Əkbərin "Amneziya" romanından seçilmiş cümlələr



Bütün dünyada Paolo Coelho mənasız adamların, qlamur vurğunlarının, psevdointellektual və latent pederastların kumiridir.
***
Metro qarşısında limon satan qaraçıların intellekti nə qədərdisə, bu rusdillilərin də intellekti o qədərdir.
***
İctimai fiqurlar haqqında danışmaq qeybət sayılmır.
***
Oturmaq - bizim leksikonumuzda kafelərdən birinə doluşub kabab yemək, araq içməkdir.
***
Hər xalq öz hakimiyyətinə layiqdir - amma bir şərtlə; əgər həmin hakimiyyəti özü seçib, iş başına gətiribsə.
***
"Xalq demokratiyaya, insan haqlarına, azadlıqlarına hazır deyil" demək çox böyük əxlaqsızlıqdır.
***
Dünyadakı heç bir xalqın qanında rüşvət, yaltaqlıq, qorxaqlıq yoxdur. Qanın tərkibində zülal var, hormon var, eritrosit var...
***
Hakimiyyətdə təmsil olunan bircə nəfər intellektual göstərin mənə. Yoxdur! Ətrafınızdakıların hamısı yaltaq, oğrudur.
***
Axı siz müsəlmanların ümumiyyətlə polemika mədəniyyəti yoxdur. Sizin bütün əks-arqumentləriniz "sən o ayəni, hədisi, alimin sözünü düz başa düşmürsən"dən ibarətdi.

26.12.2010

Ümumi iş - Fotokitab



Bir neçə fotojurnalist Azərbaycanda ilk dəfə olaraq seçkiləri fotolarla təsvir edən fotokitab hazırlayıb. Bu fotokitabda ortaya qoyulan problem texniki və məzmun baxımından professional fotolarla təsvir olunduğu üçün bu layihə fotojurnalistlər üçün də xüsusi maraqla qarşılanacaq. Fotokitabda vətəndaş jurnalistikasından da istifadə edilib.

2010-cu il Parlament seçkilərini özündə təsvir edən bu fotokitab 26 X 21 sm formatda, 112 səhifədə nəşr olunacaq. Bu kitabın nəşri üçün artıq vaxtından əvvəl anonim çap evi ilə razılıq əldə edilib. Kitab ideya və dizayn baxımından “World Press Photo” illik məcmuəsindən təsirlənir.

Fotokitab pulsuz yayım üçün nəzərdə tutulur.

Fotokitabın təqdimatı Norveç İnsan Haqları Evində və ya Azərbaycan Media Mərkəzində təşkil olunacaq. Kitabın təqdimatı ilə yanaşı görülən işlərdən 5-6 dəqiqəlik səsli fotosessiya göstəriləcək və həmçinin bu fotolardan ibarət sərgi açılacaq. Bu təqdimat zamanı həmçinin şəffaflıq naminə əldə etdiyimiz maddi vəsaitin iştirakçılar qarşısında hesabatı veriləcək.

İndi bir çətinlik var:

22.12.2010

Çadra problemi və onun görünməyən səbəbləri












Son zamanların ən aktual mövzusu çadra məsələsi oldu. Ölkənin müxtəlif yerindəki etirazlar cəmiyyət üçün gözlənilməz idi. İlk baxışdan bu hakimiyyətin növbəti oyunu kimi qarşılana bilər. (Wikileaks məsələsinə görə qərbə "görürsünüzmü, biz olmasaq bunlar gələ bilər" mesajı.)

Hadisələr çox güman ki, çoxdan bəri ölkənin ən strateji postunu tutmuş Misir Mərdanov`un qurban verilməsi və dindarlara cüzi güzəştlər edilməsi ilə sonuclanacaq və məsələ "həllini tapacaq".

Amma bütün hallarda, bu insanlar artıq küçələrə çıxırlar və çıxmaqdadırlar. Bu olanlar günün birində kontroldan çıxa və ölkədə qurulacaq teokratik rejimə doğru gedə bilər.

Beləliklə, görünən səbəb çadradır, bəs görünməyən nədir?

11.12.2010

Turgut Er`in "Azadlıktan Tiranlığa" kitabı barədə


Turgut Er`in "Azadlıktan Tiranlığa" kitabını bitirdim. Əslində bizim kimi balaca ölkə barədə hər nə yazılsa cəmiyyətimizdə rezonans doğura bilər. Bu kitab da o cümlədən; hakim partiyanı dilxor edib, müxalif qüvvələrdə isə eyforiyaya səbəb olub.

Kitabda Azərbaycan tarixinin kifayət qədər önəmli sayıla biləcək dövrünə (1994-2000) işıq tutulmağa cəhd edilib.

Könül istərdi ki, bu dövr barədə daha professionalca yazılmış bir kitab oxusun. Çünki T.Er`in kitabında elmilikdən əsər-əlamət yoxdur. Əslində müəllifin niyyətinin müsbət olduğu hiss olunur. Amma həm də o hiss olunur ki, kitab soyuqqanlılıqla deyil, emosiya ilə, saflıq və sadəlövhlüklə yazılıb. Kitab boyu azərbaycanlılara sevgi, rəğbət leytmotiv kimi keçir. Amma kitabın konkret xalqa (xüsusən də onun etnik mənsubiyyətinə görə) rəğbət və sevgi ilə yazılmasının özü MÜƏLLİF BİTƏRƏFLİYİnə kölgə salır. Paradoksal haldır ki, bunlarla yanaşı kitabda Azərbaycan cəmiyyətinə münasibət baxımından kifayət qədər ciddi səhvlər buraxılıb. Hətta bəzən müəllifin 7 il Azərbaycanda yaşamasına insan inana bilmir. Əlbəttə kitabın ilk cümləsi olan "Ben bir tarihçi değilim"ə görə müəllifi qınamamaq da olardı. Lakin kitabda o qədər qeyri-dəqiqliyə, hətta məsuliyyətsizliyə yol verilib ki, bütün bunları yazmaya bilmədim. Sadaladığım nöqsanlar həm də ona görə təəssüfləndiricidir ki, müəllifə qarşı olan inamsızlıq onun kitabda təqdim etdiyi bəlkə də (ya da bəlkəsiz) dəyərli və doğru informasiyalarına da kölgə salır.

Əvvəla, ondan başlayaq ki, müəllifin tənqid konteksti çox primitivdir - o, bütün məsələlərə "Türkçülük" kontekstindən baxır, insanları türkçü olmamaqda qınayır, ya da əksinə türkçü olduqlarına görə tərifləyir. Halbuki Azərbaycanın bu gün ən az ehtiyac duyduğu ideologiyalardan biri də elə türkçülükdür. İndi kitabda altını cızdığım hissələri təqdim edirəm:

9.12.2010

Səmimilik...


Bəzən bir-birimizi tam səmimi olmamaqda qınayırıq.

Amma sizə elə gəlmir ki, mütləq səmimiyyət heyvanlara xasdır?

İnsan nə qədər özünün ilkinliyindən, primitivliyindən, statik canlılığından uzaqlaşır, inkişaf edirsə, eyni zamanda da mürəkkəbləşir və o qədər də başqalarının (əsasən də daha primitiv düşüncəlilərin) nəzərində onun qeyri-səmimi görünmə olasılığı çoxalır...

Geridə qalmış cəmiyyətlərin üzvləri də inkişaf etmiş cəmiyyət üzvlərini elə görürlər. Amma başa düşmürlər ki, qarşılarındakı cəmiyyət uzun yol keçərək, təcrübə vasitəsilə yeni vərdişlər əldə edib, ümumi əcdadımızdan daha çox uzaqlaşıb...

Amma "yalan" və "qeyri-səmimilik" anlayışlarını da qarışdırmayaq...


Fotonun mənbəsi.

21.11.2010

Mentalitet 2010





















Bu fotoya diqqətlə baxın. Çox yox, təxminən 100 il əvvəlin azərbaycanlılarıdır. Şübhəsiz, onların da özlərinəməxsus "mentalitet", "namus", "qeyrət" anlayışları olub.

Məsələn, indi bizə çox adi gələn məsələlər, tutaq ki, qadınların kişilərlə bir yerdə işləməsi, yaxud başı açıq gəzməsi onlar üçün dəhşətli bir hadisə ola bilərdi.

Fotodakı kişilər heç vaxt razılaşmazdılar ki, xanımları evdən başı açıq, tək-tənha çıxıb işə getsin, hansısa binada yad kişilərin yanında işləsin (hələ mən ictimai nəqliyyatda yan-yana oturub getməyi demirəm) - heç şübhəsiz bunu biqeyrətlik sayardılar, deyərdilər ki, bu kafirlərin, avropalıların adətidir, bizə yaramaz...

...100 il keçdi, indi biz onların düşüncələrini geriçilik, cahillik sayırıq...


* * *

...Amma indinin özündə də biz öz müasirimiz olan, fəqət bizdən irəlidə olan cəmiyyətlərdəki həyat tərzinə, məişətinə qəribə baxırıq, bəyənmirik, hətta bəzən bunu əxlaqsızlıq sayıb, deyirik ki, onlara oxşamayaq, öz adət-ənənəmizi saxlayaq və s...

Beləliklə, inkişaf etmiş cəmiyyətlərə münasibət baxımından bu fotodakı adamlardan bir fərqimiz olmur...

Bu fotodakı adamlar bir əsr əvvəl öz mentalitetlərini bəyənib, müasirləri olan tutaq ki, firəngistanlılardan narazı idi, biz də bu gün öz mentalitetimizi bəyənib öz müasirlərimiz olan fransızlardan narazıyıq...

Amma eyni zamanda bu fotodakı adamların da düşüncəsinə cahillik deyə bilirik...

Yəqin bizdən 100 il, hətta 20-30 il sonrakı nəsillər də cəmiyyətimizdə bu gün yaşamını sürdürən qadağalara güləcək, bunları geriçilik, cahillik sayacaq...

Mentalitet dediyin də elə bu zatən. Zaman-zaman dəyişir, elə dəyişməlidir də. Əgər prinsip kimi "hər şey olduğu kimi qalmalıdır" desək, o zaman gərək bütün bəşəriyyət mağaralara dönsün, çünki hər şey oradan başlayıb.

Fotonu əldə etdiyim ünvan.

8.11.2010

Meydan




(Ü. Hacıbəyova və bu günlərdə qapadılmış "Alma qəzeti"nə sayğılarla)


   Dünyada istedadsız insan yoxdur. Zatən bir insanın istedadsız olması, onu digərlərindən fərqləndirərdi və bu özü də ali təbiət qanunlarına zidd olardı. Təbiətdə isə hər şey yüksək qanunauyğunluqlarla idarə olunduğundan bu mümkün deyil.
   Bəs onda insanlar bərabərdirsə, niyə müxtəlif toplumların yaşayış səviyyəsi arasında fərqlər mövcuddur? Niyə bir toplumda insanlar insan kimi, digərində isə it kimi yaşayırlar? "İnsan" və "it" ifadələri də şərtidir və mən əsla itlərin haqqını yemək istəmirəm. Sadəcə, mənsub olduğum xalq bəşəriyyəti yaşayış səviyyəsinə görə bu iki əsas kateqoriyaya bölüb. Mən də elə bu xalq üçün yazdığımdan çalışıram ki, maksimum anlaşıqlı olsun. Yoxsa insan kimi yaşayanların itlərinin də çox gözəl və öz sahiblərinin yaşayışına uyğun şəkildə yaşadığını çoxumuz bilirik.
   Tam səmimiyyətimlə deyim ki, özümüzü "it kimi yaşayanlar" kateqoriyasına aid edirəm. Əvvəla, bu ölkədə heç kimin malı və canı güvənlikdə deyil. Hər birimizi çox asanlıqla, ən ağlagəlməz səbəblə tutub pul tələb edə bilərlər, verməsək, dama basarlar və hər şeyimizi də əlimizdən alarlar. Çünki bu ölkədə qanunlar sistemi işləmir, işləyirsə də pis işləyir. İkincisi, bu ölkədə nəyin yaxşı, nəyin isə pis olmasını cəmi bir neçə nəfər adam müəyyən edir. Orta statistik vətəndaşın da əsas informasiya alma vasitəsi televiziya olduğundan onlar da bu hipnozun qurbanı olurlar. Üçüncüsü, təhsilimiz bərbaddır - müəllimlər gələcəyimizi məhv edirlər, dördüncüsü, səhiyyəmiz - həkimlərimiz cəllad kimi. Əlqərəz, biz bir toplum olaraq it kimi yaşayırıq!
   Əgər insan kimi yaşayanlar da, biz də insan adlandırılırıqsa, bərabəriksə, hamı kimi hansısa sahədə istedadlıyıqsa, o zaman bizə insan kimi yaşamağa nə mane olur?

15.10.2010

Bilirsinizmi... Yəni...




Əgər diqqət etmisinizsə bizim TV-lərdə, radioda, ya da qəzetlərdə çıxış edən qonaqlar danışıq zamanı yeri gəldi-gəlmədi "bilirsinizmi", "yəni", "başa düşürsünüzmü" ifadələrini işlədirlər. Bunun səbəbi nədir əcəba? Məncə təhtəlşüuri özündənmüştəbehlik, qeyri-təvazökarlıq. Belə ki, "bilirsinizmi" ifadəsini işlədən şəxslər qarşısındakına "sən bilmirsən, dayan indi sənə başa salacam" mesajı verir.

Ya da cümlələrini bir-birləri ilə "yəni"lərlə bağlayanlar "bundan qabaqkı çox mənalı cümləmi anlamadığını bilirəm, indi bunu təfsir edəcəm" demək istəyir.

Yaxud, "başa düşürsünüzmü"... Bunu deyən adamın özündənmüştəbehliyinin dərəcəsi barədə siz artıq özünüz qərar verin.

Əlbəttə, bunları natiqlik qüsuru kimi də qiymətləndirmək olar. Amma bütün hallarda, ifadələr özləri onu işlədənlərin şüuraltısından xəbər vermirmi?

P.S. Türkiyəlilər adətən bu ifadələri təvazökarlıqla belə işlədirlər - "bildiyiniz gibi", "anlata bildimmi" və s.